Şarl Fransua Quno (; ) — Fransa bəstəkarı, fransız lirik opera janrının banisi, musiqi tənqidçisi və memuarçısı. Həyatı Şarl Quno 7 iyun 1818-ci ildə Parisdə, rəssam Fransua Lui Quno və musiqi müəllimi, pianoçu Viktoriyanın ailəsində anadan olub.Gounod, pp. 2–3 On bir yaşında oğlan liseyə verildi. Təhsil illərində Şarl kilsə xorunda solo oxuyur, musiqi bəstələyir, musiqi nəzəriyyəsini öyrənirdi.Harding, pp. 20–22 and 36 Bəstəkar olmaq istəyi xüsusilə opera teatrına baş çəkdikdən sonra daha da gücləndi."Charles Gounod", The Musical Times, 1 November 1893, pp. 649–650
1838-ci ildə Quno Antonin Reyxanın rəhbərliyi ilə harmoniya və kontrapunkt dərsləri aldıqdan sonra Paris Konservatoriyasına daxil olur. Burada o, Fromental Halevi, Jan-Fransua Lesüer və Ferdinando Paerdən dərs almış, onlar bəstəkarlıq texnikasının incəliklərini ona ötürmüşdülər. Hərçənd o dövrdə konservatoriya divarları arasında hökm sürən akademizm Quno istedadının parlaq inkişafını məhdudlaşdırırdı, onun bəzi erkən əsərləri ictimaiyyətin və tənqidçilərin diqqətini çəkdi. Onun bu dövrdə yazdığı simfoniyadan skerso və üçsəsli "Agnus Dei" diqqətə layiqdir.
Yaradıcılığı 1839-cu ildə Quno "Fernan" kantatasına görə Roma mükafatını aldı. Bu, ona təqaüdçü kimi İtaliyada iki ildən çox, bir müddət isə Vyanada və Almaniyada qalmağa imkan verdi. Müasir İtaliya opera sənətindən məyus olan Quno qədim dini musiqinin, xüsusilə Covanni Palestrinanın öyrənilməsinə diqqətini yönəltdi.
Parisa qayıtdıqdan sonra, 1843–1848-ci illərdə Quno Xarici Missiyalar kilsəsində orqançı və regent kimi çalışdı. Bu illərdə o, yalnız dini əsərlər bəstələyirdi. Onun dünyagörüşündə dini-klerikal əhval-ruhiyyə gücləndi, o, ruhani karyerası haqqında düşünməyə və Dominikan ordeni üzvlərinin təbliğlərinə qatılmağa başladı. 1847–1848-ci illərdə Quno Sen-Sülpis seminariyasında ilahiyyat kursuna qatılır. Bir müddət Karmelit monastırında yaşayır və abbat sutanası geyinir. Lakin mürəkkəb daxili mübarizənin nəticəsində o, ruhani rütbəsi almaq niyyətindən imtina edərək yenidən sənətə qayıtdı.
O, operaya müraciət edir, çünki yalnız teatrın bəstəkara ictimaiyyətlə hər gün ünsiyyət qurmaq imkanı verdiyinə inanırdı. Onun ilk operası olan "Safo"nun premyerası 1851-ci ildə baş tutdu. Ardınca 1854-cü ildə səhnələşdirilən "Qanlı rahibə" operası gəldi. "Grand Opera"da səhnələşdirilən hər iki əsər üslubunun qeyri-bərabərliyi, melodramatizmi, hətta dəbdəbəliliyi ilə seçilirdi. Onlar uğur qazanmadılar. 250px|thumb|left|Şarl Quno 1887-ci ildə 1852-ci ildə Quno Paris "Orfeon"unun direktoru oldu. Həvəskar xor cəmiyyətlərinin bu birliyi o dövrdə ən kütləvi musiqi-maarifləndirici təşkilat idi və onun üzvləri əsasən Paris fəhlələri və ətraf qəsəbələrin sakinləri idi.
Ətrafdakı həyata həssaslıqla reaksiya verən Quno müxtəlif ideoloji təsirlərə asanlıqla qapılır, insan və sənətkar kimi qeyri-sabit idi. 1857-ci ildə Quno ciddi ruhi xəstəlik həddində idi, lakin 1860-cı illərdə çox və məhsuldar şəkildə çalışdı.
1858-ci ildə "Məcburiyyəti-təbib"in (Molyerdən ilhamlanaraq) premyerası baş tutdu. "Lirik teatr"da nümayiş etdirilən opera əvvəlkilərə nisbətən daha isti qarşılandı. Komik süjet, real hərəkət mühiti, xarakterlərin canlılığı Quno istedadının yeni tərəflərini oyatdı. Onlar növbəti əsərdə bütün gücü ilə təzahür etdilər. Bu, 1859-cu ildə həmin teatrın səhnəsində qoyulan "Faust" idi. Tamaşaçılar operanı dərhal sevmədilər, onun novator mahiyyətini dərhal anlamadılar. Yalnız on ildən sonra o, "Grand Opera"ya düşdü, üstəlik ilkin dialoqlar resitativlərlə əvəz olundu və balet səhnələri əlavə edildi. 1887-ci ildə burada "Faust"un beşyüzüncü tamaşası, 1894-cü ildə isə mininci ifası qeyd olundu.
1859-cu ildə Quno İohann Sebastyan Baxın "Yaxşı temperasiyalı klavir" məcmuəsindən do-major 1-ci prelyudiyasını əsas götürərək Ave Mariya motetini yazdı. Soprano, orqan, orqan və klavir üçün tam bitkin əsər kimi rəsmiləşdirildikdən sonra motet inanılmaz uğur qazandı. Bax-Qunonun Ave Mariyası ən populyar musiqi əsəri olaraq qalır.
1860-cı illərin əvvəllərində Quno iki komik opera – "Filemon və Baukida" və "Göyərçin", həmçinin "Səba məlikəsi" (1862) və "Miriel" (1864) əsərlərini bəstələdi.
Qunonun son əsas bədii nailiyyəti "Romeo və Cülyetta" operasıdır. Onun premyerası 1867-ci ildə baş tutdu və böyük uğurla yadda qaldı – iki il ərzində doxsan tamaşa göstərildi.
Bir sıra uğursuz operalar (o cümlədən 1878-ci ildə yazılmış "Poliekt") yazdıqdan sonra o, musiqi teatrından uzaqlaşaraq dini musiqiyə üstünlük verdi. Onun son irimiqyaslı əsərləri sırasında iki oratoriya var: "Kəffarə" (1881), "Ölüm və həyat" (1884). Bu dövrdə Quno ədəbi-tənqidi fəaliyyətlə məşğul olur.
Quno ömrünün son illərini Paris yaxınlığındakı Sen-Kluda keçirmiş, gənc bəstəkar A.Büsse ilə məşğul olmuşdur.
Şarl Quno 18 oktyabr 1893-cü ildə Sen-Kluda vəfat etmişdir. Parisin Otoy qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Charles Gounod recordings at the :en:Discography of American Historical Recordings
Гуно. Полные либретто опер на русском языке
Kateqoriya:Balet bəstəkarları Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:Fransa bəstəkarları Kateqoriya:Fransa klassik bəstəkarları Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Fransızlar Kateqoriya:Kilsə musiqisinin klassik bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Orqançılar Kateqoriya:Paris şəxsləri Kateqoriya:Romantik bəstəkarlar Kateqoriya:Şarl Quno