Bişr ibn Qiyas () və ya Əbu Əbdürrəhman Bişr ibn Qiyas ibn Əbu Kərimə əl-Mərisi əl-Bağdadi (; ) — Cəhmiyyə və Mürciənin görüşlərini mənimsəmiş kəlamçı, Hənəfi fəqihi.
Həyatı Doğum tarixi və yeri dəqiq məlum deyil. Onun səksən yaşlarında vəfat etdiyinə və Əbu Hənifənin (v. 767) tələbəsi olduğuna dair rəvayətlər doğru qəbul edilərsə, 757-ci ildən əvvəl anadan olduğunu söyləmək mümkündür. Kufədə və ya Bağdadda doğulduğu ehtimal edilir.
Nəsəbi Zeyd ibn Xəttabın azad etdiyi kölələrdən birinə gedib çıxır. Bir rəvayətə görə ailəsi Misirdə Əsvan ilə Nubə arasında yerləşən Məris kəndindən, başqa bir rəvayətə görə isə Bağdad yaxınlığındakı Dərbül-Mərisi adlı bölgədən gəldiyi üçün "Mərisi" nisbəsi ilə tanınmışdır.
Həyatının ilk illərini Kufədə keçirmiş, təhsilinə Əbu Hənifənin dərslərində iştirak etməklə başlamışdır. Müəlliminin vəfatından sonra Əbu Yusifin dərslərini davam etdirmişdir. Həmmad ibn Sələmə və Süfyan ibn Üyeynədən hədis öyrənmiş və onlardan hədis rəvayət etmişdir.
Müəllimi Əbu Yusifin etirazına baxmayaraq, kəlam elmini öyrənməyə başlamışdır. Bu elmi kimdən və nə vaxt öyrəndiyi mənbələrdə açıq şəkildə göstərilməsə də, bəsrəli mühəddis Həmmad ibn Zeydin (v. 795) Bişri etiqadi görüşlərinə görə təkfir etməsindən aydın olur ki, o, gənc yaşlarından kəlamla məşğul olmuş və qısa müddətdə bu sahədə şöhrət qazanmışdır.
Bəsrə, Məkkə və Mədinəyə səfərlər etmiş, ehtimal ki, Harun ər-Rəşidin dövründə Bağdada getmişdir. Bu zaman Bağdada gələn əş-Şafii ilə görüşmüş, fiqhi məsələlərdə onunla fikir mübadiləsi aparmış, etiqadi və fiqhi mövzularda elmi mübahisələr etmiş və sonradan əş-Şafiidən rəvayət edənlər sırasında yer almışdır.
Quranın məxluq olması (xəlqül-Quran) fikrini ilk dəfə irəli sürən Cəhm ibn Səfvanın bu görüşünü böyük həvəslə müdafiə edib yaymağa çalışdığı üçün Harun ər-Rəşid tərəfindən təqib olunmuş və ölümlə hədələnmişdir. Buna görə də xəlifənin vəfat etdiyi 809-cu ilə qədər uzun müddət gizlənmək məcburiyyətində qalmışdır. Eyni vəziyyət xəlifə Əminin dövründə də davam etmişdir.
Lakin Məmun xəlifə olduqdan sonra nüfuzlu bir mövqeyə yüksəlmiş və onun müşavirlərindən birinə çevrilmişdir. Məmunun hüzurunda bir çox alimlə etiqadi və elmi mübahisələr aparmışdır. Əbdüləziz ibn Yəhya əl-Kinani, Məhəmməd ibn Müqatil ər-Razi, Cəfər ibn Mübəşşir, Əbül-Hüzeyl əl-Əllaf, Sümamə ibn Əşrəs və Əli ibn Heysəm bunlardan bəziləridir.
Xəlifənin nüfuzundan istifadə edərək Quranın məxluq olması görüşünü dövlətin rəsmi məzhəbinə çevirməyə çalışmış və "mihnə" dövrünün başlanmasında mühüm rol oynamışdır.
Məmunun əmisi İbrahimin Bağdadı ələ keçirdiyi 201–203-cü illər arasında həbs edilmişdir. Məmuna sadiq qüvvələrin komandanı Hərsəmə, Quranın məxluq olması məsələsi ətrafında baş verən qarışıqlıqlar zamanı Bişri bir müddət həbs etsə də, o sonradan azadlığa çıxmış və ömrünün sonuna qədər xəlifə yanında nüfuzlu mövqeyini qoruyub saxlamışdır.
Tarixçilərin əksəriyyətinin qəbul etdiyi məlumata görə, 833-cü ildə Bağdadda vəfat etmişdir. Onun 216 və ya 227-ci illərdə öldüyünü söyləyənlər də vardır.
Əbül-Yüsr əl-Pəzdəvi qeyd edir ki, Bişr Quranın məxluq olması məsələsində Məhəmməd ibn Müqatil ər-Razi ilə apardığı mübahisədə məğlub olduğu üçün Məmun tərəfindən edam etdirilmişdir. Lakin bu məlumatı xəlifə ilə Bişr arasındakı yaxın münasibətlə uzlaşdırmaq olduqca çətindir.
Zahid və abid bir Hənəfi fəqihi olmasına baxmayaraq, onun cənazə namazında dövrün Əhli-Sünnə alimlərinin iştirak etmədiyi nəql edilir.
Həmçinin bax
Hənəfilərin siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Hənəfilər Kateqoriya:İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar