thumb|Yaponiyanın Onco məbədində yerləşən qəbri. Ernest Fransisko Fenollosa (; ) – ABŞ pedaqoqu, sosioloqu və yapon incəsənətinin tarixçisi. Tokio Universitetinin professoru olmuşdur. Yaponiyada yapon incəsənətinin tədqiqi və mühafizəsi istiqamətində fəaliyyət göstərmişdir.
İlk illəri Ernest Fenollosa 1853-cü ildə ABŞ-nin Massaçusets ştatının Salem şəhərində doğulmuşdur. 1874-cü ildə Harvard Universitetinin fəlsəfə və sosiologiya fakültəsindən məzun olmuşdur. Təqaüd qazanaraq fəlsəfə və teologiya təhsilinə davam etmişdir. 1877-ci ildə Harvard Universitetindəki təhsilini yarımçıq qoyaraq Boston Təsviri İncəsənət Muzeyində rəssamlıq öyrənməyə başlamışdır.
Yaponiyada həyatı Tokio Universitetinin zooloqu olan Edvard Morze 1878-ci ildə onu Yaponiyaya dəvət etmişdir. Fenollosa Yaponiya hökumətinin təklifini qəbul edərək Tokio Universitetində fəlsəfə və siyasi iqtisadiyyat (1878–1880), eləcə də, fəlsəfə və məntiq (1880–1886) müəllimi olmuşdur. İnoue Tetsuciro, Naqao Ariqa, Miyake Setsurey, Tsubouçi Şoyo, Hozumi Yatsuka, Kanay Noburu, Takata Sanae, İnoue Enryo, Kano Ciqoro, Vadaqaki Kenzo kimi şəxslər onun tələbələri olmuşdurlar.
Fenollosa müəllim kimi uğur qazansa da, ənənəvi yapon incəsənətini qorumaq və nümayiş etdirmək istiqamətində gördüyü işlərə görə tanınır. Kano Hoqay və Haşimoto Qaho kimi ənənəvi rəssamların hamisi olmaqla yanaşı yapon incəsənətinin Yaponiyada yenidən qiymət tapması üçün çalışmışdır. O, bir çox sənət əsərini məhv olmaqdan xilas etmiş və öz şəxsi kolleksiyasını yaratmışdır. Ukiyo-e sənətini dünyaya tanıtmış, buddizmi qəbul etmişdir. 1886-cı ildə Təhsil Nazirliyinin təklifini qəbul edərək bütün fəaliyyətini yapon incəsənətinə həsr etməyə başlamışdır. 1887-ci ildə Tokio Təsviri İncəsənət Məktəbinin yaradılmasında iştirak etmişdir. 1886–1890-cı illərdə incəsənət administrasiyası, metodları və proqramlarını araşdırmaq üçün ABŞ və Avropaya göndərilmiş imperator komissiyasının tərkibində olmuşdur.
Fenollosa 1890-cı ildə Bostona qayıdaraq Boston Təsviri İncəsənət Muzeyinin şərqşünaslıq bölməsinin rəhbəri təyin olunmuşdur. 1897-ci ildə Yaponiyaya qayıdaraq tədqiqat və mühazirələrinə davam etmiş, Tokioda yerləşən İmperator Normal Məktəbində ingilis dili müəllimi olmuşdur. 1900-cü ildə ABŞ-yə qayıdaraq Kolumbiya Universitetində dərs deməyə başlamışdır. 1908-ci ildə Avropaya səyahət etmiş və Londonda ölmüşdür. Külləri Şiqa prefekturasında yerləşən Onco məbədində basdırılmışdır.
Əsərləri Əsas əsəri olan "Çin və yapon incəsənətinin dövləri" ölümündən sonra – 1912-ci ildə nəşr olunmuşdur. Digər əsərlərinə "Ukiyo-enin ustaları" (1896), "Yaponiyanın dəyişməz nəcib tamaşaları" (1916), "No və ya nailiyyət, Yaponiyanın klassik dövrünün tədqiqi" (1916) daxildir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ filosofları Kateqoriya:Meyci hökumətinin xarici məsləhətçiləri Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Yaponiyada xarici pedaqoqlar Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:ABŞ yaponşünasları Kateqoriya:ABŞ buddistləri Kateqoriya:Buddizmi qəbul edənlər Kateqoriya:ABŞ sosioloqları Kateqoriya:ABŞ etnoqrafları