Lion körfəzi (, , ) — Aralıq dənizinin şimal-qərb hissəsində, Fransanın cənub-şərq sahillərində yerləşən körfəz. Körfəzin sahil xətti qərbdə Langedok-Russilyon və Kataloniya hüdudlarından başlayaraq, şərqdə Tulon şəhərinə qədər uzanır. Körfəz sahilində yerləşən ən böyük liman şəhərləri Marsel və Setdir.

Adın etimologiyası

Körfəzin qədim adı — sinus Gallicus (Qalliya körfəzi) olub, Qədim Roma dövrünə aid latındilli mənbələrdə geniş istifadə edilmişdir. Bu ad, qədim dövrlərdən bəri müasir Fransa ərazisində məskunlaşmış qal xalqının adından götürülmüşdü.

Körfəzin müasir adı isə təxminən XIII əsrdən etibarən latındilli mənbələrdə sinus Leonis ("Şir körfəzi") və ya mare Leonis ("Şir dənizi") formalarında işlənməyə başlamışdır. Mövcud fərziyyələrə görə, bu ad körfəz sularının gəmiçilik üçün "bir şir kimi" son dərəcə təhlükəli və hiddətli olmasına görədir.

Müxtəlif mötəbər mənbələr, o cümlədən Deni Didro və Jan Leron Dalamber tərəfindən nəşr olunan məşhur "Ensiklopediya", eləcə də Frederik Mistralın lüğəti körfəzin adının Fransanın Lion şəhəri ilə hər hansı bir bağlılığının olması versiyasını qətiyyətlə rədd edirlər; çünki bu şəhər sahildən çox uzaqda, Mərkəzi Fransa ərazisində yerləşir.Frederic Mistral, 1878—1886 (1979), Lou Tresor dóu Felibrige ou dictionnaire provençal-français, Aix-en-Provence: Edisud, see. articles gou (golf, 'gulf') and lioun (leon, 'lion'). "Ensiklopediya" adın mənşəyi ilə bağlı iki alternativ versiya irəli sürür: ad ya Provans sahillərində yerləşən qədim Lion adasından götürülmüşdür, ya da ispanlar burada tez-tez baş verən şiddətli fırtınalara işarə edərək bu su hövzəsini golpho Leone adlandırmışlar.

Coğrafiyası

Körfəz Aralıq dənizinin şimal-qərb hissəsində yerləşir və Fransanın cənub-şərq sahillərini yuyur. Körfəzdə dəniz dibinin dərinliyi 1 km-dən çoxdur. Sahil boyu geniş və dayaz kontinental şelf uzanır. İqlimi subtropikdir. Körfəz sahillərində tez-tez Alplardan Rona çayı vadisi boyunca cənuba doğru əsən güclü, soyuq və quru külək — mistral müşahidə olunur. Körfəz sahillərində qabarma və çəkilmələr qeyri-müntəzəm xarakter daşıyır, yarımgünlükdür və hündürlüyü 0,2 metrə qədər çatır.

Lion körfəzinə Rona, Od, Tek, Tet, Orb, Ero və Vidurl çayları tökülür. Körfəz Set şəhərindən başlayan Cənub kanalı vasitəsilə Tuluz şəhərinə, oradan isə Qaronna kanalı vasitəsilə Biskay körfəzinə bağlanır.

Lion körfəzinin sahilyanı zonası iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmişdir. Burada yerləşən ən böyük limanlar Marsel və Setdir. Körfəzin sahil xətti həm də aktiv turizm və mühüm rekreasiya zonası hesab olunur.

Geniş yayılmış növlər

Lion körfəzində kiçik ağ vağ, bizdimdik, bağdagüləyən, qızılqaz, qaraboyun maygülü, Aralıq dənizi qağayısı, misir vağı kimi müxtəlif quş növləri geniş yayılmışdır. Körfəzin ixtiofaunasına (balıq növlərinə) gəlincə isə, burada Avropa sardini, ançous, dəniz ilanbalığı, skumbriya, dəniz çipurası (spar), Dicentrarchus (lavrak) və digər dəniz canlıları üstünlük təşkil edir.

İstinadlar

Həmçinin bax

Aralıq dənizi Marsel Körfəz

Xarici keçidlər

Marine topography of the Golfe du Lion

Kateqoriya:Provans-Alp-Kot-d'Azür relyefi Kateqoriya:Aralıq dənizi körfəzləri