Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi — Xankəndi şəhərində inşa ediləcək yeni nəqliyyat kompleksi.

Tarixi Ağdam-Xankəndi dəmir yolu xətti ilk dəfə 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa edilmişdir. Bu dəmir yolunun istifadəyə verilməsi Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına mühüm təsir göstərmişdir.

Kompleksin təməlqoyma mərasimi 3 iyul 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir.

Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edir.

Xüsusiyyətləri Kompleks "Ağdam–Xankəndi dəmir yolu" layihəsinin tərkib hissəsidir. Bu dəmir yolu xətti Bərdə-Ağdam dəmir yolunun davamını təşkil edir və ümumi uzunluğu 28 kilometr, yan yollarla birlikdə isə 34,7 kilometrdir. Layihə çərçivəsində 4 körpünün, 5 yolötürücünün, 3 piyada keçidinin və 2 suötürücü borunun tikintisi nəzərdə tutulmuşdur.

Dəmir yolu xətti boyunca üç stansiya — Əsgəran stansiyası, Xocalı stansiyası və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq.

Kompleksin layihələndirilməsi 2025-ci ildə başlamışdır. Tikinti sahəsi 6,4 hektardır. Kompleks beş mərtəbədən ibarət olacaq və onun ərazisində iki dəmir yolu platformasının, habelə 12 avtobus dayanacağının inşası planlaşdırılır. Kompleksin binasında gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq terras və istirahət zonaları nəzərdə tutulmuşdur.

Dəmir yolu bölməsi gündəlik 800-1000 sərnişinə, avtovağzal isə 1000-1200 sərnişinə xidmət göstərəcək. Kompleks Qarabağ regionunda inşa ediləcək yeni nəqliyyat infrastrukturunun əsas elementlərindən biri olacaq.

İstinadlar

Kateqoriya:Avtovağzallar Kateqoriya:Azərbaycanın nəqliyyat infrastrukturu Kateqoriya:Xankəndidəki binalar və tikililər Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri