Övrə və ya xalq arasında qurdeşənəyi — dərinin allergik mənşəli xroniki xəstəliyidir. Dəridə qaşıntılı qabarcıqlarla özünü göstərir. Elmi adı urticaria olan bu xəstəlik insanın əmək qabiliyyətini və həyat keyfiyyətinin ciddi şəkildə pozan bir patologiyadır. Övrənin daha ağır forması sayılan angioödem və ya kvinke ödemi xəstənin həyatını təhlükə altına ala bilər.

Etiopatogenez Xəstəliyin yaranmasında dəri və selikli qişalarda yerləşən mast hüceyrələri və ya tosqun hüceyrələr yaxından iştirak edirlər. Mast hüceyrələri leykosit qrupuna daxil olan immun hüceyrələrdir. Allergenlərə və mikroorqanizmlərə qarşı, xüsusən parazit mikroblarına qarşı orqanizmi müdafiə edir. Dəri və selikli qişalar bu hüceyrələrlə zəngindir. Bu hüceyrələrin sitoplazması çoxlu sayda dekstruktiv enzimlərlə zəngin dənəciklərlə doludur. Onların arasında histamin mediatoru övrə xəstəliyini törədən ana molekulalardan biridir. Övrə xəstələrində provokasiyaedici faktorların təsirindən mast hüceyrələrindən külli miqdarda histamin ifraz olunaraq allergik reaksiyanı yaradır. Nəticədə dəridə qaşıntılı qabarcıqlar yaranır.

Klinik əlamətlər Gicitkən dalaması formasında səpgilər meydana gəlir. Xəstəliyin elmi adı urticaria termini də gicitkən sözündən yaranmışdır. Urtica gicitkən deməkdir. Səpgilər 24 saat ərzində iz buraxmadan solaraq dərinin başqa yerindən çıxa bilir. Xəstəliyin daha ağır formasında dəri və selikli qişalarda ödem yaranır. Ödemə bağlı gözətrafı şişmə, əllərdə və ayaqda şişmə, dodaqda şişmə, dildə şişmə yarana bilər. Buna kvinke ödemi və ya angioödem deyilir. Övrə xəstəliyi angioödemlə müşahidə olunarsa xəstəlik daha kəskin xarakter ala bilər. Hətta xəstədə ciddi tənəffüs çatışmazlığı yaradaraq ölümə belə səbəb ola bilər. Övrə əlamətləri hiss edən xəstələr fəsadlardan yan keçmək üçün qısa zamanda dermatoveneroloqa müraciət etməlidirlər.

Kəskin övrə Kəskin övrə 6 həftəyə qədər sürür. 6 həftə ərzində şikayətlər aradan qalxarsa kəskin övrə diaqnozu qoyulur.

Xroniki övrə Xroniki övrə 6 həftədən çox çəkir. Qaşıntılı köpəşmələr bəzən illər boyunca davam edir.

Diaqnozu Övrə xəstəliyinin diaqnouzu xəstə anamnezi və klinik əlamətlərə görə qoyulur. Bəzi hallarda dermatoveneroloq səpgilərdən dəri biopsiyası tələb edilə bilər. Lakin övrə xəstəliyini yaradan çoxlu səbəblər vardır. Xəstəliyin provokasiya edən amillərini aşkarlamaq üçün dermatoloq xəstədən laborator, radioloji, histopatoloji, allergik testlərdən keçirdə bilər.

Müalicəsi Övrə xəstəliyinin ana müalicəsi fəsadı yaradan amillərə yönəlik müalicələrdir. Qaşıntını, köpəşmələri və angiödemi aradan qaldırmaq üçün simptomatik müalicə tətbiq edilir. Əsasən müxtəlif nəsillərə aid olan sedativ və non-sedativ antihistaminlər təyin edilir. Ehtiyac olduğu təqdirdə sistemik kortikosteroidlər verilir.

Müalicə müddəti Kəskin övrə xəstəliyinin müalicəsi 6 həftəyə qədərdir. Xroniki övrənin müalicəsi illər boyu davam edə bilər. Bəzi xəstələrdə ömrün sonuna qədər davam edir.

Profilaktikası Xəstəliyi yarada biləcək səbəblərdən uzaq durmaq. Qida faktorları rol oynayırsa spesifik pəhriz saxlamaq, allergenlərdən uzaq durmaq vacibdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Allerqologiya Kateqoriya:Qızdırma Kateqoriya:Dəri xəstəlikləri Kateqoriya:Pediatriya