Boris Qeorqiyevic Perçatkin (rus. Борис Георгиевич Перчаткин; d. 1 iyul 1946) — hüquq müdafiəçisi, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Naxodka şəhərindən başlamış dini mühacirət hərəkatının ən tanınmış nümayəndələrindən biri. 1989-cu ildə ABŞ-də keçmiş SSRİ ölkələrindən təxminən 1 milyon dini azlıq nümayəndəsinin ABŞ-yə mühacirət etməsinə imkan yaradan "Lautenberq düzəlişi"nin qəbul edilməsi üçün lobbiçilik fəaliyyətinə rəhbərlik etmişdir.
Biqrafiyası
İlk illəri və kilsəyə qoşulması Boris Perçatkin hərbi təyyarəçi ailəsində anadan olmuşdur. Atası Borisin doğumundan az sonra avtomobil qəzasında həlak olmuşdur. Bir neçə il sonra anası başqa bir hərbçi ilə ailə qurmuş, lakin ögey atası 1953-cü ildə qiyam zamanı əmrə tabe olmaqdan imtina etdiyi üçün həbs edilmiş və Vorkutadakı əmək düşərgələrində 25 il müddətinə azadlıqdan məhrum olunmuşdur. 16 yaşında Boris Naxodka şəhərində əllincilər kilsəsini taparaq icmaya qoşulmuşdur. Daha sonra SSRİ-də dindarların təqib olunması barədə məlumatlar toplamağa və bu məlumatları xarici jurnalistlərlə fəal şəkildə bölüşməyə başlamışdır.
Mühacirət hərəkatı və dissidentlərlə əlaqələr 1976-cı ildə Perçatkin həmkarları Vasili Patruşev, V. A. Burlatçenko və Vladimir Stepanov ilə birlikdə Moskva dissidentləri ilə əlaqə qurmuşdur. Onlar artmaqda olan mühacirət dalğasına mütəşəkkil forma verməyi məsləhət görmüşlər. Həmin il Moskva Helsinki Qrupunun nümayəndəsi L. V. Voronina Naxodkaya səfər etmişdir. O vaxtdan etibarən Perçatkin əllincilərin SSRİ-dən kütləvi çıxışı uğrunda fəal mübarizə aparmağa başlamışdır. Həmçinin həmin il BMT-yə, Ümumdünya Kilsələr Şurasına və Helsinki sazişlərini imzalamış dövlətlərin rəhbərlərinə müraciətlər göndərərək SSRİ-də dindarların fasiləsiz təqib olunması barədə məlumat vermişdir.
1977-ci ildə Nikolay Qoreti ilə birlikdə əllincilər adından həbs edilmiş dissidentlər Aleksandr Qinzburq, Yuri Orlov və Anatoli Şaranskinin müdafiəsinə qalxaraq xristian aləminə müraciət etmişdir. Həmin il müxtəlif məzhəblərdən olan xristianlarla birlikdə təqib olunan xristianların SSRİ-dən çıxışına icazə verilməsi tələbi ilə kütləvi aclıq aksiyasında iştirak etmişdir.
20 dekabr 1978-ci ildə Perçatkin Naxodka poçtundan ABŞ-ın ozamankı prezidenti Cimmi Karterə Yeni il teleqramı göndərməyə cəhd göstərərək, dini azadlıqdan məhrum edilmiş insanlara diqqət yetirməyi xahiş etmişdir.
1979-cu ildən etibarən SSRİ-dən mühacirət etmək istəyən dindarlar üçün mərkəzin yaradılması üzrə təşkilati işlərə rəhbərlik etmişdir. 1980-ci ildə mühacirət etmək istəyən sovet əllincilərinin yeni yaradılmış Kilsələr Şurasının katibi seçilmişdir.
1979-cu ilin sonlarında "ABŞ Konqresinə və Hökumətinə, həmçinin Kanada, Avstraliya, İngiltərə, Qərbi Almaniya, Fransa və İtaliya hökumətlərinə" ünvanlanmış bəyanat hazırlamışdır. Bəyanatda sovet gerçəkliyi, Kommunist Partiyasının dinə münasibəti və dini ayinlər haqqında sovet qanunvericiliyi ətraflı şəkildə təsvir olunmuşdur.
Dövlət təqibləri və həbsi Mühacirət üçün müraciət etmiş dindarlar komitəsinin ən fəal üzvü olduğu üçün sovet hakimiyyətinin hədəfinə çevrilmişdir. Yerli mətbuatda ona və ailəsinə qarşı böhtan kampaniyası təşkil olunmuşdur.
21 avqust 1980-ci ildə Naxodkada həbs edilmiş və 1981-ci ilin mart ayının sonunda RSFSR Cinayət Məcəlləsinin 190.1-ci maddəsi ilə ("Sovet dövlətini və ictimai quruluşunu ləkələyən bilərəkdən yalan uydurmalar yayma") 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Amerikanın Səsi radiostansiyasının məlumatına görə, istintaq və məhkəmə zamanı ona qarşı tez-tez huşunu itirməsinə səbəb olan kimyəvi maddələr (neyroleptiklər) tətbiq edilmişdir.
1982-ci ilin avqustunda azadlığa buraxıldıqdan sonra mühacirət hüququ uğrunda mübarizəsini davam etdirmişdir. Lakin 1983-cü ilin fevralında yenidən həbs olunmuş və RSFSR Cinayət Məcəlləsinin 218-ci maddəsinin 2-ci hissəsi (qanunsuz soyuq silah gəzdirmə) ilə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
ABŞ-yə mühacirət və Lautenberq düzəlişi 1987-ci ildə ABŞ Konqresi üçün "SSRİ-də dinin vəziyyəti haqqında" hesabat hazırlamışdır. Hesabat Konqresdə oxunmuş və Perçatkin ABŞ-ın ozamankı dövlət katibi Corc Şults, ABŞ Ali Məhkəməsinin sədri Uilyam Renkvist və digər rəsmi şəxslərlə görüşə dəvət edilmişdir. 1988-ci ilin mayında ABŞ prezidenti Ronald Reyqan SSRİ-yə rəsmi səfər edərkən Perçatkin sovet protestantlarının nümayəndəsi kimi 40 nəfərlik heyətin tərkibində Birinci xanım Nensi Reyqan ilə görüşə dəvət olunmuşdur.
26 iyul 1988-ci ildə Perçatkin bütün ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etmişdir. 4 avqust 1988-ci ildə ABŞ Konqresində SSRİ-də dindarlara qarşı soyqırımı haqqında nitq söyləmiş, bundan sonra konqresmenlər, senatorlar və diplomatlarla müzakirələr aparmışdır. Bu səylərin nəticəsində 1989-cu ildə Nyu-Cersi ştatından olan demokrat senator Frenk Lautenberqin adını daşıyan "Lautenberq düzəlişi" qəbul edilmişdir. Bu qanunun qüvvədə olduğu ilk onillikdə təxminən 350.000 dini qaçqın ABŞ-də məskunlaşmış, 2010-cu ilə qədər isə onların ümumi sayı təxminən 1 milyona çatmışdır.
ABŞ-də hüquq müdafiəsi fəaliyyəti ABŞ-də yaşadığı dövrdə Perçatkin özünün həbsi, məhkumluq illəri və mühacirət uğrunda mübarizəsini təsvir edən şəxsi veb-saytını yaratmış, həmçinin ARRC (American-Russian Relief Committee) xristian hüquq müdafiə təşkilatını təsis etmişdir. Bundan əlavə, "Alovlu cığırlar" (rus. Огненные тропы) adlı avtobioqrafik kitab nəşr etdirmişdir.
2025-ci ilin yayında Perçatkin və tərəfdarları ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasında (USCIRF) çıxış edərək Ukrayna və Rusiyada xristian pasifistlərin təqib olunduğunu, alternativ mülki xidmət hüququndan məhrum edildiyini, məcburi səfərbər olunduqlarını, döyüş əməliyyatlarında iştirakdan imtina etdiklərinə görə həbs, zorakılıq və təhdidlərə məruz qaldıqlarını bildirmişlər. Bu xüsusda Perçatkin U4U proqramı çərçivəsində ABŞ-yə gəlmiş ukraynalı xristian pasifistlər üçün xüsusi mühacirət kvotasının ayrılması üçün lobbiçilik fəaliyyəti yürütmüşdür.
Xatırlanması Məşhur sovet dissidenti Andrey Saxarov 1981-ci ildə yazdığı "Alimlərin məsuliyyəti" məqaləsində Boris Perçatkinin adını digər siyasi məhbuslar arasında xüsusi olaraq qeyd etmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:RSFSR-də repressiya qurbanları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər