Mehr Xəbər Agentliyi (; Abr: MNA; Rom: Xabâr-gozâri Mehr) — İran hökumətinin yarım rəsmi xəbər agentliyidir. Qəzetin baş ofisi Tehran şəhərində yerləşir və İslam İnkişaf Təşkilatına (IIDO) məxsusdur. Mehr öz veb-saytında yayımladığı bütün məzmunları Creative Commons Attribution 4.0 Beynəlxalq lisenziyası əsasında dərc edir.
Tarixi
22 iyun 2003-cü ildə tarixində yaradılmış və İran İslam Respublikasının ən çoxdilli (sayt xəbərlərini və fotoşəkillərini altı dildə dərc edir) xəbər agentliyi olan Mehr Xəbər Agentliyinin ilk icraçı direktoru və baş direktoru Pərviz İsmayili, hal-hazırkı icraçı direktoru və baş direktoru isə Məhəmməd Mehdi Rəhmətidir. Agentliyin direktoru İranın Ali Rəhbəri tərəfindən seçilir.
MNA-nın fəaliyyət sahələri aşağıdakıları əhatə edir:
İncəsənət (film, teatr, musiqi, təsviri incəsənət) Mədəniyyət və ədəbiyyat (şeir, hekayə, kitab) Din və dini düşüncə Seminariya və ali təhsil Müasir texnologiyalar Sosial sahələr İqtisadiyyat Siyasət Beynəlxalq siyasət İdman Jurnallar Şəkillər Yerli xəbərlər
MNA-nın ölkə daxilində beş regional mərkəzi mövcuddur: şimali, cənubi, mərkəzi, şərqi və qərbi İran.
Bundan başqa Avropa, Cənubi Amerika, Türkiyə, Şərqi Asiya, Fars körfəzi ilə həmsərhəd olan bəzi ölkələrdə və Müstəqil Dövlətlər Birliyi ölkələrində müxbirləri mövcuddur.
Saytın altı dildə xəbər və foto yayım xidməti mövcuddur: fars, ingilis, ərəb, türk, urdu və kürd.
Ölkənin 30 vilayətində 300-dən çox müxbir və fotoqraf ilə fəaliyyət göstərən MNA İranda ən böyük xəbər şəbəkəsi xidmətinə malikdir.
Beynəlxalq əməkdaşlıq
Xəbər agentliyi 2007-ci ildə İndoneziyanın paytaxtı olan Cakartada keçirilmiş 13-cü Baş Assambleyasında Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 40-cı üzvü qəbul edilmişdir. Agentlik 2009-cu ildə təşkil edilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının 31-ci İdarə Heyətinin Yığıncağına (EBM) və 25-ci Redaksiya-Texniki Ekspertlər Qrupunun (ETEG) İclasına ev sahibliyi etmişdir. Bundan əlavə iki beynəlxalq sammitdə fəal iştirak etmişdir: bunlardan birincisi 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilmiş Ümumdünya Media Sammiti, ikincisi isə 2010-cu ildə Cənubi Koreyanın Seul şəhərində keçirilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının Sammiti idi.
Agentlik həmçinin 19-23 oktyabr 2010-cu il tarixlərində Argentinada keçirilmiş III Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC) xüsusi qonağı olmuşdur.
MNA həmçinin 2010-cu ilin noyabr ayında İstanbulda keçirilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasında və 2011-ci ilin iyun ayında Ulan-Batorda keçirilmiş Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının 26-cı Redaksiya-Texniki Ekspertlər Qrupunun (ETEG) 32-ci və İdarə Heyətinin Yığıncağı (EBM) iclaslarında iştirak etmişdir.
Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) katibinin İstanbul Assambleyasına təqdim etdiyi hesabata əsasən, 2007-ci ildən OANA-nın üzvü olan MNA təşkilatın saytında dərc olunan xəbər və fotoşəkillərin sayına görə OANA-ya üzv agentliklər arasında ikinci yerdə qərarlaşmışdır.
Tənqidlər
2006-cı ildə Mehr Xəbər Agentliyi Artur Batç (), II Maykl A. Hoffman (), Fridrix Toben (), Pol Fromm (), Mark Veber () və Robert Forisson () adlı Holokostu inkar edənlər ilə aldığı müsahibələri dərc etdiyi üçün İftira ve İnkarla Mübarizə Liqası tərəfindən "məşhur Holokostu inkar edənlər üçün meqafon" elan edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tehran kütləvi informasiya vasitələri Kateqoriya:Creative Commons lisenziyalı veb-saytlar Kateqoriya:İran xəbər agentlikləri Kateqoriya:Fotoqrafiya agentlikləri Kateqoriya:İran tarixi Kateqoriya:İranda siyasət Kateqoriya:2003-cü ildə İranda yarananlar