Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Haqqında Kənd çayının sol sahilində, Zəngilan şəhərindən 34 km cənub–qərbdə yerləşir. Mehri silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Yaşayış məntəqəsi vaxtilə Ordubad və Samux rayonlarından gəlmiş ailələrin Pəri Bartaz adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır.

1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalmasının nəticələrinə görə, Azərbaycan SSR-in Qubadlı rayonunun Ordaklı kənd dairəsinin Bartaz kəndində 581 nəfər (175 təsərrüfat) əhali var idi, əsas milliyyət isə Azərbaycan türkləri idi.

1961-ci ilin inzibati bölgüsünə əsasən, Bartaz kəndi Azərbaycan SSR-in Zəngilan rayonunun Bartaz kənd sovetliyinin mərkəzi idi və bu sovetliyə Vejnəli, Qarqulu, Əmirxanlı kəndləri, Ağbənd dəmir yolu stansiyası yaxınlığındakı və Bartaz dəmir yolu stansiyası yaxınlığındakı yaşayış məntəqələri daxil idi.

1976-cı il tarixinə görə, Bartazda 654 nəfər yaşayırdı. Burada kənd təsərrüfatı bitkilərinin becərilməsi, ipəkçilik və heyvandarlıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, klub və digər infrastruktur obyektləri mövcud idi.

2020-ci il 22 oktyabr tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Ordusu Bartaz kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri