1963-cü ildə Suriyada dövlət çevrilişi və ya bəəsçi tarixşünaslıqda 8 Mart inqilabı () — Ərəb Sosialist Bəəs Partiyasının Suriya regional qolunun hərbi komitəsi tərəfindən Suriyada hakimiyyətin ələ keçirilməsi ilə nəticələnmiş dövlət çevrilişi. Suriyalı bəəsçi zabitlərinin planlaşdırma fəaliyyəti və formalaşmaqda olan çevriliş prosesi 1963-cü ilin fevral ayında Bəəs Partiyasının İraqda hakimiyyəti ələ keçirməsi ilə təşviq olunmuşdur.
Çevriliş partiyanın mülki rəhbərliyi tərəfindən yox, Hərbi Komitə tərəfindən planlaşdırılmışdır, lakin partiya lideri Mişel Əfləq bu qəsbkarlığa razılıq vermişdir. Planlaşdırma mərhələsində və hakimiyyətin ələ keçirilməsindən dərhal sonra Hərbi Komitənin aparıcı üzvləri azlıq təşkil edən nüseyri icmasına mənsub olan Məhəmməd Ümran, Sələh Cədid və Hafiz Əsəd olmuşdur. Komitə iki nasirçinin — Rəşid Küteyni və Məhəmməd Sufi, eləcə də müstəqil zabit Ziyad Həririnin dəstəyini təmin etmişdir. Çevriliş ilkin olaraq 7 mart 1963-cü il tarixinə planlaşdırılmışdır, lakin hökumət çevrilişçilərin toplaşma yerini aşkar etdikdən sonra əməliyyat bir gün təxirə salınmışdır. Çevrilişdən sonra bəəsçi hərbi komitə Suriya Silahlı Qüvvələrinin strukturunu əsaslı şəkildə dəyişdirmiş, zabit heyətinin təxminən 90 faizini nüseyrilər ilə əvəz etməklə genişmiqyaslı təmizləmələr həyata keçirmişdir.
8 mart çevrilişi müstəmləkəçilikdən sonrakı Suriya Respublikasında demokratik təcrübələr dövrünə son qoymuş və ölkəni gündəlik həyat üzərində totalitar hökmranlıq həyata keçirən təkpartiyalı dövlət modelinə doğru yönəltmişdir. Bu hadisə nəticəsində sosial, iqtisadi, siyasi, təhsil və dini sahələr üzərində amansız repressiya və dövlət terroru vasitəsilə geniş nəzarət həyata keçirən bəəsçi sistem möhkəmlənmişdir. Ərəb Sosialist Bəəs Partiyası orduya, təhlükəsizlik aparatına, siyasi sistemə və "Müxabərat"a nəzarəti vasitəsilə 61 ildən artıq müddətdə hakimiyyətdə qalmağı bacarmışdır. Ölkə 2000-ci ildə partiyanın baş katibi Bəşər Əsədin rəhbərliyinə keçmiş, onun hakimiyyəti isə 2024-cü ildə Suriyada vətəndaş müharibəsi zamanı devrilməsi ilə başa çatmışdır.
Zəmin
Çevrilişə aparan hadisələr
Müasir Suriya dövləti ilk dəfə 1920-ci ildə, 1917-ci ildə Osmanlı imperiyasının süqutundan sonra kral I Feysəlin rəhbərliyi altında Suriya Ərəb krallığı kimi yaradılmışdır. Bu dövlət yalnız Suriya ilə məhdudlaşmayan yeni ərəb krallığı kimi nəzərdə tutulmuş, ərəb milliyyətçiliyi və panislam siyasətini mənimsəmişdir, lakin Birinci dünya müharibəsindən sonra bu dövlətin qurulmasına yardım etmiş Britaniya imperiyası Fransa ilə gizli Says–Piko sazişi bağlamış və Suriya və Livan üçün mandat idarəçiliyinin yaradılmasına şərait yaratmışdır. Nəticədə ərazi faktiki olaraq Fransanın müstəmləkələrindən biri kimi fəaliyyət göstərmiş, yeni yaradılmış dövlət isə suriyalıların böyük əksəriyyəti tərəfindən mənfi qarşılanmışdır. Onların bir qismi bunu Avropa imperializminin vassalı hesab etmişdir. Bu mərhələdə bəzi hərəkatlar, xüsusilə Suriya Sosial Milliyyətçi Partiyası Suriya kimliyinin formalaşdırılmasına çalışmış, digərləri isə kommunizm və islamçılıq ideyalarının tərəfdarına çevrilmişdir. Bununla belə, suriyalıların əksəriyyəti özlərini suriyalıdan çox ərəb kimi görməyə davam etmişdir.
Mandat rejimi feodal xarakter daşımış və yarı-liberal oliqarxik sosial baza üzərində qurulmuşdur. Bu sistem Birləşmiş Ərəb Respublikası (BAR) yaradılanadək dəyişməz qalmışdır. Sözügedən quruluş şəhər–kənd həyat tərzini əks etdirən sinfi cəmiyyət formalaşdırmışdır. Təxminən üç min ailə Suriyadakı torpaqların yarısına sahib olmuşdur. Orta təbəqə kiçik və orta torpaq sahələrinin böyük hissəsinə nəzarət etmişdir. Kəndlilərin təxminən üçdə ikisi torpaqsız olmuşdur. Kənd təsərrüfatı gəlirləri son dərəcə qeyri-bərabər bölüşdürülmüşdür. Əhalinin ən varlı iki faizi gəlirin 50 faizini əldə etmiş, əhalinin 18 faizini təşkil edən orta təbəqə isə kənd təsərrüfatı gəlirlərinin 25 faizinə sahib olmuşdur. Qalan 80 faiz gəlirin qalan hissəsini bölüşmüşdür. Torpaq sahibləri ilə kəndlilər arasında mövcud ittifaq sinfi fərqlərə əsaslanmış, tərəflər arasında sosial qarşıdurma isə nəticədə torpaq sahiblərinin siyasi mövqelərinin zəifləməsinə gətirib çıxarmışdır.
Mandat rejimi 1946-cı ildə Britaniyanın Fransaya verdiyi ultimatum nəticəsində ləğv olunmuş, Suriya 17 aprel 1946-cı il tarixində müstəqil dövlətə çevrilmişdir. Mandat dövründə ölkəni idarə etmiş eyni elita hakimiyyətdə qalaraq əvvəlki üsulla idarəçiliyi davam etdirmişdir. 1948-ci il Ərəb–İsrail müharibəsindəki məğlubiyyət ənənəvi elitanın süqutuna və ordunun siyasətdə rolunun artmasına səbəb olmuşdur. Hüsnü Zəim 1949-cu ildə Suriyanın ilk hərbi diktatoru olmuşdur. 1950-ci ildə hərbçi Ədib Şişəkli pərdəarxası hakimiyyəti ələ keçirmiş, 1953-cü ildə isə yeni hərbi diktatura qurmuşdur. Ordunun Suriya siyasi səhnəsinə daxil olması oliqarxiyanı zəiflətmiş, orta təbəqənin siyasətdə iştirakına şərait yaratmışdır, lakin səlahiyyətləri azalsa da, ənənəvi elita istehsal olunan sərvətin böyük hissəsinə nəzarəti əlində saxlamışdır.
Məhz bu mühitdə bəəsçilik ideologiyası formalaşmışdır. Ərəb Bəəs Hərəkatı 1940-cı illərdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən yaradılmışdır. Hərəkatın ilkin mərhələsində mühüm rol oynamış digər şəxslər arasında Zəki Ərsuzi, Vəhb Qanim və Cəlal Səyyid olmuşdur. Əkrəm Həvrani 1953-cü ildə Ərəb Sosialist Hərəkatını təsis etmiş, sonradan bu partiya ilə Ərəb Bəəs Partiyasının birləşməsi nəticəsində Bəəs Partiyası yaradılmışdır. 1947-ci ildə keçirilmiş Ərəb Bəəs Partiyasının təsis qurultayında iştirak edən 150 nümayəndənin əksəriyyəti orta təbəqəyə mənsub mütəxəssislər və ya ziyalılar olmuşdur. 1950-ci illərdə partiya şəhər orta təbəqəsi arasında dayaq qazana bilmişdir. Bununla belə, Bəəs Partiyası yalnız orta təbəqənin partiyası olmamış, ilk dövrlərdən etibarən partiya kadrlarını kənd ərazilərinə göndərərək yeni üzvlər cəlb etmiş və yeni təşkilatlar yaratmışdır. 1956-cı ildə Bəəs Partiyası Suriya tarixində ilk əmək etirazını təşkil etmişdir. Partiya güclü təşkilati struktura malik olmuşdur, lakin cəmiyyətin bütün təbəqələrindən üzvlərin qəbul edilməsi partiya daxilində traybalizm və klientela münasibətlərinin yayılmasına səbəb olmuşdur. Nəticədə partiya rəhbərliyi demokratik norma və prosedurlara riayət olunmasına göz yummuşdur.
Bəəs Partiyası ciddi seçim qarşısında qalmışdır: hakimiyyəti rəqabətli seçkilər yolu ilə ələ keçirmək, yoxsa zorakı yolla hakimiyyəti ələ almaq. Hətta liberal və demokratik meyilli qurucu liderlər belə seçki prosesini korrupsiyalaşmış hesab edərək zorakı hakimiyyət dəyişikliyinə meylli olmuşdur. Hakimiyyəti ələ keçirməzdən əvvəl Bəəs Partiyası Birləşmiş Ərəb Respublikası daxilində Camal Əbdül Nasir ilə hakimiyyəti bölüşə biləcəyinə ümid etmişdir, lakin BƏR-də Misirin üstün mövqeyi nəticəsində Bəəs Partiyası özünü buraxmağa məcbur olmuşdur. 1961-ci ildə Suriyada baş vermiş hərbi çevriliş nəticəsində BƏR süqut etmişdir. BƏR-in yaradılması və dağılması Bəəs Partiyası üçün ciddi zərbə olmuş, partiya daxilində BƏR tərəfdarları, əleyhdarları, həmçinin partiyanın ənənəvi liderlərinə qarşı çıxan və ya onları dəstəkləyən qruplar arasında parçalanma yaratmışdır. 1962-ci ildə Əfləq partiya qurultayı çağırmış və Bəəs Partiyasını yenidən təşkil etmişdir, lakin bəzi yerli təşkilatlar BƏR dövründə özünü buraxmaq göstərişinə əməl etməmiş, panərəbçilik ideyalarına qarşı dərin düşmənçilik formalaşdırmış və radikal sosialist mövqelər tutmuşdur. Sonradan 8 Mart inqilabını həyata keçirəcək Hərbi Komitə də bu baxışların böyük hissəsini bölüşmüşdür.
İqtisadi və sosial kontekst
8 Mart inqilabı çox vaxt sadəcə hərbi çevriliş kimi qiymətləndirilmişdir, lakin bu, aşağı təbəqələrdən qaynaqlanan milli üsyanların bir çox xüsusiyyətlərini özündə birləşdirmişdir. İnqilaba oliqarxiyaya qarşı yönəlmiş ittifaq rəhbərlik etmişdir. Bu ittifaq radikallaşmış aşağı orta təbəqəni, zabit korpusunun strateji üzvlərini, kənarlaşdırılmış azlıqları və aqrar münaqişələr üçün səfərbər edilmiş xeyli sayda kəndlini əhatə etmişdir. Beynəlxalq kontekstdə inqilabın baş verməsi Fransa tərəfindən müəyyən edilmiş dövlət sərhədlərinin süni xarakter daşıması və yeni yaradılmış Suriya daxilində İsrail dövlətinin yaradılmasına qarşı düşmənçilik mühiti ilə bağlı olmuşdur. Suriya müstəqillik əldə etdikdən sonra hakimiyyətə gəlmiş ənənəvi elita da məhz Suriya və Livan üzrə mandat dövründə formalaşmışdır. Əhalinin geniş təbəqələrinin razılığı olmadan Suriyaya kənardan tətbiq edilmiş sərhədlər narazılıq yaratmışdır. Milli mübarizə ərəb milliyyətçiliyi, panislamizm və Böyük Suriya ideyaları kimi ideoloji cərəyanların təsiri altında formalaşmışdır. Mübarizənin plebey xarakteri və radikal ideologiyalar aqrar məsələyə də radikal yanaşmaların meydana çıxmasına səbəb olmuşdur.
Suriyada yeni orta təbəqənin formalaşması narazılıqları gücləndirmişdir, çünki ənənəvi elita iqtisadiyyatın ən böyük sahəsi olan aqrar sektora nəzarət etmiş və sərvətin əsas hissəsini öz əlində cəmləşdirmişdir. Yeni orta təbəqə kapitalistlər və sahibkarlardan ibarət olmuş, onlar isə ənənəvi elitanın hakimiyyəti inhisara almasına qarşı çıxmışdır. Hakimiyyətin ənənəvi elita tərəfindən monopoliyalaşdırılması yeni orta təbəqənin radikallaşmasına gətirib çıxarmışdır. Bir çox ölkələrdə mühafizəkar və elitist xarakter daşıyan ordu Suriyada radikallaşmışdır, çünki hərbçilər daha böyük siyasi rol tələb etmiş və ənənəvi elitanın ölkəni müdafiə etmək iqtidarında olmadığına inanmışdır. Hərbi heyətin əhəmiyyətli hissəsi yeni orta təbəqədən və ya ucqar bölgələrdən cəlb olunmuşdur.
Suriyada dini azlıqlar çox vaxt sosial baxımdan zəif mövqedə olmuşdur və müəyyən etnik mənsubiyyətlər adətən konkret sosial siniflərlə üst-üstə düşmüşdür. Məsələn, nüseyrilər, dürzilər və ismaililər aşağı sosial təbəqələrə mənsub dini qruplar olmuş və zamanla ərəb milliyyətçiliyinin radikal formalarını, o cümlədən bəəsçiliyi qəbul etmişdir. Kəndlilər olmadan Suriyada bəəsçi inqilab mümkün olmazdı. Yeni orta təbəqə təkbaşına yalnız qeyri-sabitlik yarada bilərdi, lakin kəndlilərlə birlikdə inqilabi şərait formalaşmışdır. Şəhər və kənd əhalisi arasındakı bərabərsizlik, aqrar sektora kapitalist nüfuzunun artması və ənənəvi elitanın iri gəlir mənbələrinin əksəriyyətini inhisarda saxlaması dəyişiklik tələb edən və ya mövcud sistemə qarşı çıxan kəndli hərəkatlarının yaranmasına gətirib çıxarmışdır. Ərəb Sosialist Bəəs Partiyasının Suriya qolu radikal kəndli hərəkatlarından gəncləri cəlb edə bilmiş və bununla da əhalinin geniş təbəqələrini səfərbər etmək imkanı qazanmışdır.
Planlaşdırma
1962-ci ildə Ərəb Sosialist Bəəs Partiyasının Suriya regional qolunun hərbi komitəsi vaxtının böyük hissəsini hakimiyyəti ənənəvi hərbi çevriliş yolu ilə ələ keçirmə planlarının hazırlanmasına sərf etmişdir. Hərbi Komitə qərara gəlmişdir ki, Əl-Kisvə və Qətəna hərbi düşərgələrini ələ keçirmək, Əl-Kisvədə yerləşdirilmiş 70-ci Zirehli Briqadaya, Hüms şəhərində yerləşən Hərbi Akademiyaya və Dəməşq radio stansiyasına nəzarəti təmin etmək zəruridir. Hərbi komitənin çevrilişçi üzvləri gənc zabitlərdən ibarət olmuşdur, lakin mövcud rejim tədricən zəifləmiş və ənənəvi elita real siyasi təsir imkanlarını itirmişdir.
Çevrilişin uğur qazanması üçün hərbi komitə Suriya zabit korpusunun bir hissəsinin dəstəyini əldə etməli olmuşdur. Birləşmiş Ərəb Respublikasının süqutu, eləcə də üsyanlar, təmizləmələr və kadr dəyişiklikləri zabit korpusunu dərin qarışıqlıq vəziyyətinə salmış və onu hökumətə qarşı təşviqata açıq hala gətirmişdir. Həmin dövrdə zabit korpusu beş əsas qruplaşmaya bölünmüşdür: Suriya hökumətini dəstəkləyən Dəməşq qrupu, Əkrəm Həvrani tərəfdarları, nasirçi qrup, bəəsçi qrup və müstəqillər. Nazim Qüdsi hökumətini dəstəklədiyinə görə Dəməşq qrupu hərbi komitənin əsas rəqibi hesab edilmiş, panərəbizm qarşı mövqeyinə görə həvrançilər də rəqib kimi görülmüşdür. Nasirçilər Camal Əbdül Nasiri və BƏR-in bərpasını dəstəkləmələrinə baxmayaraq, bəəsçilərlə ittifaqa daxil olmuşdur.