Ellinistik iudaizm — iudaizmin inkişaf dövrü olub, e.ə. IV əsrdən eramızın II əsrinə qədərki mərhələni əhatə edir.Judaism. // Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. The history of Judaism here is viewed as falling into the following major periods of development: biblical Judaism (c. 20th-4th century BCE), Hellenistic Judaism (4th century BCE-2nd century CE), rabbinic Judaism (2nd-18th century CE), and modern Judaism (c. 1750 to the present). O, qədim yəhudi dininin və həyat tərzinin ellinizm fenomeninə daxil olması ilə xarakterizə olunan bir formasıdır. Qismən İkinci Məbəd dövrü (e.ə. VI əsrin sonu — b.e. 70-ci ili) ilə kəsişir.

thumb|right|240px|İsgəndəriyyəli Filon — ellinistik iudaizmin və yəhudi fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri.

E.ə. IV–II əsrlərdə İsrail torpağı ellinistik dövlətlər olan Ptolemeylər və Selefkilərin tabeçiliyində idi və yəhudilər mədəni ellinləşməyə məruz qalırdılar. Qədim yəhudi (ivrit) və arami dilləri ilə yanaşı, yəhudilər Qədim yunan dilindən (Koyne) də istifadə etməyə başladılar. Makkavey üsyanı nəticəsində e.ə. 164–37-ci illərdə mövcud olmuş ikinci qədim yəhudi dövlət qurumu — Xasmonilər krallığı yarandı. Bu dövrdə ellinləşmiş qruplar və Negev həmçinin Şərqi İordaniyanın qeyri-yəhudi sami xalqları yəhudi xalqının tərkibinə daxil oldular.

E.ə. 63–37-ci illərdə Yəhudiya Roma imperiyası tərəfindən işğal edildi. Eramızın I–II əsrlərində romalılar yəhudi azadlıq hərəkatlarını darmadağın etdilər, eramızın 70-ci ilində İkinci Qüds məbədini dağıtdılar və yəhudilərin böyük hissəsini ölkədən çıxardılar; onlar diaspordakı yəhudi icmalarının sayını artırdılar. Roma və Sasani imperiyalarına səpələnmiş Yəhudi diasporu, xüsusilə İsgəndəriyyə, Roma və Mesopotamiyadakı icmalar öz birləşdirici mərkəzlərindən məhrum oldular.

Ellinistik iudaizm qədim dünyada yəhudi dini ənənəsini yunan mədəniyyətinin elementləri ilə birləşdirən bir iudaizm forması idi. Roma imperiyasının süqutuna və Şərqi Aralıq dənizinin müsəlmanlar tərəfindən fəthinə qədər ellinistik iudaizmin əsas mərkəzləri İsgəndəriyyə və Şimali Suriya idi; hər kai şəhər Makedoniyalı İsgəndərin fəthləri ilə əlaqədar olaraq e.ə. IV əsrin sonunda əsası qoyulmuş Yaxın Şərq və Şimali Afrika bölgəsinin iki əsas yunan şəhər məskəni idi. Ellinistik iudaizm Məbəd dövründə Qüdsdə də mövcud idi və burada ellinləşmə tərəfdarları ilə ənənəçilər arasında münaqişə baş verirdi.

Öz növbəsində iudaizm də müxtəlif forma və təzahürlərdə geniş yayıldığı ellinistik dünyaya təsir göstərirdi. Məbəd təkcə çoxsaylı yəhudi diasporu üçün deyil, həm də bütün ellinistik dünyada yüz minlərlə iudaizm tərəfdarı üçün cazibə mərkəzinə çevrilmişdi. Ellinistik iudaizmin ən diqqətçəkən məhsullarından biri yəhudi kitablarının qədim yunan dilinə tərcüməsi olan və uzun müddət xristian Əhdi-Ətiq mətnlərinin əsasını təşkil edən Septuaginta idi. Bu dövrdə kultun icrasını öz əlində cəmləşdirən kahinlər zümrəsi rəhbər mövqeyini itirdi və dini rəhbərlik qanun müəllimlərinə və müdriklərə keçdi.

Bu dövrdə iudaizmin inkişafı, İsrail torpağının (e.ə. IV əsrdən) ellin sivilizasiyasının torpaqlarına daxil olması (bu, yəhudi cəmiyyətinin bir hissəsinin yəhudi adətlərindən imtina etməsi və yunan mədəni normalarını qəbul etməsi ilə müşayiət olunurdu) və Yəhudiyanın Roma imperiyasının tərkibinə daxil edilməsi (e.ə. 63-cü ildən) şəraitində baş verirdi.

Yəhudi mistik ənənəsi İran və xüsusilə qnostik mifologiyanın, həmçinin qədim yunan idealist fəlsəfəsinin (pifaqorçuluq, platonizm və neoplatonizm) və konfessiyadan kənar "gizli elmlərin" (Astrologiya, alkimiya, Fizioqnomika, elməbənzər magiya) təsirinə məruz qalmış və apokaliptika ilə sıx əlaqədə olmuşdur. Ortodoksallıq tərəfdarları tərəfindən bu mənfi qarşılansa da, yəhudi ənənəsi daşıyıcılarının təsəvvürlərini, folklor motivlərini, məişət inanclarını və fəlsəfi düşüncəsini müəyyənləşdirir, sonradan kabbala və ona yaxın cərəyanlarda yenidən canlanırdı.

Ellinistik və talmudik dövrlərdə yəhudi və yunan-roma mifologiyaları arasında geniş şifahi təmasların olması konsepsiyası apokriflərdə, psevdepiqraflarda, Talmudda və Midraşda qorunub saxlanmış əfsanələrin öyrənilməsinə müqayisəli yanaşmanın əsasını təşkil edir.

Apokrifik ədəbiyyat Allahın bibliya tərəfindən dərk edilməsinə əhəmiyyətli dəyişikliklər əlavə etmədi. Bununla belə, bu ədəbiyyatda və Müqəddəs Kitabın yunan və arami dillərinə tərcümələrində antropomorfizmi aradan qaldırmaq meyli özünü aydın şəkildə büruzə verirdi. Müqəddəs Kitabdakı müvafiq məqamlar yumşaldılır və ya mətndən tamamilə çıxarılırdı. Bu tendensiya özünü ən güclü şəkildə əsasən yunan dilində tərtib edilmiş və yunan fəlsəfəsinin təsiri altında olan Misir diasporu çərçivəsindəki fəlsəfi ədəbiyyatda göstərdi. Yunan filosofları tərəfindən xeyir, həqiqət və gözəlliyi təcəssüm etdirən ali varlıq (Platon), hərəkətverici dünya qüvvəsi (Aristotel) konsepsiyaları formalaşdırılmışdı. Ellinistik yəhudi ədəbiyyatı bu mücərrəd obrazı iudaizmdə Allahın əsas atributu — etik personalizm ilə birləşdirməyə çalışırdı.

Bu dövrün ən görkəmli yəhudi filosofu İsgəndəriyyəli Filon idi. O hesab edirdi ki, Allah xeyir, həqiqət və gözəlliyin ən mükəmməl anlayışlarından ölçüyəgəlməz dərədədə ucadır və bu səbəbdən insan zəkası tərəfindən dərk edilə bilməz. Eyni zamanda, əgər insan Allahı dərk etməyə çalışarsa, o, ucalır və paklaşır. Allahın mahiyyəti ilə maddi dünya arasında birbaşa əlaqə qeyri-mümkün olsa da, Filonun təlimi tərəfindən daxil edilmiş Allahla insan arasında aralıq halqalar mövcuddur ki, bunların rolunda Platondan götürülmüş və mənəvi-alleqorik şəkildə şərh olunan anlayışlar çıxış edir: Mələk (Allahın elçisi), İdeya (varlığın ideal formaları) və hər şeydən əvvəl Loqos. Əgər yunan fəlsəfəsində bu termin "ağıl" mənasını almışdısa, Filon bunu Allah tərəfindən dünyanın yaradılmasında istifadə olunan yunan anlayışlarının və sözlü əmrlərin (məsələn, "İşıq olsun" və s.) məcmusu kimi şərh edirdi.

İstinadlar

Kateqoriya:Ellinistik iudaizm Kateqoriya:İnterkulturalizm Kateqoriya:Qədim yəhudi-yunan tarixi