May böhranı — 1938-ci ildə alman qoşunlarının Çexoslovakiya sərhədlərinə doğru hərəkətə keçdiyi və bunun yaxın zamanlarda Avropada böyük bir müharibənin alovlanacağına işarə etdiyi barədə yayılan xəbərlərin səbəb olduğu qısamüddətli beynəlxalq gərginlik dövrü idi. Həmin dövrdə real hərbi cəmləşmə (konsentrasiya) müəyyən edilmədikdən sonra bu yüksək narahatlıq vəziyyəti tezliklə səngisə də, böhranın geosiyasi nəticələri olduqca geniş əhatəli olmuşdur.

Müharibə qorxusu

thumb|Çexoslovakiya, 1918–1938-ci illərdə (1938-ci ilin martında Avstriya Almaniya tərəfindən ilhaq edilmişdir.)

1938-ci ilin martında Almaniyanın Avstriyanı ilhaq etməsi və Çexoslovakiyanın almandilli sərhəd bölgəsi olan Sudetdə davam edən iğtişaşlardan sonra Orta Avropada beynəlxalq gərginlik onsuz da yüksək idi. 19 may 1938-ci ildə Çexoslovakiya sərhədlərinə yaxın ərazilərdə əhəmiyyətli dərəcədə hərbi cəmləşmə (konsentrasiya) olduğuna dair yayılan hesabatlar yaxın zamanlarda alman hücumunun baş verəcəyi qorxusuna yol açmışdı. Əsasən Çexoslovakiya kəşfiyyat mənbələrindən gələn bu məlumatlara cavab olaraq, Çexoslovakiya 20 mayda bir qrup ehtiyatda olan hərbi qulluqçunu qismən səfərbər etmiş və sərhəd müdafiəsini gücləndirmişdi. Hadisələrin bu cür inkişafından narahat olan Fransa (Çexoslovakiyanın əsas müttəfiqi) və Böyük Britaniya hökumətləri mümkün bir hücum zamanı Çexoslovakiyanın köməyinə çatacaqları barədə Almaniyaya xəbərdarlıq etmişdilər. Almaniya hökuməti hər hansı bir aqressiv qoşun hərəkətliliyinin baş verdiyini təkzib etmiş və real hərbi fəaliyyətə dair heç bir maddi sübut tapılmadığından, kəskin böhran atmosferi 23 mayadək səngimişdir.

Nəticəsi

Berlində qətiyyətli Fransa və Böyük Britaniya diplomatik addımlarının ortaya çıxması, Almaniyaya yönəlmiş ümumi sakitləşdirmə siyasətinə zidd görünsə də, nəticədə bu siyasəti gücləndirməkdən başqa bir işə yaramadı. Böhrandan sonra, Almaniya ilə müharibədən çəkinən Fransa və xüsusilə Böyük Britaniya, Nasist Almaniyasının təlimatları daxilində Sudet vilayətində iğtişaşları qızışdıran Sudet Alman Partiyasına (SdP) güzəştlər edilməsi üçün Çexoslovakiya rəhbərliyi üzərindəki təzyiqlərini artırmışdı. Conrad Henleyn SdP-nin lideri idi.

Almaniyada isə Çexoslovakiyanın müdafiə tədbirləri ilə Fransa və Böyük Britaniya diplomatiyası qarşısında geri addım atmış kimi görünmək, Çexoslovakiyaya qarşı düşmənçiliyi daha da kəskinləşdirmişdi. Bir neçə gün ərzində Almaniya rəhbəri Adolf Hitler Çexoslovakiyanın işğalı planı olan "Yaşıl plan" direktivini yenidən nəzərdən keçirmişdi. Yeni direktiv 30 may 1938-ci ildə rəsmən imzalanmış və 1938-ci ilin oktyabrından gec olmayaraq icra edilməli idi: "Yaxın gələcəkdə Çexoslovakiyanı hərbi əməliyyat yolu ilə parçalamaq mənim dəyişməz qərarımdır".

May böhranı 1938-ci ildə baş vermiş qısamüddətli, lakin mühüm geosiyasi hadisə idi. Həmin dövrdə təcavüzkar Almaniya hərbi hazırlıqlarının görüldüyünə dair heç bir maddi sübut ortaya çıxmasa da, böhranın yekunu Münhen sazişinə və Çexoslovakiyanın tamamilə süqutuna aparan yolda həlledici addım olmuşdur. Çexoslovakiya kəşfiyyat xidmətinə ötürülən alman qoşunlarının cəmləşməsinə dair dezinformasiyanın mənbəyi və onun arxasındakı dəqiq motivlər bu gün də qeyri-müəyyən olaraq qalmaqdadır.

Hitler 30 yanvar 1939-cu il tarixli Reyxstaq çıxışında Çexoslovakiyanın Sudet vilayətini oktyabrın 2-dək təhvil verməyəcəyi təqdirdə hərbi işğala başlayacağını qətiləşdirdiyini bildirərək May böhranına xüsusi toxunmuşdur. "Reyxin nüfuzuna ciddi zərbə" və "dözülməz bir təxribat"dan bəhs edən Hitler Sudet vilayətinin alman qətiyyəti və diplomatiyadan ziyadə hərbi gücə əl atmaq istəyi sayəsində təmin edildiyini iddia etmişdir.

İstinadlar

Kateqoriya:1938-ci ildə Almaniya Kateqoriya:1938-ci ildəki hadisələr Kateqoriya:Diplomatik insidentlər Kateqoriya:Sudet vilayəti Kateqoriya:Münxen sazişi Kateqoriya:Çexoslovakiya–Almaniya münasibətləri