Artupa kənd məscidi — 1886-cı ildə Astara rayonunun Artupa kəndinndə tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Artupa məscidi hicri qəməri təqvimi ilə 1303-cü ildə (1986-cı il) Artupa kəndində yerli əhali tərəfindən tikilib. Düzbucaqlı formada olan məscid qırmızı kərpicdən tikilib. Taxtadan olan tavanı dörd sütun üzərində dayanıb. Damı isə kirəmitlə örtülüb. Məsciddə eyni anda 150 nəfər ibadət edə bilər. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbələri. Qadınlar şöbəsi ikimərtəbəlidir və əsas zaldan taxta arakəsmə ilə ayrılır. İbadətgahın tağvari formada üç giriş qapısı və altı pəncərəsi var. Pəncərələr şəbəkə ilə işlənib. İbadət evinin minbəri beşpilləlidir və taxtadan hazırlanıb, mehrabı isə kərpicdəndir.

Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Artupa məscidi də bu dövrdə fəaliyyətini dayandırıb. Məscidin binasından anbar kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Astara rayonunun məscidləri