Sesilyanhof Sarayı () — Almaniyanın Potsdam şəhərində yerləşən Tüdor stilli malikanə tipli saray. Birinci Dünya müharibəsinin sonunadək Prussiya krallığı və Almaniya imperiyasını idarə edən Hohensollern sülaləsi tərəfindən inşa edilmiş son saraydır.

Almaniya imperatoru II Vilhelmin əmriylə 1912-ci ildə oğlu vəliəhd-şahzadə Vilhelm üçün yeni bir sarayın inşası təklif edildi. Parlamentin 13 aprel 1914-cü ildə təsdiqlədiyi plana əsasən sarayın inşası başlasa da, Birinci Dünya müharibəsinin başlaması inşaat prosesini gecikdirdi. 1917-ci ildə inşası tamamlanan saray vəliəhdin xanımı Meklenburqlu Sesilyanın şərəfinə adlandırıldı. Cütlüyün ən kiçik övladı Sesilya Viktoriya da məhz bu sarayda dünyaya gəldiyi üçün adını da buradan almışdır.

Noyabr inqilabının ardından imperator ailəsi sürgünə getsə də, qısa zaman sonra sadə vətəndaş kimi geri döndülər və vəliəhd-şahzadə Vilhelmlə xanımı Meklenburqlu Sesilyaya bu sarayda yaşamaları üçün xüsusi icazə verildi. Ancaq vəliəhd-şahzadə Vilhelm siyasətdən uzaq qalacağı barədə kansler Qustav Ştrezemana verdiyi sözdən döndü və 1926, 1933, 1935-ci illərdə Sesilyanhofda onları ziyarət edən Adolf Hitlerin hakimiyyətə yüksəlişini dəstəklədi. Ancaq onun monarxiyanı bərpa etmək niyyətinin olmadığını öyrəndikdə münasibətləri pozuldu. Hətta 20 iyul 1944 tarixli sui-qəsdin ardından vəliəhd-şahzadə Vilhelm və yaşadığı Sesilyanhof sarayı Gestapo tərəfindən nəzarətə alındı. Ancaq 1945-ci ilin yanvarında vəliəhd-şahzadə Vilhelm öd kisəsi və qaraciyəriylə bağlı problemlərini bəhanə edərək müalicə məqsədilə saraydan ayrıldı. Bir ay sonra isə xanımı Meklenburqlu Sesilya və övladları yaxınlaşan Sovet ordusunun qorxusundan əşyalarını almadan saraydan qaçdılar. Müharibənin sonunda saray Sovet ordusu tərəfindən ələ keçirildi.

İkinci Dünya müharibəsinin ardından qalib gələn SSRİ, ABŞ və Birləşmiş Krallıq təmsilçilərinin toplandığı Potsdam konfransına (17 iyul-2 avqust 1945-ci il) ev sahibliyi etmişdir. Bu tarixdən etibarən saray binası Brandenburq əyalətinin idarəsinə verildi. Bir çox dövlət tədbirlərinə ev sahibliyi etdi. 1960-cı ildə binanın bir hissəsi otel olaraq istifadəyə verildi.

1990-cı ildən etibarən UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. 1995-ci ildə binanın müəyyən hissəsi muzey olaraq ictimaiyyətə açıldı. Britaniya kraliçası II Elizabet 3 noyabr 2004-cü ildə sarayı ziyarət etdi. 30 may 2007-ci ildə saray G8 zirvəsinin iclası üçün istifadə olundu.

Restavrasiya işləri səbəbilə 1 noyabr 2024-cü ildə ictimaiyyətə qapalı elan edildi.

Mənbə

Ədəbiyyat

Müller, Heike; Berndt, Harald (2006). Schloss Cecilienhof und die Konferenz von Potsdam 1945 (German). Stiftung Preussische Schlösser und Gärten. ISBN 3-910068-16-2 Museum Portal - Berlin Schloss Cecilienhof. "Palaces and Parks of Potsdam and Berlin". UNESCO World Heritage Centre. United Nations Educational, Scientific, and Cultural Organization

İstinadlar

Kateqoriya:1914-cü ildə yarananlar Kateqoriya:1917-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Almaniya hotelləri Kateqoriya:Almaniya sarayları Kateqoriya:Almaniyadakı tarixi muzeylər Kateqoriya:Almaniyadakı ümumdünya irsi Kateqoriya:II Vilhelm Kateqoriya:Potsdam