Əbrəhə (; ) — "Fil əhvalıtı" kimi tanınan hadisənin əsas qəhrəmanı, Yəmən valisi.

Həyatı 525-ci ildə Himyəri hökmdarı Zü Nuvasa qarşı göndərilən həbəş ordusunun tərkibində o da var idi.

537-ci ildə Yəməndə hakimiyyəti ələ keçirdi. Hakimiyyət uğrunda mübarizə apararkən burnu və ya dodağı ciddi zədələndi. Bu səbəbdən ona "Əşrəm" (çapıq) deyildi.

Yəməndə hakimiyyəti tamamı ilə ələ keçirdikdən sonra Həbəşistan nəcaşisinə məktub yollayaraq ona tabe olduğunu bildirdi. Nəcaşi də onu Yəmən valisi kimi tanıdı.

Xristian olan Əbrəhə, həm xristianlığı yaymaq, həm də Məkkənin təsirini azaldaraq Sənanı dini-siyasi mərkəzə çevirmək üçün Bizansın köməyi ilə əzəmətli bir kilsə inşa etdirdi. Bundan sonra təbliğatçılar göndərərək ərəbləri Kəbəni deyil, məhz bu kilsəni təvaf etməyə çağırdı.

Əbrəhənin apardığı siyasətə qarşı çıxan kinanəli bir ərəb həmin kilsəyə gedərək oranı mundarladı.

Hadisədən xəbər tutan Əbrəhə, Kinanə qəbiləsinə elçi göndərərək onların Sənadakı kilsəni təvaf etmələrini tələb etdi. Lakin kinanəlilər tələbi rədd edərək Əbrəhənin göndərdiyi elçini qətlə yetirdilər.

Kəbə dağılımadıqca məqsədinə çata bilməyəcəyini anlayan Əbrəhə, ordusu ilə Məkkə üzərinə hücuma keçdi. Onun ordusunun tərkibində bir fil də vardı. Bəzi mənbələrdə bu filin adının "Mahmud" olduğu qeyd olunur. Digər bir mənbədə isə fil sayının birdən çox olduğu qeyd olunur.

Yolda ərəblərin yüngül müqaviməti ilə üzləşsə də, yoluna manesiz davam edən Əbrəhə, Taifə çatdı.

Taif əhalisi ona ehtiram göstərdi və onların inanclarına toxunmayacağı təqdirdə Əbrəhəyə köməklik edəcəklərini bildirdilər.

Əbrəhə taiflilərin təklifini qəbul etdi və ona taiflilər tərəfindən Əbu Riğal adlı bələdçi də verildi.

Məkkəyə yaxınlığında düşərgə quran Əbrəhəyə Kəbəni dağıtmaması üçün müxtəlif təkliflər edilsə də, o bütün bunları rədd edərək Məkkə üzərinə hücum əmri verdi.

Lakin ordudakı fil hərəkət etmək istəmədi və Quranda bəhs olunan hadisə baş verdi; dəstə-dəstə quşlar uçub gələrək ordunun üzərinə daşlar atmağa başladılar. Nəticədə ordunun yarısı məhv oldu.

Əbrəhə isə yaralı olaraq Yəmənə çəkildi. Qısa müddət sonra 570-ci və 571-ci ildə də öldü. Bəzi mənbələrdə isə Əbrəhənin atılan daşlardan öldüyü qeyd olunur.

Bu hadisənin 547-ci və ya 563-cü ildə baş verdiyini bildirən rəvayətlər də vardır.

Əbrəhədən sonra taxta sıra ilə Yəksum və Məsruq adlı oğulları çıxdı.

Əbrəhənin tikdirdiyi Qulleys adlı kilsənin qalıqları bu gün də, Sənanın qədim hissəsində qalmaqdadır.

İstinadlar Kateqoriya:Quranda adı çəkilənlər Kateqoriya:İslamdan əvvəlki Ərəbistan