Transfer pəncərəsi — futbolda il ərzində klubun əvvəllər başqa bir klubla müqaviləsi olan oyunçuları öz heyətinə əlavə edə biləcəyi müddət. Belə bir transfer oyunçunun FİFA vasitəsilə yeni klubda qeydiyyata alınması ilə tamamlanır. "Transfer pəncərəsi" media tərəfindən FİFA-nın "Oyunçuların Statusu və Transferi haqqında Əsasnamə"sində təsvir edilən "qeydiyyat dövrü" anlayışı üçün geniş istifadə olunan qeyri-rəsmi termindir. Qaydalara əsasən, hər bir milli futbol assosiasiyası pəncərənin vaxtını (tarixlərini) özü müəyyən edir, lakin bu müddət 12 həftəni keçə bilməz. İkinci qeydiyyat dövrü mövsüm ərzində baş tutur və dörd həftədən artıq ola bilməz.

Müəyyən bir futbol assosiasiyasının transfer pəncərəsi yalnız həmin futbol assosiasiyasına edilən beynəlxalq transferləri tənzimləyir. Assosiasiyadan kənara olan beynəlxalq transferlər isə pəncərəsi açıq olan assosiasiyalara hər zaman mümkündür. Oyunçunun tərk etdiyi assosiasiyanın transfer pəncərəsinin açıq olması mütləq deyildir.

Transfer pəncərəsi Avropa Komissiyası ilə aparılan danışıqlara cavab olaraq tətbiq edilmişdir. Sistem 2002–2003-cü illər mövsümündə FİFA tərəfindən məcburi qüvvəyə minməzdən əvvəl bir çox Avropa liqalarında istifadə olunurdu. İngiltərə futbolu 1990-cı illərin əvvəllərində bu planlar ilk dəfə təklif edilərkən, komandaların sabitliyini artıracağı və agentlərin bütün il boyu sövdələşmə axtarmasının qarşısını alacağı ümidi ilə layihəni dəstəkləsə də, nəhayət tətbiq edildiyi vaxtadək onun işləyəcəyinə inandırılmalı olmuşdur. Lakin dəqiq qaydalar və mümkün istisnalar milli futbol assosiasiyası tərəfindən deyil, hər bir yarışın rəhbər orqanı tərəfindən müəyyən edilir.

Azərbaycanda Azərbaycanda peşəkar futbol üzrə transfer pəncərələrinin (qeydiyyat dövrü) tarixləri AFFA və Peşəkar Futbol Liqası (PFL) tərəfindən Misli Premyer Liqası və digər aşağı liqalar üçün mövsümlər üzrə müəyyən edilir. FİFA qaydalarına uyğun olaraq, ölkədə də hər mövsüm üçün iki əsas qeydiyyat dövrü təşkil olunur. Yay transfer pəncərəsi adətən iyun ayının ortalarında başlayır və sentyabrın ilk yarısınadək (təxminən 12 həftə) davam edir. Qış transfer pəncərəsi: Mövsümün ortasında, adətən yanvar ayının ortalarından fevral ayının ortalarınadək (4 həftə) həyata keçirilir.

PFL-in təsdiq etdiyi qaydalara əsasən, əsas transfer pəncərəsi bağlandıqdan sonra da klublar müəyyən olunmuş son tarixdək (adətən 31 mart tarixinədək) heç bir klubla müqaviləsi olmayan azad agent statuslu peşəkar futbolçuları heyətlərinə cəlb edə bilərlər.

Ləğvi üçün çağırışlar İngiltərə Premyer Liqasında yer alan "Redinq" klubunun keçmiş baş məşqçisi Stiv Koppell və başqaları transfer pəncərəsinin ləğv edilərək transferlərin son həftələr istisna olmaqla bütün mövsüm boyu həyata keçirilə bildiyi əvvəlki sistemin bərpasına çağırış etmişlər. Koppell transfer pəncərəsinin təşviş yaratdığını və şübhəli transfer fəaliyyətlərini təşviq etdiyini bildirərək, bu sistemdə heç bir məntiq görmədiyini, bunun təcili satış psixologiyası formalaşdırdığını, media vasitəsilə gərginliyə səbəb olduğunu və klubların həddindən artıq çox futbolçu alması ilə nəticələndiyini qeyd etmişdir. O, həmçinin xatırlatmışdır ki, problem yarandıqda icarə variantlarına baxmağa və ya qısamüddətli transferlər etməyə imkan verən köhnə sistem mövcud sistemdən daha üstün idi. İngiltərə milli komandasının keçmiş baş məşqçisi Sven-Yoran Eriksson da transfer pəncərəsinin əhəmiyyətini sual altına alaraq, pəncərənin bütün mövsüm boyu açıq olduğu dövrdə işlərin daha asan və oyunçular üçün bəlkə də daha ədalətli olduğunu, son gündə edilən əməliyyatların böyük hissəsinin məcburi xarakter daşıdığını və bunun düzgün olmadığını vurğulamışdır.

2013-cü ilin yanvarında "Arsenal"ın baş məşqçisi Arsen Venger yanvar transfer pəncərəsinin hər pəncərədə maksimum iki transferlə məhdudlaşdırılmasını təklif etmiş və mövcud formanın "ədalətsiz" olduğunu iddia etmişdir. O, nümunə kimi "Nyukas lYunayted"in transfer fəaliyyətini göstərmişdir. Növbəti il Venger "Mançester Yunayted"in rəqibi "Çelsi"dən 37 milyon funt-sterlinqə Xuan Matanı transfer etməsini kəskin tənqid etmişdir. Venger bu transferin ədalətsiz olduğunu, çünki "Yunayted" və "Çelsi"nin mövsüm ərzində artıq iki dəfə üz-üzə gəldiyini, lakin "Yunayted"in hələ də "Arsenal"a qarşı oynayacağını bildirmiş və qaydaların ədalətliliyi təmin etmək üçün uyğunlaşdırılmasının vacibliyini qeyd etmişdir. "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini də Vengerin mövqeyini dəstəkləyərək, bir futbolçunun ilin bu vaxtında eyni liqadakı bir komandadan digərinə keçə bilməsi ilə razılaşmadığını bəyan etmişdir. O, həmçinin qış transfer pəncərəsinin böyük klubların xeyrinə balanslaşdırıldığını və pullu klubların digər komandaların ən yaxşı oyunçularını ala bildiyini bildirmişdir.

"Kristal Pelas"ın keçmiş baş məşqçisi Alan Pardyu 2013-cü ilin avqustunda, "Nyukasl Yunayted"in baş məşqçisi olduğu dövrdə "Arsenal"ın yarımmüdafiəçi Yohan Kabay üçün təklif irəli sürməsindən sonra Premyer Liqa transfer pəncərəsinin mövsüm başladıqdan sonra da açıq qalmasını mühakimə etmişdir.

2015-ci ilin yanvarında Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) mövcud transfer pəncərəsi sisteminin "futbola və oyunçulara zərər vurduğunu" bəyan etmişdir. Əsas problemlərdən biri kimi oyunçuların heç bir izahat və ya təzminat verilmədən klublardan kənarlaşdırılması gösterilmişdir.

İstinadlar

Kateqoriya:Futbol terminologiyası Kateqoriya:İdman biznesi