İctimai siyasət — dövlətin və ya digər siyasi institutların cəmiyyətin müxtəlif problemlərinin həllinə yönəlmiş qərarları, fəaliyyətləri və strateji yanaşmalarının məcmusu.O, siyasi qərarların formalaşdırılması, qəbul edilməsi və icrası proseslərini əhatə edir. İctimai siyasət cəmiyyətin maraqlarını nəzərə alaraq sosial, iqtisadi, mədəni və hüquqi sahələrdə dövlətin fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
İctimai siyasət nəzəriyyəsi və praktikası həm siyasi elmlər, həm də ictimai idarəetmənin əsas tədqiqat obyektlərindən biridir.Hoffman-Miller, Patricia. "Public Policy". Salem Press Encyclopedia, 2022
İctimai siyasət, geniş mənada, hökumətin və dövlət qurumlarının ictimai problemlərə qarşı rəsmi yanaşmalarını ifadə edir. Bu siyasət qanunvericilik, dövlət proqramları, idarəetmə mexanizmləri və sosial institutlar vasitəsilə həyata keçirilir.
Bir çox alimlər ictimai siyasəti "dövlətin nə etdiyini və etmədiyini müəyyənləşdirən qərarlar toplusu" kimi izah edirlər.
İctimai siyasəti anlamaq və onunla məşğul olmaq üçün məşhur yanaşmalardan biri "siyasət dövrü" () modelidir. Bu yanaşma ilk dəfə siyasi alim Harold Lassvell tərəfindən 1956-cı ildə çap olunan The Decision Process: Seven Categories of Functional Analysis adlı kitabında müzakirə edilmişdir.
Müəyyən mərhələlərin xarakteristikası dəyişə bilsə də, əsas ardıcıllıq aşağıdakı kimidir:
gündəliyin formalaşdırılması (agenda setting) siyasətin hazırlanması (policy formulation) legitimləşdirmə (legitimation) icra (implementation) qiymətləndirmə (evaluation)
Bu yanaşmaya görə, siyasət prosesi siyasətçilərin müəyyən bir problemi düşünməyə başladığı məqamdan onun icrasına və nəticələrinin qiymətləndirilməsinə qədər bir sıra mərhələlərə bölünür. Qiymətləndirmə mərhələsi siyasətin uğurlu olub-olmamasını müəyyənləşdirməyə və növbəti addımları planlaşdırmağa xidmət edir.
Rəsmi şəxslər və siyasətçilər müxtəlif maraqlı tərəflərin mənafelərini irəli aparmaq məsuliyyəti daşıyırlar. Siyasətin dizaynı məqsədlərin şüurlu və məqsədli şəkildə müəyyənləşdirilməsi, həmçinin onların həyata keçirilməsi üçün vasitələrin xəritələndirilməsini tələb edir.
Siyasət tədqiqatları ilə məşğul olan alimlər və ekspertlər bu prosesdə istifadə edilə biləcək müxtəlif alətlər və yanaşmalar hazırlamışlar. Dövlət fəaliyyətinə hökumətlərin qəbul etdiyi qərarlar, siyasətlər və tədbirlər daxildir. Bu fəaliyyətlər fərdlərə, təşkilatlara və ümumilikdə cəmiyyətə ciddi təsir göstərə bilər. Nizamnamələr, subsidiyalar, vergilər və xərcləmə planları dövlət fəaliyyətinin formalarına misaldır.Bu addımların məqsədi iqtisadi artımı təşviq etmək, bərabərsizliyi azaltmaq və ətraf mühiti qorumaq kimi sosial-iqtisadi hədəflərə nail olmaqdır.
Mübahisələr İctimai siyasət müxtəlif nəzəri məktəblər və ictimai qruplar tərəfindən tez-tez tənqid olunur.
Avstriya iqtisad məktəbi və Çikaqo iqtisad məktəbi nümayəndələri siyasətçiləri "əsas iqtisadi prinsipləri anlamamaqda" tənqid edirlər. Xüsusilə Çikaqo məktəbinin nümayəndəsi Tomas Souell yazır ki, "seçilmiş hökumətlərdə siyasi stimullar populyar olanı etmək üzərində qurulur, hətta nəticələr heç nə etməməkdən və ya daha az populyar addım atmaqdan daha pis olsa belə". Ona görə ki, "iqtisadiyyat torpaq, əmək, kapital və digər resursların bölgüsü ilə bağlı qərarların nəticələrini öyrənir və bu nəticələr ölkənin həyat səviyyəsini müəyyənləşdirir". Bu baxımdan, qiymət tənzimləmələri kimi bəzi ictimai siyasət addımları resursların süni bölgüsünə səbəb olaraq iqtisadiyyatda səmərəsizliyə və cəmiyyətin rifah səviyyəsinin enməsinə gətirib çıxara bilər.
İctimai siyasətdə ən çox müzakirə olunan mövzulardan biri lobbiçilikdir. Böyük korporasiyalar tez-tez siyasətçilərə təsir göstərərək siyasətin öz maraqları istiqamətində formalaşmasına çalışırlar. Məsələn, Amerika Milli Silah Assosiasiyası (NRA) ABŞ qanunvericilərinə daha sərt silah qanunlarına qarşı çıxmaq üçün lobbiçilik edir.
Beynəlxalq səviyyədə də ictimai siyasətlə bağlı mübahisələr mövcuddur. Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumların dövlətlər üzərində hüquqi məcburiyyət tətbiq etmək imkanı yoxdur. 1960-cı ildə qəbul edilən "Sömürgə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə" koloniyalaşdırılmış ərazilərin müstəqilləşdirilməsini hədəfləsə də, bu gün də bəzi ərazilər müstəmləkə statusunda qalmaqdadır.
Digər bir mübahisəli məqam siyasətçilərin şəxsi qərəzlərinin təsiridir. Bəzi hallarda siyasətçilər mövcud stereotiplərinə uyğun olan faktları qəbul edir, digərlərini isə görməzdən gəlirlər. Britaniya Siyasi Elmlər Jurnalında dərc edilən bir araşdırmaya görə, Danimarka siyasətçiləri qrup fərqləri qeyd olunmadıqda məlumatı daha dəqiq təhlil etmiş, lakin "sinif və status" etiketləri əlavə olunduqda qərəzlər onların təhlilinə təsir etmişdir.
İstinadlar
Ədəbiyyat Bueno de Mesquita, Ethan. 2017. Political Economy for Public Policy. Princeton University Press Gilbert, Brett Anitra; David B. Audretsch, McDougall, Patricia P. (2004), The Emergence of Entrepreneurship Policy, Small Business Economics 22 Cohen, Nissim (2012) "Policy entrepreneurs and the design of public policy: Conceptual framework and the case of the National Health Insurance Law in Israel" Journal of Social Research & Policy, 3 (1): 5–26. David B. Audretsch; Grilo, Isabel; Thurik, A. Roy (2007), Explaining entrepreneurship and the role of policy: a framework, in: David Audretsch, Isabel Grilo and A. Roy Thurik (eds.), Handbook of Research on Entrepreneurship Policy, Edward Elgar Publishing David B. Audretsch and Beckmann, Iris A. M. (2007), From Small Business to Entrepreneurship Policy, in: David Audretsch, Isabel Grilo and A. Roy Thurik (eds.), Handbook of Research on Entrepreneurship Policy, Edward Elgar Publishing Considine, Mark (2005). Making Public Policy. Polity Press
Kateqoriya:Politologiya Kateqoriya:Dövlət idarəetməsi Kateqoriya:Dövlət iqtisadiyyatı Kateqoriya:Sosial siyasət