thumb|Qubada Azərbaycan Milli Qolf Klubu.|280px Azərbaycanda qolf az populyar və yeni idman növlərindən biridir. Azərbaycan Qolf Federasiyası 2012-ci ildən fəaliyyət göstərir. Ölkədə iki qolf klubu mövcuddur.
Tarixi Azərbaycanda qolfun tarixi 2010-cu illərin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Bakıda və regionlarda ilk dəfə bu idman növünə maraq göstərilməyə başlanmışdır. 2012-ci ilin yanvarında Anar Məmmədovun rəhbərliyi altında Azərbaycan Qolf Federasiyası yaradılmışdır. Qurum 2012-ci ilin oktyabrında Avropa, 2013-cü ilin yanvarında isə Beynəlxalq Qolf Federasiyasına üzv seçilmişdir.
Tikintisi 2012-ci ilin aprelində başlayan və sahəsi 2400 m² olan Bakı Qolf Akademiyasının açılışı 2013-cü ilin oktyabrında baş tutmuşdur. 7 iyun 2014-cü ildə Quba Milli Qolf Klubunda ilk dəfə olaraq qolf üzrə Heydər Əliyevin adına Azərbaycan çempionatı keçirilmişdir. 50 idmançının qatıldığı yarışda Kamran Zeynalov, Emin Zeynalov, Elşən Quliyev və Rantik Quliyev təmsil etmişlər. Turnirin qalibi Türkiyə qolfçusu Mahmut Koylu olmuşdur. 31 iyul 2014-cü ildə Quba Milli Qolf Klubunda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə "Challenge Tour" turniri keçirilmişdir. 4 gün davam edən turnirdə 72 ölkədən 156 oyunçu birincilik uğrunda mübarizə aparmışdır. Turnirin qalibi alman qolfçu Morits Lampert olmuşdur. 2018-ci ildə Azərbaycanın ən güclü qolfçuları üçün "Azərbaycan Open" çempionatı təşkil olunmuşdur.
2022-ci ildən Azərbaycan Qolf Federasiyasına Rauf Xəlilov rəhbərlik edir. 2023-cü ildən etibarən hər il Azərbaycan Qolf Federasiyası və Türkiyə Qolf Federasiya tərəfindən Zəfər turniri təşkil olunur. 2023-cü ilin aprelində Azərbaycan və Türkiyə Qolf Federasiyaları arasında, 2024-cü ildə isə Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında anlaşma memorandumu imzalanmışdır.
2025-ci ilin oktyabrında Quba Milli Qolf Klubunda ilk beynəlxalq həvəskar qolf turniri Turan Kuboku baş tutmuşdur. 17 may 2026-cı ildə "Dreamland" qolf klubunda "BYD Invitational" Beynəlxalq Qolf Turniri keçirilmişdir. Turnirdə "Ən yaxın zərbə" nominasiyası üzrə qalib Eldar Kərimov (Azərbaycan), "Ən uzaq zərbə" nominasiyasında qalib şotlandiyalı Kris Vudvulli olmuşdur.
Milli komanda və qolfçular Kamran Zeynalov Azərbaycanın ilk peşəkar qolf oyunçusudur. O, 1992-ci ildə Bakıda doğulmuş, Şotlandiyada qolf oynamağı öyrənmiş, 2013-cü ilin sentyabr ayında peşəkar qolfla məşğul olmağa başlamışdır. 2019-cu ildə Azərbaycanın qolf yığması "MercedesTrophy CEE & Africa Final 2019" turnirinin regional finalında qələbə qazanaraq ilk dəfə Ştutqart şəhərində keçirilmiş dünya finalında iştirak etmişdir.
Klub və meydançalar Bakıda yerləşən "Dreamland" qolf klubu Azərbaycanın aparıcı qolf klublarından biri hesab olunur. 2015-ci ildə istifadəyə verilən bu qolf klubu Azərbaycanda və Cənubi Qafqazda ən müasir qolf sahələrindən biridir. Burada həm təlim meydançaları, həm də 18 dəlikli qolf meydançası mövcuddur. Klub tərəfindən miniturnirlər təşkil olunur. Klub 2025-ci ildə Qazaxıstanın "Jaylyau" qolf-kurortu ilə strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışdır.
Azərbaycanda fəaliyyət göstərən digər qolf klubu Quba Milli Qolf Klubudur. Bu klub Azərbaycan Milli Qolf Klubu kimi də tanınır. Ümumi ərazisi 92 hektar, meydançanın sahəsi 75 hektar olan klubun açılışı 18 sentyabr 2013-cü ildə baş tutmuşdur. Cənubi Qafqazda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır.
Qolf turizmi Azərbaycanda 2019-cu ildən qolf turizmi ilə bağlı işlər görülməyə başlanmışdır. COVID-19 pandemiyasından sonra açıq hava turizm növlərinə tələbatın artması bu istiqamətdə işlərin daha da sürətlənməsinə səbəb olmuşdur. Azərbaycan Turizm Bürosu qolfklublar və qolf federasiyası ilə bu istiqamətdə birgə fəaliyyət planı hazırlamışdır. Büro Mərakeş (2019), Roma (2022), Lissabon (2023) şəhərlərində keçirilmiş Beynəlxalq Qolf Səyahət Bazarı sərgilərində Azərbaycanın qolf turizmi imkanlarını təbliğ etmişdir.
Populyar mədəniyyətdə 2014-cü ildə İctimai TV-də həftəlik "Qolf aləmi" verilişi yayımlanmışdır. Verilişin çəkilişləri Bakı Qolf Akademiyasında aparılmışdır.
İstinadlar
Xarici keçidlər Azərbaycan Qolf Federasiyasının saytı
Kateqoriya:Qolf Qolf