Helena Şoy-Riz (; ) — Avstriyalı feminist, pasifist, uşaq yazıçısı və naşir. Avstriya qadın hərəkatını dəstəkləməklə yanaşı, 1900-cü ilin noyabrında Yella Hertska və digər üç nəfərlə birlikdə Vyana Qadın Klubunun (Erster Wiener Frauenklub) əsasını qoyub. Daha sonra Sülh və Azadlıq naminə Beynəlxalq Qadınlar Liqasında (WILPF) aktiv fəaliyyət göstərib, təşkilatın 1919-cu il Sürix, 1921-ci il Vyana və 1924-cü il Vaşinqton beynəlxalq konqreslərində Avstriyanı təmsil edib. Helena Şoyu-Riz uşaq ədəbiyyatına xüsusi maraq göstərib, kitablar yazıb, tərcümələr edib və 1923-cü ildə "Sesam-Verlag" nəşriyyatını təsisçisi olub. Həyat yoldaşı, Avstriyalı ziyalı və sosial-demokrat siyasətçi Qustav Şoy vəfat etdikdən sonra, özü də yəhudi mənşəli olduğu üçün 1937-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb. Orada ucqar Okrakok adasında "Island Press" nəşriyyatını yaradıb. Beynəlmiləlçiliyi və sülhü təşviq etmək vasitəsi kimi dünya ədəbiyyatını yaymaq məqsədilə, 1949-cu ildə Nyu-Yorkda "Open Sesame Inc." xeyriyyə cəmiyyətini təsis edib. 1954-cü ildə Vyananın Hitsinq (Hietzing) rayonundakı evinə qayıdıb və ömrünün qalan hissəsini orada yaşayıb. Həyatı Helena Şoy-Riz 18 sentyabr 1880-ci ildə Avstriya-Macarıstanın Moraviya bölgəsindəki Olomouts şəhərində (hazırda Çexiya) anadan olub. O, Suzanna (qızlıq soyadı Beer) və yəhudi şərab taciri Adolf Rizin yeganə övladı idi. O, körpə olarkən ailəsi Vyananın şimalındakı Klosternoyburqda məskunlaşıb. Helena qızların universitetə qəbulu üçün tələbə olunan yetkinlik imtahanını (matura) vermələrinə şərait yaratmaq məqsədilə təsis edilmiş "Genişləndirilmiş Qadın Təhsili Birliyi"nin özəl qızlar gimnaziyasında təhsil aldı. Vyana Universitetində hüquq kursları keçsə də, oradan məzun olmadı. On səkkiz yaşı olanda İngiltərəyə səyahət etdi və orada ədəbiyyat öyrəndi. O, uşaq ədəbiyyatını hətta ən yoxsul ailələrin belə ala biləcəyi ucuz formatda dərc edən "qəpiklik kitabçalar"dan (penny booklets) heyran qaldı. Həmçinin şəhər yoxsulları və mühacir sakinlər üçün mənzil, iş tapmaqda köməklik, dil kursları və tibbi yardım göstərməyə yönəlmiş "məskunlaşma hərəkatı" (settlement movement) ilə də maraqlanmağa başladı.

Avstriyaya qayıtdıqdan sonra Riz qadın hərəkatında fəallaşdı, qadın hüquqlarını dəstəkləyən məqalələr dərc etdi və uşaqlar üçün imkanların yaradılmasına xüsusi maraq göstərdi. Hələ 1900-cü ildə o, Yella Hertska, Marqaret Jodl, Mari Lanq və Dora fon Stokert-Meynert ilə birlikdə Vyana Qadın Klubunu (Erster Wiener Frauenklub) təsis etdi. 1904-cü ildə yəhudi inancından çıxdı və vəkil Qustav Şoy (1875–1935) ilə ailə qurdu. Bu evlilikdən onların iki övladı oldu, Fridrix (1905) və Elizabet (1912). O, Dini Dostlar Cəmiyyətinə qoşularaq Avstriyanın ilk Kvakerlərindən (Quakers) biri oldu. Şoy-Riz və həyat yoldaşı, yerli və beynəlxalq məşhurları dəvət etdikləri salonları sayəsində Vyana cəmiyyətində mərkəzi mövqe qazandılar. Onların qonaqları arasında bəstəkarlar Alban Berq, Anton Vebern və Arnold Şönberq, rəssam Oskar Kokoşka, aktrisalar Elizabet Noyman-Firtel və Helen Vigel, Hitsinqdəki evini layihələndirən memar Adolf Loos və təhsil islahatçısı Evgeniya Şvartsvald var idi. Fəaliyyəti İctimai fəal kimi

İngiltərədə populyarlaşan ucuz, lakin cəlbedici uşaq hekayələri kitabçalarından ilhamlanan Şoy-Riz, 1905-ci ildə Ejeni Hotman və digər bir fəal ilə birlikdə Avstriyada bənzər kiçik kitabların alman dilində və münasib qiymətə nəşrini təşkil etmək üçün komitə yaratdı. Gözəl illüstrasiyalarla bəzədilmiş bu kolleksiya, mağazalarda Milad bayramı ərəfəsində hədsiz baha qiymətə satılan keyfiyyətsiz nəşrlərdən qat-qat ucuz başa gələn alman nağılları və uşaq hekayələrinə fokuslanmışdı. Hekayələrin əksəriyyəti qadınlar tərəfindən cəlbedici yeni başlıqlarla yenidən yazılmışdı. Ailələrə oyuncaqlar əvəzinə və ya onlarla birlikdə uşaqlar üçün bu kitabları almaq təklif olunurdu. Həmçinin abunəlik sistemi də mövcud idi ki, bu da komitəyə uşaq xəstəxanaları və humanitar birliklər üçün böyük tirajla kitablar çap etməyə imkan verirdi. Şoy-Riz kitabları xalqlar arasında daha yaxşı anlaşma yaratmaq və beynəlxalq münasibətləri yaxşılaşdırmaq vasitəsi kimi görürdü. İllər boyu tez-tez İngiltərəyə səyahət edərək müxtəlif ölkələrin uşaq hekayələrini topladı və 300-dən çox cilddən ibarət, fransız hekayələrini də özündə birləşdirən bir kolleksiya hazırladı. Dostu Ejeni Şvartsvaldın təsiri ilə Şoy-Riz təhsil islahatlarında da fəallaşdı. Yeniyetməlik illərində Londona etdiyi səfərdən bəri o, uşaqlar və gənclər üçün ucuz, lakin yüksək keyfiyyətli ədəbiyyat istehsal etməkdə maraqlı olan bir nəşriyyat tapmağa çalışırdı. Nəhayət, 1923-cü ildə öz nəşriyyatını – "Sesam-Verlag"ı təsis edərək bu planlarını reallaşdıra bildi. Nəşriyyatın adı "Əli Baba və qırx quldur" nağılındakı (biliyə gedən) qapını sehirli şəkildə açan "açıl, küncüt" (open sesame) ifadəsi ilə bağlı idi və onun xeyriyyəçilik missiyası mənfəət qazanmaqdan daha üstün idi. O dövrdə uşaq ədəbiyyatı sahəsində iki aparıcı nəşriyyat "Gerlachs Jugendbücherei" və "Konegens Kinderbücher" idi. Şoy-Riz "Konegen"in bazar payını ələ keçirməyi bacardı.

Şoy-Riz qadınların seçki hüququ uğrunda kampaniyalar aparmış və beynəlxalq məskunlaşma hərəkatında (settlement movement) çalışıb. O, 1913-cü ilin oktyabrında "Zeitschrift für Frauen-Stimmrecht" jurnalında hər iki məsələyə dair məqalələr dərc etdirib. O, qadınları vətəndaşlıq hüquqları uğrunda mübarizə aparmaq üçün Avstriya Seçki Hüququ Komitəsinə qoşulmağa çağırıb. Haaqada keçirilən 10-cu Beynəlxalq Mənzil Konqresində iştirak etdikdən sonra qadınları mənzil islahatlarına cəlb olunmağa təşviq edib. Niderlandda o, mənzil qanunvericiliyinin təkmilləşdirilməsinə diqqət yetirən və sosial-bədii proqramlar vasitəsilə mənzil sakinlərinin həyat səviyyəsini yüksəltmək üçün qadın və qızları fəal şəkildə iştiraka səsləyən bir qadın mənzil müfəttişi ilə tanış olduğunu bildirib. Şoy-Riz mənzil təşəbbüsləri ilə təhsili yeni ideyaların kəsişmə nöqtəsi kimi əlaqələndirirdi və Birinci Dünya müharibəsindən sonra 50.000 nəfər üçün ev inşa edən hökumət mənzil proqramında iştirak edib. O, həmçinin səlahiyyətli orqanlardan məktəblərdəki millətçi tədris proqramlarını ləğv etməyi və daha praktik təhsilə fokuslanmağı tələb edib. Məktəblərdə istifadə olunan materialları yeniləməklə yanaşı, o, müəllim heyətinin və tədris metodlarının müasirləşdirilməsi, peşəkarlaşdırılması və müharibədən əvvəl tətbiq olunan hərbi modeldən uzaqlaşdırılması barədə məqalələr yazıb.

Sülh haqqında bir neçə şeir yazdıqdan sonra Şoy-Riz 1915-ci ildə Haaqada keçirilən Qadınlar Konqresinə dəvət edildi. Bu konqres sonradan Sülh və Azadlıq naminə Beynəlxalq Qadınlar Liqası (WILPF) kimi tanınacaq Daimi Sülh üçün Qadınlar Komitəsinin qurulması ilə nəticələndi. O, təşkilatın 1919-cu il Sürix, 1921-ci il Vyana və 1924-cü il Vaşinqton beynəlxalq konqreslərində Avstriyanı təmsil etdi. Rəsmi nümayəndə olmasa da, 1921-ci ilin iyulunda Vyanada keçirilən Beynəlxalq Qadınlar Konqresində də iştirak etdi. 1931-ci ildə Şoy-Riz WILPF-in Avstriya bölməsinin vitse-prezidenti oldu. Amerika Birləşmiş Ştatlarına köçdükdən sonra o, Şimali Karolina bölməsi vasitəsilə qadın qruplarına mühazirələr oxuyaraq WILPF ilə əməkdaşlığını davam etdirdi.

Yazıçı kimi

Şoy-Riz gənc yaşlarından jurnalist kimi fəaliyyətə başlayıb. 1910-cu ildə o, "Konegens Kinderbücher" (Konegen Uşaq Kitabları) nəşriyyatında redaktor oldu. Orada işləyərkən uşaqlar üçün dünya ədəbiyyatı kitabları seriyasını həyata keçirdi. Başlanğıcda nəşrlər ildə iki dəfə çıxırdı, lakin Birinci Dünya müharibəsi zamanı çap işləri nizamsız xarakter aldı. Onun çoxsaylı tərcümələri arasında Elizabet Barret Brauninqin şeirləri, həmçinin Çin, Estoniya, Böyük Britaniya, Yaponiya, İspaniya, İsveç və ABŞ daxil olmaqla bir çox ölkənin uşaq hekayələri və nağılları var idi. Uşaqlar üçün yazdığı 200-dən çox əsəri arasında "Yaponiya xalq nağılları" (1912), "Odisseyin macəraları" (1919), "Nordik saqaları" (1920), "İblis və onun şagirdi və digər Serbiya xalq nağılları" (1922), "Bolqarıstan xalq nağılları" (1922) və "Çin xalq nağılları" (1923), həmçinin "Alisa möcüzələr ölkəsində", "Kenterberi hekayələri", "Don Kixot", "Qulliverin səyahəti" və "Zəvvarın tərəqqisi" əsərlərinin tərcümələri yer alırdı. O, 1920-ci illərdə bir neçə müasir ingilis pyesini alman dilinə tərcümə etmişdir. Onun ingilis dilindəki ilk romanı olan "Qretxen Amerikanı kəşf edir" (1934) müharibələrarası dövrdə ABŞ-a gələn və orada sevgisini tapan alman qızı haqqında bir sevgi hekayəsi idi.

Onun ən nüfuzlu tərcümələri arasında Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" əsərinin versiyası var idi. 1912-ci ildə nəşr olunan bu kitab əsərin alman dilinə ikinci tərcüməsi idi və 1960-cı illərə qədər əsas tərcümə versiyası olaraq qaldı. Onun versiyasının çoxsaylı təkrar nəşrlərinə baxmayaraq, "şüurlu ədəbi cəfəngiyat" (literary nonsense) janrı Almaniyada demək olar ki, tanınmırdı və kitabın uşaqlar üçün uyğun olub-olmaması ilə bağlı tənqidlərlə üzləşirdi. Kitabı alman oxucuları üçün daha cəlbedici etmək məqsədilə 1960-cı illərə qədər edilən tərcümələrdə əsəri daha tanış olan "nağıl" janrına yaxınlaşdırmağa çalışırdılar. 1923-cü ildə o, əsərin davamı olan "Alisa güzgü arxasında" (Through the Looking-Glass) kitabının ilk tərcüməsini hazırladı. Onun versiyası mətni olduğu kimi çatdırmağa çalışsa da, mənasız (nonsensical) mətni tərcümə etmək çətin idi, çünki "brillig", "chortle" və "slithy" kimi sözlər Kerrollun özü tərəfindən uydurulmuşdu. Onun "Alice im Spiegelland" adlı tərcüməsi 2012-ci ildə "Ulan Press", 2017-ci ildə isə "Verlagshaus Jacoby & Stuart" tərəfindən yenidən nəşr edilib.

Amerika Birləşmiş Ştatlarına köçməsi

Şoy-Rizin sosial-demokrat siyasətçi olan həyat yoldaşı Qustav 1935-ci ildə vəfat etdi. Dul qaldıqdan sonra, Protestant kilsəsinin üzvü olmasına baxmayaraq, o, yəhudi mənşəyinin Avstriyada populyarlıq qazanan nasistlərlə problem yaradacağından narahat idi. 1936-cı ildə mühacirətini təşkil etmək üçün İngiltərə və ABŞ-a səfər etdi. 1937-ci ildə qızının artıq məskunlaşdığı Amerika Birləşmiş Ştatlarına köçmək qərarına gəldi. O, Şimali Karolinanın Atlantik sahili yaxınlığındakı Okrakok adasındakı sənətçilər icmasında tanınmış bir simaya çevrildi. Orada 1941-ci ildən 1954-cü ilə qədər fəaliyyət göstərən "Island Press" nəşriyyatını yaratdı. Həmçinin yaradıcı yazarlıq və radio ssenarisi yazmağı öyrənməkdə maraqlı olan rəssamlar və yazıçılar üçün dərslər və seminarlar təşkil etdi. Şimali Karolina Universitetində magistratura kursları keçdi və kitab nəşr etməyə davam etdi. ABŞ-dakı nəşrləri arasında tarixi şəxsiyyətlərin evlilik təklifi məktublarından ibarət olan "Mənimlə evlənərsən?" (1940) və böyüklərin davranışlarına uşaq baxış bucağından satirik yanaşan "O qəribə böyüklər" (1943) kitabları var idi.

1949-cu ildə Şoy-Riz "United World Books" (Birləşmiş Dünya Kitabları) layihəsini maliyyələşdirmək məqsədilə Nyu-Yorkda "Open Sesame Inc." (Açıl, Küncüt) cəmiyyətini təsis etdi. Klassik ədəbiyyatı aşağı qiymətə yenidən çap etmək və həmin cildləri "United World Books" vasitəsilə yaymaq niyyətində olan bu müəssisəni qurmaq üçün o, müasir müəlliflərdən ianələr topladı, həmçinin onların imzalı və illüstrasiyalı əsərlərinin baha qiymətli, məhdud saylı nəşrlərini satdı. "United World Books" növbəti ildən etibarən kitabların yayılmasına başlaya bildi. ABŞ-da çap olunan ilk kitablar Avstriyadakı tələbələrə ingilis dilini öyrənməyə və amerikalı tələbələrlə məktublaşma (qələm dostluğu) əlaqələri qurmağa kömək etmək məqsədilə paylanmalı idi. 1953-cü ilə qədər o, böyüklər üçün təhsil kursları materialları hazırlamaq məqsədilə UNESCO və Hindistan hökuməti ilə əməkdaşlıq edirdi. Eyni zamanda bura uşaq kitablarını da daxil etməyə ümid bəsləyirdi. Müharibə zamanı mühacirət edən bir çox insandan fərqli olaraq, o, Amerikadakı həyatından məmnun idi.

Ömrünün son illəri, vəfatı və mirası