Kənan Qarayev () — Azərbaycan şahmatçısı və beynəlxalq usta. Məktəblilər arasında Dünya Rapid Çempionatının qalibi, ikiqat Vüqar Həşimov Open turnirinin qalibi.
Həyatı və təhsili Kənan Qarayev 2002-ci il iyunun 5-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 316 nömrəli tam orta məktəbdə almışdır. Daha sonra Azərbaycan İdman Akademiyasında təhsilini davam etdirərək ali təhsil almışdır.
Şahmat karyerası Kənan Qarayev şahmatla 5 yaşından məşğul olmağa başlamış və qısa müddətdə müxtəlif yaş qruplarında uğurlu nəticələr əldə etmişdir. O, 8, 10, 12 və 14 yaşadək oğlanlar arasında Bakı birinciliklərinin qalibi olmuşdur. Bununla yanaşı, 14 və 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində də qalib adını qazanmışdır. 2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilən Məktəblilər arasında Dünya Şahmat Çempionatında rapid növü üzrə qızıl, blits növü üzrə isə bürünc medal əldə etmişdir. 2017-ci ildə FİDE ustası tituluna layiq görülmüş, 2018-ci ildə isə beynəlxalq usta titulunu qazanmışdır. 2022-ci ildə Macarıstanın Budapeşt şəhərində keçirilən "Vezerkepzo Winter GM" turnirində uğurla çıxış edərək yarışın qalibi olmuşdur.
Digər fəaliyyəti Kənan Qarayev 2022-ci ildən etibarən Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq superturnirin şərhçisi kimi fəaliyyət göstərir. O, 2022-ci ildə Bakıda, 2023-cü ildə Şuşada, 2024-cü ildə Qəbələdə və 2025-ci ildə Xankəndidə keçirilən turnirlərdə rəsmi şərhçi kimi çıxış etmişdir.
Nailiyyətləri Məktəblilər arasında Dünya Rapid Çempionatı — 1-ci yer (2014) Məktəblilər arasında Dünya Blits Çempionatı — 3-cü yer (2014) Azərbaycan birinciliyi (14 və 18 yaş qrupları) — qalib "Vezerkepzo Winter GM" turniri — 1-ci yer (2022)
İstinadlar
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları