Kəşfçi Dora () — "Nickelodeon" telekanalı tərəfindən istehsal olunmuş amerikan cizgi serialı. Serial 2000-ci ildən 2019-cu ilə qədər davam etmişdir. Həmçinin cizgi serialın "İrəli Dieqo, İrəli!" () adlı spin-off seriyası da çəkilmişdir.
Təsvir Hekayə yeddi yaşlı Latın Amerikasından olan Dora Markes adlı balaca bir qızın macəralarından bəhs açır. Dora özünün bənövşəyi rəngli canlı bel çantası və qırmızı ayaqqabıları ilə diqqət çəkən meymun dostu Butsla birgə macəradan-macəraya atılır. Hər bir seriyada Dora müəyyən bir məqsədə doğru - ya bir yerə getmək, ya da hansısa fəaliyyətlə məşğul olmaq üçün yola düzəlir. Yolboyu qarşılaşdığı maneələri dəf etmək üçün balaca tamaşaçıların köməyinə arxalanır, müxtəlif tapmacaları açır, ispan dilini mənimsəyir və rəqəmlərlə dostlaşır. Serialın əsas mənfi obrazlarından olan Svayper adlı hiyləgər tülkü özgə əşyalarını mənimsəməyə meyillidir. Dora ilə Buts onu dayandırmaq üçün "Svayper, oğurlama" sözlərini üç kərə səsləndirməli olur. Tülkü əşyanı ələ keçirməyə nail olanda isə kiçik tamaşaçılar Dora və Butsa itmiş əşyaları axtarıb tapmaqda dəstək verirlər. Qarşılaşdıqları başqa bir əngəl körpünün altını məskən seçmiş Acıqlı Qoca Trolldur. O, Dora və Butsu müxtəlif tapmacalarla sınağa çəkir və yalnız balaca tamaşaçıların yardımı ilə düzgün cavab tapıldıqdan sonra onlara yol verir. Serialın hər seriyasında Dora hədəfinə çatmaq üçün iki əsas məntəqəni keçməli olur. Yol ərzində müxtəlif oyunlarda iştirak edir və tapmacalarla üzləşir. Finalda Dora niyyətinə çatır və Butsla birlikdə "Biz Bacardıq!" ("We Did It!") nəğməsini səsləndirir. Seriya onların səyahət təəssüratlarını paylaşması ilə yekunlaşır.
İstinadlar
Kateqoriya:ABŞ cizgi serialları Kateqoriya:Nickelodeon orijinal proqramları Kateqoriya:Filmə uyğunlaşdırılmış teleseriallar Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış teleseriallar Kateqoriya:2000-ci illərin ABŞ animasiya serialları