Rusif Şakir oğlu Hüseynov () — Azərbaycan araşdırmaçısı, siyasi eksperti. O, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru, eləcə də "The Politicon" onlayn siyasi jurnalının həmtəsisçisi və baş redaktorudur. Əsas maraqları post-sovet ölkələrində ictimai-siyasi proseslər, dondurulmuş münaqişələr, etnik azlıqlar olub, tədqiqat regionları isə əsasən Şərqi Avropa, Orta Şərq, Qafqaz və Mərkəzi Asiyanı əhatə edir.

Həyatı və fəaliyyəti Rusif Hüseynov 24 avqust 1987-ci ildə Azərbaycan SSR-nin Qaradağ rayonu ərazisində yerləşən Sahil qəsəbəsi də anadan olmuşdur. O, həmin qəsəbənin 228 saylı orta məktəbində təhsil almış, 2004-cü ildə oradan məzun olmuşdur. Hüseynov həmin il Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına prezident təqaüdü ilə qəbul olmuş, 2008-ci ildə oradan bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, magistr dərəcəsini Tartu Universitetinin Yohan Şütte Siyasət Araşdırmaları İnstitutundan almışdır.

Hüseynov 2015-ci ildə “Politicon” siyasi analiz platformasını, 2018-ci ilin aprel ayında Murad Muradov ilə birlikdə Topçubaşov Mərkəzini təsis etmişdir. Mərkəz beynəlxalq münasibətlər, təhlükəsizlik, geosiyasət və regional əməkdaşlıq sahələrində tədqiqatlar aparan müstəqil analitik qurumdur. Direktor kimi Hüseynov mərkəzin beynəlxalq əməkdaşlıq layihələrinə, analitik nəşrlərinə və beynəlxalq konfranslarda iştirakına rəhbərlik edir.

Onun əsas tədqiqat istiqamətləri postsovet ölkələrində ictimai-siyasi proseslər, etnik münaqişələr, Cənubi Qafqazın təhlükəsizliyi, Azərbaycanın xarici siyasəti, regional nəqliyyat və enerji layihələri, Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərqin geosiyasi dinamikasını əhatə edir.

Məqalə və analitik yazıları "Modern Diplomacy", "The Independent Türkçe", "Visegrad Insight", "New Eastern Europe", Strateji və Müasir Araşdırmalar Mərkəzi, "The Jamestown Foundation", Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi, Middle East Institute, Royal United Services Institute (RUSI), "Foreign Policy News", "The National Interest", "Al Bawaba", "The Times of Israel", "TRT World", "Vostokian", "Polis180", "Kyiv Post" və digər beynəlxalq analitik platformalarda dərc olunmuşdur. O, Azərbaycan mətbuatı ilə yanaşı (İctimai TV, AzTV, APA TV, Space TV) , beynəlxalq media qurumlarında da ekspert qismində çıxış edir.

O, həmçinin ADA Universitetində beynəlxalq münasibətlər üzrə dəvətli müəllim kimi fəaliyyət göstərmişdir.

Rusif Hüseynov ən azı iki beynəlxalq elmi kitabın hazırlanmasında həmmüəllif və fəsil müəllifi kimi iştirak etmişdir: "Turkey in Eurasia: Endeavors and Encounters (2026)" , "Ukraine in Central and Eastern Europe: Kyiv's Foreign Affairs and the International Relations of the Post-Communist Region".

Beynəlxalq fəaliyyəti Hüseynov Avropa, Şimali Amerika və Asiyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans, təhlükəsizlik forumu və ekspert müzakirələrində iştirak edir. O, Cənubi Qafqazda regional təhlükəsizlik, enerji siyasəti, nəqliyyat dəhlizləri, Azərbaycan-Ermənistan münasibətləri və regional əməkdaşlıq mövzularında məruzələrlə çıxış etmişdir.

Rusif Hüseynov German Marshall Fund tərəfindən həyata keçirilən ReThink.CEE təqaüd proqramının (ReThink.CEE Fellowship) 2021-ci il üzrə iştirakçısı olmuş, 2025-ci ildə Think Visegrad təqaüd proqramı (Think Visegrad Fellowship) çərçivəsində tədqiqatçı kimi fəaliyyət göstərmişdir. 2026-cı ildə isə Ramsfeld təqaüd proqramının (Rumsfeld Fellowship) iştirakçısı seçilmişdir. O, həmçinin Avropa İttifaqının EU4Dialogue proqramında (EU4Dialogue) yerli əlaqələndirici (Local Focal Point) kimi fəaliyyət göstərmişdir.

O, həmçinin mənzil-qərargahı İsveçrədə yerləşən “Humanitar Dialoq” Mərkəzinin (Centre for Humanitarian Dialogue) beynəlxalq təşkilatının da konsultantıdır.

Sülh quruculuğu fəaliyyəti Rusif Hüseynov Azərbaycan və Ermənistan arasında etimad quruculuğu məqsədi daşıyan Track 1.5 və Track 2 diplomatiya təşəbbüslərində iştirak etmişdir. O, əsası 2025-ci ildə qoyulmuş “Sülh Körpüsü” təşəbbüsü (Peace Bridge Initiative) çərçivəsində keçirilən Azərbaycan-Ermənistan ekspert dialoqlarının iştirakçılarından biridir. Bu təşəbbüs çərçivəsində o, bir neçə dəfə Ermənistana səfər etmiş, Yerevan və digər şəhərlərdə keçirilən müzakirələrdə iştirak etmişdir. Görüşlərdə Azərbaycan-Ermənistan sülh prosesi, regional əməkdaşlıq və iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Əsərlər Məqalələr

Konfranslar Gagauzia in the Turkic World, the Turkic world in Gagauzia

İstinadlar

Kateqoriya:Azərbaycan politoloqları