Set Henri Neddermayer (; ) — İkinci Dünya müharibəsi zamanı Los-Alamos laboratoriyasında Manhetten layihəsi üzərində çalışarkən myuon hissəciyinin kaşiflərindən biri olan və daha sonra imploziv tipli nüvə silahının yaradılmasının əsas tərəfdarlarından biri olan amerikalı fizik.

Erkən həyatı

Set Henri Neddermayer 16 sentyabr 1907-ci ildə Miçiqan ştatının Riçmond şəhərində anadan olmuşdur. Ailəsi Kaliforniyaya köçməzdən əvvəl o, iki il ərzində anasının, böyük bacısının və əmisinin də təhsil aldığı kiçik Olivet Kollecində oxumuşdur. Daha sonra Stenford Universitetinə keçmiş və 1929-cu ildə orada bakalavr dərəcəsi almışdır. Fizika sahəsinə olan marağı Robert Millikenin işlərindən ilhamlanmış və o, Kaliforniya Texnologiya İnstitutunun (Caltech) aspiranturasına daxil olmuşdur. Neddermayer 1935-ci ildə Karl Devid Andersonun rəhbərliyi altında "Yüksək enerjili elektronların absorbsiyası (udulması)" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. O, bu proses üçün Nils Bor tərəfindən irəli sürülmüş nəzəriyyəni təsdiqləmişdir. Həmçinin, qurğuşun daxilində elektronların böyük radiasiya enerji itkilərini müşahidə etmişdir ki, bu da Hans Bete və Valter Haytlerin irəli sürdüyü nəzəriyyə ilə üst-üstə düşürdü.

Neddermayer 1932-ci ildə pozitronun kəşf edilməsinə gətirib çıxaran tədqiqatlara öz töhfəsini vermişdir (bu kəşfə görə Anderson 1936-cı ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür). Elə həmin il Neddermayer və Anderson kosmik şüaların duman kamerasında (bulud kamerası) ölçülməsi vasitəsilə myuonu kəşf etmişlər. Onların bu kəşfi Hideki Yukavanın 1935-ci ildə nüvə qüvvələrinə vasitəçilik edən mezonlar haqqında irəli sürdüyü nəzəriyyədən daha əvvələ təsadüf edir. Anderson və Neddermayer Milliken ilə birlikdə kosmik şüaların yüksək hündürlükdəki tədqiqatlarında əməkdaşlıq etmişlər; bu tədqiqatlar Robert Oppenheymerin kosmik şüalar tərəfindən atmosferdə yaradılan "hava leysanlarının" (hissəcik selinin) elektronlardan ibarət olması nəzəriyyəsini təsdiqləmişdir. Onlar həmçinin qamma şüalarının pozitron yarada biləcəyinə dair ilk sübutları əldə etmişlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:16 sentyabrda doğulanlar Kateqoriya:1907-ci ildə doğulanlar Kateqoriya:29 yanvarda vəfat edənlər Kateqoriya:1988-ci ildə vəfat edənlər Kateqoriya:Sietlda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Vaşinqton Universitetinin müəllimləri Kateqoriya:Stenford Universitetinin məzunları Kateqoriya:Kaliforniya Texnologiya İnstitutunun məzunları Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Parkinson xəstəliyindən ölənlər Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Nüvə fizikləri