thumb|Böyük Britaniyanın ali elmi müəssisəsi olan London Kral Cəmiyyətinin emblemi

Milli akademiya və ya Dövlət elmlər akademiyası — dövlətin və ya onun inzibati-ərazi vahidinin ali elmi müəssisəsi və əsas elmi mərkəzi statusudur. Bu status nizamnamə, qanun və ya digər dövlət aktı vasitəsilə elmi təşkilata xüsusi səlahiyyətlər, hüquq və vəzifələr verilməsi ilə təsdiq olunur.

Dövlət elmlər akademiyası statusu verilən elmi cəmiyyət birbaşa dövlət tərəfindən təsis edilə bilər və ya mövcud olan hər hansı elmi cəmiyyətə (təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq) bu status verilə bilər. Normativ hüquqi aktın səviyyəsindən asılı olaraq akademiyalar milli, submilli və yerli səviyyələrə bölünür. Submilli və yerli səviyyəli akademiyalar daha böyük dövlət orqanının subyekti olan inzibati-ərazi vahidləri tərəfindən təsis edilir. Əhatə etdiyi bilik sahələrinin genişliyinə görə akademiyalar kompleks tipli və ixtisaslaşmış (sahəvi) akademiyalara ayrılır.

Xüsusi statusu olmayan və dövlət akademiyalarından fərqli olaraq mülki və beynəlxalq hüququn ümumi müddəaları əsasında fəaliyyət göstərən elmi təşkilatlar isə ictimai elmlər akademiyaları adlanır. Beynəlxalq hüquq əsasında fəaliyyət göstərən ictimai akademiyalar beynəlxalq elmlər akademiyaları kateqoriyasına aid edilir. Sonuncular ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların və ya özəl şəxslərin və fondların himayəsindən yararlana bilərlər.

Azərbaycan Respublikasında dövlət elmlər akademiyası statusuna sahib olan ali orqan Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA). O, ölkədə elmin inkişafını təmin edən, elmi müəssisələrin fəaliyyətini əlaqələndirən və dövlətin elmi siyasətini həyata keçirən ali dövlət elmi təşkilatıdır.

Dövlət elmlər akademiyasının səciyyəvi əlamətləri

Hər hansı bir elmi cəmiyyəti dövlət elmlər akademiyası kateqoriyasına aid etməyə imkan verən əsas əlamət, həmin cəmiyyətin dövlət tərəfindən rəsmi (bir qayda olaraq sənədləşdirilmiş formada) həmin dövlət orqanının ali elmi təşkilatı kimi tanınmasıdır. Bu tanınma həmin elmi cəmiyyətə elmi tədqiqatların təşkili və idarə olunması sahəsində xüsusi səlahiyyətlər, habelə dövlət qarşısında müəyyən öhdəliklər verir.

Dövlətin elmi cəmiyyətin təsisçisi kimi iştirak etməsi dövlət elmlər akademiyasının mütləq əlaməti deyil. Belə ki, dövlət elmlər akademiyası mütləq dövlət tərəfindən təsis edilməli deyil; əvvəllər yaradılmış qeyri-dövlət elmi cəmiyyəti elmi ictimaiyyətdəki nüfuzuna görə dövlət elmlər akademiyası kimi tanına bilər. Məsələn, "Academia Naturae Curiosorum" təbiətşünaslar cəmiyyəti 1652-ci ildə bir qrup alman həkimi tərəfindən yaradılmışdır. 1677-ci ildə o, Müqəddəs Roma İmperiyasının imperatoru I Leopold tərəfindən rəsmi tanınma almışdır. Bir neçə il sonra Leopold bu cəmiyyətə xüsusi imtiyazlarla (imperator himayəsi, yerli hakimiyyət orqanlarından asılılıq, senzura azadlığı və s.) imperator elmlər akademiyası statusu və yeni ad — vermişdir. 2008-ci ildə isə bu cəmiyyət Almaniyanın ali elmi təşkilatı statusunu almış və "Leopoldina Milli Elmlər Akademiyası" adlandırılmışdır.

Dövlətin əsas maliyyə mənbəyi rolunda çıxış etməsi də dövlət elmlər akademiyasının mütləq əlaməti hesab olunmur. Dövlət elmlər akademiyası statusu almış elmi cəmiyyət həm dövlət büdcəsi vəsaitləri hesabına, həm də üzvlük haqları, fərdi ianələr, fondlar, nəşriyyat gəlirləri və elmi-məsləhət xidmətləri kimi digər mənbələrdən maliyyələşə bilər. Məsələn, ABŞ-nin milli akademiyalar sistemini dörd yarı-dövlət qeyri-kommersiya təşkilatı təşkil edir: ABŞ Milli Elmlər Akademiyası, ABŞ Milli Mühəndislik Akademiyası, ABŞ Milli Tibb Akademiyası və ABŞ Milli Tədqiqat Şurası. Bu təşkilatlar ABŞ Konqresinin xartiyası ilə təsis edilmişdir və həmin xartiyaya əsasən, federal dövlət orqanlarının xahişi ilə tədqiqatlar aparmaq öhdəliyi müqabilində onlara geniş fəaliyyət azadlığı verilir. Dövlət bu xidmətlərə görə haqq ödəmir, lakin tədqiqatların aparılması üçün çəkilən faktiki xərcləri qarşılayır.

Bundan əlavə, dövlət elmlər akademiyası kimi tanınan elmi cəmiyyətin adında mütləq "dövlət", "milli" və ya "elmlər akademiyası" sözlərinin olması vacib deyil. Nümunə kimi London Kral Cəmiyyəti, Finlandiya Elmi Cəmiyyəti, Kanada Kral Cəmiyyəti və Fransa İnstitutunu göstərmək olar.

İstinadlar

Kateqoriya:Milli akademiyalar Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Milli elmlər akademiyaları