Ukrayna 2021 Avroviziya Mahnı Müsabiqəsində — Ukraynanın 2021-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Ukraynanı Niderlandın Rotterdam şəhərində keçirilən 2021-ci il Avroviziya Mahnı Müsabiqəsində "Vidbir" milli seçim turunun yeni versiyası vasitəsilə Ukrayna İctimai Yayım Şirkəti (UA:PBC) tərəfindən seçilən "Go_A" qrupu "SHUM" mahnısı ilə təmsil etmişdir. Əvvəlcə "Go_A" qrupunun 2020-ci ildə "Solovey" mahnısı ilə müsabiqədə iştirakı planlaşdırılmışdır, lakin tədbir COVID-19 pandemiyası səbəbindən ləğv edilmişdir. 14 may tarixində Rotterdamda baş tutan müsabiqənin finalında "Go_A" qrupu 5-ci yeri tutmuşdur.
Zəmin 2002-ci ildə Ukrayna Milli Televiziya Şirkəti Avroviziya Mahnı Müsabiqəsinə qoşulmuşdur. Həmin vaxtdan etibarən Ukrayna müsabiqədə 15 dəfə təmsil olunmuş və bu çıxışlardan ikisində qələbə qazanmışdı: 2004-cü ildə "Wild Dances" mahnısı, 2016-cı ildə isə "1944" kompozisiyası ilə birincilik əldə edilmişdir. Ölkənin müsabiqə tarixindəki ən aşağı nəticəsi 2017-ci ilə təsadüf edir. Həmin il Ukraynanı "Time" mahnısı ilə təmsil edən "O.Torvald" qrupu 24-cü sırada qərarlaşmışdır. 2018-ci ildə Avroviziya Mahnı Müsabiqəsi üçün Milli Seçim turunun birgə təşkili barədə "STB" telekanalı ilə imzalanan üçillik müqavilənin müddəti başa çatdıqdan sonra Ukrayna Milli İctimai Teleradio Şirkəti 2021-ci il də daxil olmaqla yeni müqavilə imzalamışdır.
2020-ci ildə Avroviziya Mahnı Müsabiqəsi COVID-19 infeksiyasının yayılması səbəbindən ləğv edilmişdir. Ukrayna Milli İctimai Teleradio Şirkətinin 18 mart 2020-ci il tarixli bəyanatına əsasən, 2020-ci ilin Milli Seçim turunda qalib gələn "Go_A" qrupunun 2021-ci ildə də Ukraynanı təmsil etməsi qərara alınmışdır.
Avroviziyada "Avroviziya" qaydalarına görə, ev sahibi ölkə və "Böyük Beşlik" (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) istisna olmaqla, bütün ölkələr final mərhələsinə vəsiqə qazanmaq üçün iki yarımfinalın birində çıxış etməlidirlər. Hər yarımfinaldan ən yaxşı nəticə göstərən on ölkə finala adlayır. Avropa Yayım İttifaqı (EBU) əvvəlki müsabiqələrdəki səsvermə modellərinə əsaslanaraq oxşar səsvermə tarixinə malik ölkələr eyni səbətdə qərarlaşsınlar deyə iştirakçı ölkələri altı fərqli səbətə bölmüşdür. 2021-ci il müsabiqəsi üçün 28 yanvar 2020-ci il tarixində keçirilən və 2020-ci il üçün nəzərdə tutulan yarımfinal püşkatmasının nəticələri əsas götürülmüşdür. Püşkə görə Ukrayna 18 may 2021-ci il tarixində baş tutan birinci yarımfinalın ikinci hissəsində çıxış etmək hüququ qazanmışdır.
Ukrayna təmsilçisi 22 may 2021-ci il tarixində keçirilən böyük finalda Litva və Fransanın ardınca 19-cu nömrə altında səhnəyə çıxmışdır. Qrupun 12 may tarixində Rotterdamda keçirilməsi planlaşdırılan ikinci məşqindən əvvəl "Go_A" kollektivinin solisti Katerina Pavlenko səhhətinin pisləşdiyini bildirmiş və COVID-19 ilə bağlı tətbiq olunan qaydalara əsasən məşqi buraxmalı olmuşdur. Qrupun COVID-19 testi neqativ çıxan digər üzvləri məşqlərini nəzərdə tutulduğu kimi, onu əvəz edən müğənni Emmi van Steyn ilə birlikdə davam etdirmişdilər. Katerina Pavlenkonun növbəti gün bəlli olan PZR testinin nəticəsi neqativ çıxmış və bu, onun yenidən səhnədə çıxış etməsinə şərait yaratmışdır.
İstinadlar
Kateqoriya:Ukrayna Avroviziya Mahnı Müsabiqəsində