Aslan Miri oğlu Fətullayev () — Azərbaycan aktyoru.
2003-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, 2008-ci ildən isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. 2026-cı ilin may ayında Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif edilib.
Həyatı və təhsili Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Fətullayev elə həmin kəndin orta məktəbini (onilliyini) 1974-cü ildə başa vurub.
Teatr sənətinə maraq göstərən Aslan Fətullayev yeddi yaşından kənd mədəniyyət evində teatr tamaşalarında çıxış edib. Yusif Əzimzadənin "Nəsrəddin" komediyasında İnkir rolunu oynayıb (1963).
1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif fakültəsində özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil alıb. 1977–1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirib.
Yaradıcılığı 1975–1978-ci illərdə A. Şaiq adına Bakı Kukla Teatrında keçirilən Yeni il şənliklərində aparıcı aktyor kimi çıxış edib. 1975-ci ildə "Canlı şahid" televiziya tamaşasında baş rolda Şani obrazını canlandırıb. 19 yaşı tamam olmadan Azərbaycan teatr tarixində yaratdığı obrazla Azərbaycan Televiziyasının "Qızıl Fondu"na daxil edilən ilk aktyor olub. 1981-ci ildə "Cənnətin qəbzi" tamaşasında cənnətdə qəbzyığan obrazını yaradıb.
Fətullayev Azərbaycan televiziyasının "Səhər görüşləri", "Gecə kanalı", "Komediyalar aləminə səyahət", "45 dəqiqə", "Ordan-burdan", "Məzəli əhvalatlar" və "Bir bazar günü" kimi verilişlərində çıxış edib.
Kino fəaliyyətində "Mosfilm"in çəkdiyi "Oğlan və maral" filmində fotoreportyor, "Azərbaycanfilm"in istehsal etdiyi "Cin mikrorayonda" filmində kiçik cin, "Papaq" filmində papaqçının dostu, "Qorxma, mən səninləyəm" filmində İvan Spirodonoviç, "Qətl günü (film, 1990)" filmində zindanban obrazlarını canlandırıb. Həmçinin "Mozalan" satirik kinojurnalının "Kapitan" buraxılışında basketbol komandasının kapitanı rolunda çıxış edib. "Ağ gəmi", "Stepanın yadigarı" və "Baş tutmayan ezamiyyət" filmlərini dublyaj edib.
1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində fəaliyyət göstərib. "Gənclik" klubunda bədii rəhbər, "Dostluq" mədəniyyət evində direktor vəzifələrində çalışıb.
Respublika hökumətinin ahıllara diqqət və qayğının artırılması siyasətinə kiçik də olsa töhfə vermək məqsədilə "Dostluq" mədəniyyət evində qocaman musiqiçilərdən ibarət "Bahar" xalq çalğı alətləri ansamblı yaradıb.
1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89" müsabiqəsində qalib olmuş "Yuxu" rok qrupunu yaradıb. Kollektiv 1990-cı ildə Almaniyada keçirilən "MAYEN-ROK-90" beynəlxalq festivalında qalib olub.
Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olub. Türkiyə, Kipr, Rusiya və digər ölkələrdə qastrol səfərlərində olub və Azərbaycan incəsənətini təbliğ edən tədbirlərdə iştirak edib.
2003-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib. 2008-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Teatrın repertuarında "Ələddin", "O olmasın, bu olsun", "Zınqırovlu pişik" və "Cırtdan" tamaşalarında rol alıb.
Teatr tamaşalarında "Anacan"da Qulu, "Təxribatçılar"da polis generalı, "Mən sənin dayınam"da dramaturq, "Varlı qadın"da Pəhləvan Zərlinski və "Mesenat"da H. Z. Tağıyevin xidmətçisi obrazlarını canlandırıb.
O, 2009-cu ildə Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Akademik Milli Dram Teatrının, Rusiya Federasiyasının Həştərxan şəhərində A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru kimi çıxışlar etmişdir.
Filmoqrafiya "Qorxma, mən səninləyəm!" (1981) — İvan Spirodonoviç "Evlənmək istəyirəm" (1983) — papaqçının dostu "Cin mikrorayonda" (1985) — kiçik cin "Qətl günü" (1990) — zindanban
Mükafatları SSRİ Müdafiə Nazirliyinin xüsusi döş nişanı — Hərbi hissələrdə mədəni hamilik xidmətlərinə görə döş nişanı, fəxri fərmanlar və pul mükafatları ilə təltif edilib. "Əməkdar mədəniyyət işçisi" — 2016 "Azərbaycan Respublikası Prezidentinin mükafatı" — 2026
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan televiziya aktyorları Kateqoriya:Azərbaycan teatr aktyorları Kateqoriya:Azərbaycan film aktyorları