Erriko Malatesta (; ) — İtaliya anarxokommunisti və Mixail Bakuninin dostu. Həyatının böyük hissəsini doğma İtaliyadan kənarda keçirmiş, on ildən artıq həbsxanada yatmışdır. O, çoxlu sayda radikal qəzetin nəşriyyatçısı və redaktoru kimi fəaliyyət göstərmişdir.
Həyatı 4 dekabr 1853-cü il tarixində İki Siciliya krallığında, Santa-Mariya-Madcoreda (hazırda Santa-Mariya-Kapua-Vetere kommunası) torpaq sahibi ailəsində anadan olmuşdur. Errikonun əcdadları 1295-ci ildən 1500-cü ilə qədər Rimimini idarə etmiş İtaliyanın Malatesta soyuna mənsub idi.
İlk dəfə on dörd yaşında Kral II Viktor Emmanuelə yerli ədalətsizliklərdən şikayət etdiyi məktub yazdığına görə həbs olunmuşdur. Neapol Universitetində tibb təhsili almış, lakin 1871-ci ildə nümayişdə iştirak etdiyinə görə universitetdən xaric edilmişdir. Paris Kommunasına olan həvəsi və Karmello Palladino ilə dostluğu Malatestanı Birinci Kommunist İnternasionalın Neapol seksiyasına gətirib çıxarmışdır. 1872-ci ildə Mixail Bakuninlə görüşmüş və onunla birlikdə Sent-İmye anarxist internasionallığının təsis konqresində iştirak etmişdir.
1877-ci ilin aprelində Malatesta, Karlo Kafyero, Stepnyak-Kravçinski və otuza yaxın insan Benevento əyalətində üsyan qaldıraraq Letino və Qallo kəndlərini mübarizəsiz ələ keçirmişdilər. İnqilabçılar vergi reyestrlərini yandırmış və kral hakimiyyətinin başa çatdığını elan etmişdilər. Bu, böyük həvəslə qarşılanmış, hətta yerli keşiş də öz dəstəyini ifadə etmişdir. Tezliklə, bütün iştirakçılar hökumət qoşunları tərəfindən həbs olunmuş və on altı ay ərzində həbsdə saxlanılmışdılar. İtaliya kral ailəsinin üzvlərinə qarşı dəfələrlə törədilən terror hücumlarından sonra, anarxistlərin bu hücumlarla heç bir əlaqələrinin olmadığını iddia etmələrinə baxmayaraq, radikallar polisin daimi nəzarəti altına alınmışdılar.
Dünyanı gəzən Malatesta Cenevrəyə səfər etmiş, burada Elize Reklyu və Pyotr Kropotkinə dəstək göstərərək sonuncuya "Le Révolté" qəzetini nəşr etməyə kömək etmişdir, lakin oradan da qovulmuş, uzun sürən çətinliklərdən sonra nəhayət Londonda məskunlaşmışdır. Londonda dondurma satıcısı və mexanik kimi çalışan Malatesta 1881-ci ildə Pyotr Kropotkin, Françesko Saverio Merlino, Mari Le Kont, Luiza Mişel və Emil Qotyenin də iştirak etdiyi Anarxiya Konqresində iştirak etmişdir.
1885-ci ildən etibarən Buenos-Ayresdə yaşamış və burada Argentina üzrə ilk fəhlə ittifaqının — Çörəkçilər İttifaqının yaradılmasında iştirak etmişdir. Növbəti illər ərzində Malatesta Londonda yaşamış, oradan Avropa ölkələrinə gizli səfərlər etmiş, del Marmo ilə birgə İspaniyada mühazirələrlə çıxış etmişdir.
Malatesta 1907-ci ildə Amsterdamda keçirilən Beynəlxalq Anarxistlər Konqresində iştirak etmiş və burada xüsusilə Pyer Monatt ilə anarxizm və sindikalizm — həmkarlar ittifaqı hərəkatının nisbəti barədə kəskin mübahisə etmişdir. Pyer Monat sindikalizmin inqilabi olduğunu və sosial inqilab üçün şərait yaratdığını sübut etməyə çalışdığı halda, Malatesta sindikalizmin öz-özlüyündə kifayət etmədiyini hesab edirdi. Həmkarlar ittifaqları islahatçı, hətta mühafizəkar rol oynaya bilərdilər. Kristian Kornelissen ilə yanaşı, o, yüksək ixtisaslı fəhlələrin həmkarlar ittifaqlarının öz nisbi imtiyazlı mövqelərini qorumaq üçün bəzən aşağı ixtisaslı fəhlələrə qarşı çıxış etdiyi ABŞ həmkarlar ittifaqlarını misal çəkirdi.
1914-cü ildə Malatesta "Qırmızı həftə"ni dəstəkləmiş və fəhlə nümayişlərini inqilaba çevirməyə çağırış etmişdir. Birinci Dünya müharibəsindən sonra İtaliyaya qayıtmışdır. Qayıdışından iki il sonra, 1921-ci ildə o, yenidən həbsxanaya salınmışdır. Benito Mussolini bütün müstəqil mətbuatı susdurmağa məcbur etdiyi dövrdə, 1924-cü ildən 1926-cı ilə qədər Malatesta hökumət senzurasından əziyyət çəkməsinə baxmayaraq, "Pensiero e Volontà" jurnalını nəşr etdirmişdir. İnqilabçı son illərini elektrikçi kimi işləməyə və nisbətən sakit həyat sürməyə məcbur olmuşdur. 22 iyul 1932-ci il tarixində, bir neçə il əziyyət çəkdikdən sonra bronxial astmadan vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Antifaşistlər Kateqoriya:İtaliya kommunistləri