Məktubəti-Rəbbani () və ya Məktubət () — İmam Rəbbaninin məktubları vasitəsilə ərsəyə gətirilmiş əsər.
Əsər "Məktubat" bir sufi tərəfindən yazılmış ən əhatəli və ən məşhur məktub məcmuəsidir. Məcmuə inkişaf etdirdiyi Nəqşibəndilik ənənəsi haqqındakı ən mühüm mənbələrdən biridir.
Əsər İmam Rəbbaninin mənəvi təkamül prosesini nümayiş etdirdiyi üçün də mühüm hesab olunur. "Məktubat" həmçinin onun mürşidi Bəqi-Billah və xəlifələri ilə olan münasibətlərini, vəhdəti-şühudun vəhdəti-vücuda üstün tutulmasının mümkünlüyü kimi mövzularda irəli sürdüyü mübahisəli baxışlarını, İslamın ikinci minilliyinin mücəddidi olduğu iddiasını, Kəbənin həqiqətinin həqiqəti-Məhəmmədiyyədən üstün olması fikrini, özünün müəyyənləşdirdiyi sünni əqidənin yeganə doğru yol olduğunu və Nəqşibəndi təriqətinin kamilliyini əks etdirən düşüncələrini ehtiva edir.
İmam Rəbbani məktublarını ehtiyac yarandıqca, müxtəlif vaxtlarda və müxtəlif şəxslərə xitabən yazmışdır. Lakin o özü məktublarının son dərəcə dəyərli olduğunu və ilahi təsdiqə nail olmuş bir bütöv təşkil etdiyini düşünürdü. Onun qabaqcıl xəlifələrindən Məhəmməd Haşimi-Kişmiyə belə dediyini söylədiyi rəvayət olunur:
İmam Rəbbani məktublarına verdiyi bu böyük dəyərə görə onların toplanmasını və yayılmasını bir vəzifə hesab etmişdir. Məktublarını ehtiva edən ilk dəftərin (cildin) tərtibini onun adından Yar Məhəmməd Təlaqani öz üzərinə götürmüşdür. Hicri 1025-ci (1616) ildə tərtibi tamamlanan bu dəftər, Məhəmməd peyğəmbərin Bədr döyüşündə iştirak edən səhabələrinin sayını simvolizə edən 313 məktubdan ibarətdir. Mövlanə Əbdülhəy Hisarinin hicri 1028-ci (1619) ildğ tərtib etdiyi ikinci dəftər "Əsmaül-hüsna"nı simvolizə edən 99 məktubu, Məhəmməd Haşimi-Kişminin hicri 1031-ci (1622) ildə tərtib etdiyi üçüncü və son dəftər isə hər hansı simvolik məna daşımayan 123 (və ya 124) məktubu ehtiva edir.
Beləliklə, əsər İmam Rəbbaninin vəfatından əvvəl son şəklini almışdır. Məktublara tarix qoyulmasa da, onların xronoloji ardıcıllıqla tərtib edildiyini söyləmək olar.
Əsərin farsca mətni ilk dəfə 1873-cü ildə Dehlidə nəşr edilmişdir. Əsər daha sonra da müxtəlif yer (Ləknəv, İstanbul və s.) və tarixlərdə (1910, 1997 və s.) nəşr olunmuşdur. Əsəri ilk türk dilinə tərcümə edən isə Müstəqimzadə Süleyman Sadəddin olmuşdur.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar