Badenli Sofiya Mariya Viktoriya (; ) — Böyük Baden hersoqu I Fridrixin qızı, İsveç kraliçası.
7 avqust 1862-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Böyük Baden hersoqu I Fridrix, anası isə Alman imperatoru I Vilyamın qızı Luizadır. Adını Kraliça Viktoriyanın qızı və eyni zamanda dayısı arvadı olan Prussiya taxt-tacının vəliəhdi Şahzadə Viktoriyadan aldı. İlk təhsilini saraydakı xüsusi müəllim və mürəbbiyələrdən aldı. Piano, rəsm, ingilis və fransız dilləri üzrə təhsil aldı.
20 sentyabr 1881-ci ildə Karlsruedə İsveç-Norveç kralı II Oskarın oğlu vəliəhd-şahzadə Qustavla evləndirildi. 1 oktyabrda Stokholmda təntənəli mərasimlə qarşılandı. Ardından krallığın ikinci paytaxtı Osloya səyahət etdilər və 1 fevral 1882-ci ildə 3 min nəfərlik korteclə şəhərə daxil oldular. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
VI Qustav (1882-1973) Vilhelm (1884-1965) Erik Qustav (1889-1918)
1889-cu ildə pnevmoniya keçirdi və həkim məsləhətiylə sərt İsveç qışlarını daha mülayim iqlimli cənub şəhərlərində keçirməyə başladı.
1907-ci ildə ərinin taxta çıxmasıyla İsveç kraliçası oldu. Ərinin üzərində siyasi nüfuzu vardı və onunla dayısı oğlu Almaniya imperatoru II Vilhelm arasındakı dostluq münasibətlərinin əsas memarı hesab olunur. Ancaq bu almanpərəstliyi Birinci Dünya müharibəsinin başlamasından sonra onun nüfuzunu azaltdı. Dayısı oğlu olan II Vilhelmin müharibədə məğlub olması və artan alman düşmənliyi səbəbilə bütün siyasi gücünü itirdi.
Səhhətinin pis olması səbəbilə ilin böyük qismini Kapri adasında və Romada keçirirdi. Böyük ehtimalla, bronxial astma və ya vərəmdən əziyyət çəkirdi. 4 aprel 1930-cu ildə Romada vəfat etdi. Cənazəsi Stokholma gətirildi və Riddarholm kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
Lars Elgklou (1978). Bernadotte. Historien – eller historier – om en familj [Bernadotte. The history – or stories – of a family.] (in Swedish). Askild & Kärnekull Förlag AB. p. 128. ISBN 91-7008-882-9
İstinadlar
Kateqoriya:Almanlar Kateqoriya:XX əsr monarxları