"Tavo akys" – Litvanın "Katarsis" alternativ rok qrupunun ifa etdiyi mahnı. Kompozisiya Lukas Radzeviçyus tərəfindən qələmə alınmış, onun prodüserliyini isə Yurgis Masilionis yerinə yetirmişdir. Mahnı 31 yanvar 2025-ci il tarixində işıq üzü görmüş və 2025 Avroviziya Mahnı Müsabiqəsində Litvanı təmsil etmişdir.

2025 Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim "Eurovizija.LT 2025" – LRT yayım şirkəti tərəfindən təşkil olunan və 2025 Avroviziya Mahnı Müsabiqəsində Litva təmsilçisinin müəyyənləşdirilməsini təmin edən milli seçim turniridir. Sözügedən müsabiqə 11 yanvar – 15 fevral 2025-ci il tarixləri arasında keçirilmişdir. Seçimlərdə ümumilikdə 45 iddiaçı iştirak etmiş, onlar 11 yanvar – 8 fevral 2025-ci il tarixlərində baş tutan beş yarımfinal mərhələsində mübarizə aparmış, final şousu isə 15 fevral 2025-ci il tarixində gerçəkləşmişdir. Hər bir mərhələdə yekun sıralama münsiflər heyəti və tamaşaçı səsverməsinin yarıbayarı (50/50) nisbəti əsasında müəyyən edilmişdir. Doqquz ifaçının yarışdığı hər bir yarımfinal mərhələsindən ən yaxşı iki mahnı finala adlamış, finalın ən yaxşı üç kompozisiyası isə qalibin seçildiyi növbəti teleqərar mərhələsinə (superfinala) vəsiqə qazanmışdır. Əvvəlki mərhələlərin hər hansı birində xalların bərabərliyi qeydə alındığı təqdirdə, üstünlük münsiflər heyətinin rəyinə verilmişdir. Xalların hesablanması sistemi Avroviziya mahnı müsabiqəsindəki qaydalarla eynilik təşkil etmişdir; belə ki, həm münsiflərin, həm də tamaşaçıların səsverməsində ilk onluğa daxil olan mahnılara 1–8, 10 və 12 xal bəxş edilmişdir.

11 dekabr 2024-cü ildə "Katarsis" qrupunun "Tavo akys" mahnısı ilə müsabiqənin 45 iştirakçısından biri olduğu elan edilmişdir. 1 fevral 2025-ci il tarixində "Tavo akys" yarımfinal mərhələsini uğurla adlamış və iki həftə sonra finalda çıxış etmək hüququ əldə etmişdir. Finalda bu kompozisiya münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində ən çox səs toplayan üç mahnıdan biri olaraq superfinala vəsiqə qazanmış, burada isə teleqərarın yekununa əsasən qalib elan edilərək Litvanı Bazel şəhərində keçirilən Avroviziya səhnəsində təmsil etmək hüququna sahib olmuşdur.

Müsabiqədə 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" kompleksində təşkil olunmuşdur. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinal və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. 28 yanvar 2025-ci ildə reallaşan püşkatma nəticəsində Litva ikinci yarımfinal mərhələsində çıxış etmək imkanı qazanmışdır. Müsabiqənin finalında Litva təmsilçisi 16-cı pillədə qərarlaşmışdır.

Trek siyahısı Rəqəmsal yükləmə/striminq

«Tavo akys» - 2:52

Rəqəmsal yükləmə/striminq, xor versiyası

«Tavo akys» (xor versiyası) - 3:14

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları