Kunqstredqorden () — Stokholm metropoliteninin Göy xəttinin Stokholmun mərkəzində, Kunqstredqorden parkının (Norrmalm rayonu) yaxınlığında yerləşən stansiyası. 10 və 11 nömrəli marşrutlar üçün sonuncu stansiyadır və T-Sentralen stansiyasından sonra gəlir. Bədii tərtibatına görə Stokholm metrosunun ən məşhur stansiyalarından biridir.

Stansiya yeraltı tiplidir, yer səthindən 34 m, dəniz səviyyəsindən isə 29,3 m dərinlikdə qaya süxurlarında yerləşir ki, bu da onu Stokholm metrosunun ən dərin stansiyası edir. 2011-ci ilin məlumatına görə, iş günlərində stansiyanın orta sərnişin axını 5600 nəfər təşkil etmişdir. Göy xəttin Kunqstredqorden vasitəsilə Nakka kommunasına qədər uzadılması ilkin olaraq planlaşdırıldığı üçün, stansiya böyük ötürücülük qabiliyyətinə malikdir və hazırkı göstəricilərdən daha çox sərnişin axınına xidmət edə bilər.

Kunqstredqorden 30 oktyabr 1977-ci ildə açılmış və Stokholm metropoliteninin sayca 91-ci stansiyası olmuşdur. İlkin olaraq yalnız qərb vestibülü istifadəyə verilmişdi. Şərq vestibülünün açılışı isə "Qarağac döyüşü"nə () görə gecikmişdir. Bu hadisə şərq vestibülünün inşası üçün 14 əsrlik qarağac ağacının kəsilməsinə etiraz edən şəhər sakinləri ilə polis arasında baş vermiş qarşıdurma idi. Etirazlar nəticəsində ağaclar qismən mühafizə edilmiş, layihəyə düzəlişlər edilmiş və şərq vestibülü yalnız 14 yanvar 1987-ci ildə açılmışdır.

Stansiyanın bədii tərtibatı Ulrik Samuelson və Arne Fredrikssona məxsusdur. Ulrik Samuelson stansiyanı layihələndirərkən Kunqstredqorden parkı ətrafındakı saraylardan ilhamlanmışdır. Divarlardakı rəsmlərin böyük hissəsi Arne Fredrikssonun əl işidir. Platformalar arasında vaxtilə Zədəganlar məclisi binasının üzərində ucalan müharibə ilahının heykəli yerləşdirilmişdir. Divarlar Makalös sarayından gətirilmiş əlli ədəd maskaron və heykəllə bəzədilmişdir. Stansiyanın şərq hissəsində 1971-ci ildə "Qarağac döyüşü" zamanı etirazçıların naminə mübarizə apardığı ağaclardan birinin kötüyü yerləşdirilmişdir.

Flora və fauna

Stansiya özünəməxsus bitki, heyvan və göbələk aləmi ilə diqqət çəkir. Bura Skandinaviyada Lessertia dentichelis hörümçəyinə rast gəlinən yeganə yerdir. Mağarada yaşayan bu hörümçək növü stansiya 1970-ci illərin ortalarında istifadəyə verildiyi gündən bəri onun divarlarında məskunlaşıb, lakin alimlər onun bura tam olaraq necə gəlib düşdüyünü dəqiq bilmirlər. Ehtimal olunur ki, hörümçək bura tikinti zamanı Cənubi Avropadan gətirilən maşın və qazıntı avadanlıqları vasitəsilə daşınmışdır. Həmçinin stansiyanın divarlarında əvvəllər Stokholm ərazisində nəsli kəsildiyi hesab edilən mamır növü də bitir."Ecosystem found in Stockholm subway" Sveriges Radio

2016-cı ildə metropolitenin vəhşi təbiətini tədqiq edən bir qrup alim stansiya divarlarını örtən və əvvəllər məlum olmayan iki göbələk növü aşkar etmişdir. Aparılan dərin analizlər nəticəsində məlum olmuşdur ki, bu göbələklər unikal DNT tərkibinə malik olan və elmə indiyədək məlum olmayan yeni bir cinsə aiddir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Images of Kungstradgarden