Henri Fulds () – şotland həkim, missioner və alim. Barmaq izləri ilə bağlı araşdırmalarına görə tanınır. Həyatının bir hissəsini Yaponiyada keçirmiş və orada korların təhsili üçün işlər görmüşdür.

İlk illəri Henri Fulds 1843-cü ildə Şotlandiyanın Erşir qraflığında doğulmuşdur. 1866-cı ildə Qlazqoda yerləşən Anderson Kollecində tibb təhsili almışdır.

Yaponiyada həyatı Fulds 1874-cü ildə Şotlandiyanın Birləşmiş Presviterianlıq Kilsəsi üçün xəstəxana qurmaq məqsədilə Tokioya köçmüşdür. O, Yaponiyada ilk şotland tibb missiyasına rəhbərlik etmişdir. 1875-ci ildə Yaponiyada korlar üçün ilk təşkilat olan "Rakuzenkay"ın, 1880-ci ildə isə korlar üçün məktəb olan Kummo-inin yaradılmasında iştirak etmişdir. Yapon dilini səlis öyrənmiş, Tsukici xəstəxanasında cərrah kimi işləmişdir. Fulds Yaponiyadakı illəri zamanı iki səyahətnamə yazmış, üç jurnal təsis etmiş, quduzluğa qarşı mübarizə aparmışdır.

1879-cu ildə ABŞ arxeoloqu Edvard Morze tərəfindən Tokionun Omori bölgəsində tapılmış dulusçuluq məmulatlarını tədqiq edərkən hər bir fərdin özünəməxsus barmaq izi olduğu nəzəriyyəsini irəli sürmüşdür. Nəzəriyyəsi haqqında Çarlz Darvinə yazmışdır. Fulds Tokioda yerləşən xəstəxanasında törədilmiş bir cinayət zamanı barmaq izlərini müqayisə edərək həmkarının günahsızlığını sübut edə bilmişdir. Fulds nəzəriyyəsinin kriminalistikada cinayətkarın müəyyən edilməsi üçün əhəmiyyətli düşünmüş və bu barədə yazdığı məqalə 1880-ci ilin oktyabrında Britaniyanın "Nature" jurnalında nəşr olunmuşdur. Növbəti ay Vilyam Herşel ona cavab yazaraq 20 ildən çoxdur ki, Hindistanda identifikasiya üçün barmaq izindən istifadə etdiyini bildirmişdir. O, 1886-cı ildə Britaniyaya qayıdaraq Şotlandiyada təklif etdiyi barmaq izi sisteminin yaradılmasını təklif etmişdir.

Xatirəsi Tokionun Çuo rayonunun Tsukici bölgəsində Henri Fuldsa həsr olunmuş memorial lövhə quraşdırılmışdır. Fuldsun doğulduğu Beyt qəsəbəsində ona həsr olunmuş memorial lövhə yerləşir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şotlandiya alimləri Kateqoriya:Kriminalçı-ekspertlər Kateqoriya:Yaponiyadakı Britaniya qürbətçiləri Kateqoriya:Presviterianlar Kateqoriya:Şotlandiya ixtiraçıları Kateqoriya:Şotlandiya həkimləri Kateqoriya:Cərrahlar Kateqoriya:Birləşmiş Krallıq protestantları Kateqoriya:Dakteloskopiya