"Prezident Kuboku" beynəlxalq reqatası — Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan, akademik avarçəkmə, kayak və kanoe növləri üzrə keçirilən beynəlxalq idman yarışıdır.

Reqata Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi yarış təqviminə daxil edilmiş beynəlxalq turnirlərdən biridir.

2022-ci ildən etibarən hər il Azərbaycanda keçirilir. Yarışın təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasıdır.

Yaranması Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident Kuboku" beynəlxalq reqatası akademik avarçəkmə, kayak və kanoe idman növləri üzrə keçirilən ənənəvi idman yarışıdır. İlk illərdən etibarən beynəlxalq status alan bu turnir, Azərbaycan idmançıları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn peşəkar avarçəkənləri bir araya gətirir.

Reqatanın açılış mərasimi dövlət rəsmiləri, idman federasiyalarının rəhbərləri və xarici qonaqların çıxışları ilə baş tutur. Mərasim Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi orkestrının ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə davam edir. Bağlanış mərasimində isə əvvəlcə qaliblər mükafatlandırılır. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim edilir. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edir. Bədii hissədə müxtəlif şou proqramları, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı, su üzərində videoçarxın nümayişi və 3D effektli şou yer alır. Reqataya ənənəvi olaraq atəşfəşanlıqla yekun vurulur.

Yarışın əsas xüsusiyyətlərindən biri onun ilk dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilməsi idi. Reqatanın əsas mərhələləri və bağlanış mərasimi Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində və Suqovuşanda təşkil olundu. 2026-cı ildən etibarən yarışın coğrafiyası genişləndirildi və proqrama Ağdərə rayonunda yerləşən Sərsəng su anbarı da daxil edildi. İlk yarışlar burada 27 aprel 2026-cı ildə keçirildi.

İnkişaf mərhələləri

İlk reqata (6–7 may) 2022-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş və işğaldan azad edilmiş ərazilərdə keçirilən ilk beynəlxalq avarçəkmə yarışı təşkil olundu. Yarışın açılış mərasimi Suqovuşan su anbarında keçirildi. Birinci yarış günündə yeniyetmə və gənclər arasında kayak və kanoe növləri üzrə 200 və 500 metr məsafələrdə yarışlar keçirildi. İkinci yarış günü Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə yarışları keçirildi. Reqata mükafatlandırma mərasimi və bağlanış proqramı ilə başa çatdı.

İkinci reqata (4–7 may) 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ikinci reqatada 20-yə yaxın ölkədən 100-dən çox idmançı iştirak etdi. Açılış mərasimi və ilk yarış günü Suqovuşan su anbarında keçirildi. Həmin il "Prezident Kuboku" beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi yarış təqviminə daxil edildi. Reqata əvvəlki ildə müəyyən edilmiş beynəlxalq format üzrə təşkil olundu.

Üçüncü reqata (30 aprel – 3 may) 2024-cü ildə "Prezident Kuboku" ardıcıl ikinci dəfə Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi yarış təqvimində yer aldı. Reqatada 20-dən çox ölkədən 30-a yaxın komanda iştirak etdi.

Mayın 3-də Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında "Prezident Kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirildi. Mərasim çərçivəsində yarışın qalibləri mükafatlandırıldı və kuboklar təqdim olundu. Təltifetmə mərasimindən sonra bədii proqram nümayiş etdirildi.

Dördüncü reqata (28 aprel – 2 may) 2025-ci ildə keçirilən dördüncü reqata əvvəlki illərdə formalaşmış beynəlxalq format üzrə təşkil olundu. Yarışda iştirakçı ölkələrin və idmançıların sayı artdı, yarışlar Qarabağ bölgəsi və Mingəçevirdə keçirildi.

Beşinci reqata (27 aprel – 1 may) 2026-cı ildə keçirilən beşinci reqatanın açılış mərhələsi ilk dəfə Sərsəng su anbarında təşkil olundu. Yarış "5 il Qarabağda" devizi altında keçirildi. Reqatada Azərbaycanla yanaşı Avropa və Asiyanın müxtəlif ölkələrindən 100-dən çox idmançı iştirak etdi. Final yarışları və bağlanış mərasimi Mingəçevirdə keçirildi.

İştirakçı ölkələr Bu cədvələ əsasən, 2022–2024-cü illərdə 16 ölkə, 2025-ci ildə 20 ölkə, 2026-cı ildə isə 16 ölkə iştirak etmişdir.

Ölkə 2022 2023 2024 2025 2026

Nəticə + "Prezident Kuboku" beynəlxalq reqatasında Azərbaycanın nəticələri İl Ümumi medal Qeyd 2022 9 12 12 33 Akademik avarçəkmədə Azərbaycan, kayak və kanoedə Türkiyə birinci olub. 2023 2 3 9 14 Kayak və kanoedə Türkiyə, akademik avarçəkmədə Gürcüstan birinci olub. 2024 1 3 5 9 Kayak və kanoedə Gürcüstan, akademik avarçəkmədə Özbəkistan birinci olub. 2025 1 7 7 15 Kanoe-kayak növündə birinci yerin sahibi Özbəkistan, akademik növdə isə Gürcüstan olub. 2026 2 3 4 9 Gürcüstan həm akademik, həm də kanoe növündə kuboka sahib olub.

Həmçinin bax "Kür" Olimpiya Tədris-İdman Mərkəzi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

İstinadlar

Kateqoriya:Prezident Kuboku beynəlxalq reqatası Kateqoriya:İdman Kateqoriya:Akademik avarçəkmə Kateqoriya:Kanoe