“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı — Cəbrayıl rayonu ərazisində yerləşən sənaye parkı.

Tarixi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Həmin Fərmana əsasən, park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan ərazi kimi müəyyənləşdirilib, onun idarə olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib.

Parkın infrastrukturunun (enerji, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə və digər obyektlər) qurulması üçün 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 500 min manat ayrılıb.

2023-cü il 4 may tarixində Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülən işlərlə, habelə “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC və “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub.

2024-cü il 3 oktyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

Xüsusiyyətləri Sənaye parkı Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 hektar sahədə təşkil olunub. Layihələndirmə zamanı ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünməsi, logistika və ticarət mərkəzinin, anbar komplekslərinin, TIR parkının, gömrük və yanacaqdoldurma məntəqələrinin, eləcə də müxtəlif istehsal və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulub.

Parkın ərazisi minalardan və hərbi sursatlardan təmizlənib, inzibati bina, müvəqqəti yaşayış və xidmət sahələri, su və elektrik təchizatı, eləcə də daxili yol və digər yardımçı infrastrukturun yaradılması istiqamətində işlər aparılıb.

Sənaye parkının 13 rezidenti və 1 qeyri-rezidenti var, investorlar tərəfindən ümumilikdə 133,8 milyon manat investisiyanın yatırılması və 2 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır, artıq 20 milyon manatdan çox investisiya yatırılıb və 40-dan çox iş yeri yaradılıb.

Parkın prioritet istiqamətlərinə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı və nəqliyyat-servis infrastrukturu, tikinti materialları, kimyəvi məhsullar, xüsusi təyinatlı texnika və müxtəlif sənaye məhsullarının istehsalı daxildir. Rezidentlər tərəfindən “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis kompleksi, əmtəə beton və quru yapışdırıcı istehsalı zavodu, yük avtomobillərinə texniki servis və yüngül tonnajlı yük avtomobillərinin yığımı üzrə müəssisə, həmçinin xüsusi təyinatlı texnika və metal məmulatlar istehsalı üzrə kompleksin yaradılması nəzərdə tutulub.

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonu Kateqoriya:2021-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan iqtisadiyyatı Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri