Oqtay Babəli oğlu Cəlilbəyli () – inşaatçı-mühəndis, dilçi, 2004-cü ildən Bakı Dövlət Universiteti Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, texnika elmləri namizədi (1988), filologiya elmləri doktoru (2016), professor (2017).

Həyatı Oqtay Cəlilbəyli 1955-ci il oktyabrın 28-də Sabunçu rayonunun (keçmiş Lenin) Ramana kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Sabunçu rayonunun 198 saylı orta məktəbini bitirmişdir. 1978-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (keçmiş Azərbaycan İnşaat Mühəndisləri İnstitutu) İnşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Fəaliyyəti 1978-1981-ci illərdə Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Sənaye Tikintisi Nazirliyinin 8 saylı Trestinin 87 saylı Tikinti İdarəsinin İdman Sarayı obyektində insaat ustası və iş icraçısı işləmişdir. 1981-1983-cü illərdə Azərbaycan Memarlıq-İnşaat Universitetində (AzMİU) İnşaat fakültəsinin Komsomol komitəsinin katibi, 1983-1984-cü illərdə İnşaat konstruksiyaları kafedrasında laboratoriya müdiri işləmişdir. 1984-1987-ci illərdə Moskva Dövlət İnşaat Universitetinin (keçmiş Moska İnşaat Mühəndisliyi İnstitutu) məqsədli əyani aspiranturasında təhsil almış və “Tağtavan örtükdə mənfi qauss əyrilikli membran şüşə plastikin deformasiya-gərginlik halı” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır (1988). 1988-2000-ci illərdə AzMİU-nun İnşaat konstruksiyaları kafedrasında assistent, baş müəllim, dosent işləmişdir. 1992-1994-cü illərdə Yaponiyanın Yokohama Dövlət Universitetinin Mühəndislik fakültəsində ixtisası üzrə elmi stajkeçmədə olmuşdur. 2000-2004-cü illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında yeni açılmış “Yapon dili və ədəbiyyatı” ixtisası üzrə dosent işləmişdir. 2004-cü ildə yeni yaradılmış Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçısı olmuş və hazırda həmin kafedranın müdiri vəzifəsində çalışır. BDU nəzdində Beynəlxalq Konfutsi İnstitutunun Azərbaycan Respublikası tərəfindən direktorudur. 1996-cı ildə Yaponiyanın Aoyama Qakuin Universitetində Beynəlxalq Mübadilə Günü Seminarında iştirak etmişdir. 2000-ci və 2008-ci illərdə Yaponiya Fondunun Yapon dili İnstitutunda pedaqoji təkmilləşdirmə kurslarında təhsil almışdır. 1998-2019-cu illərdə Rusiya Federasiyası və MDB dövlətləri Yapon dili Müəllimləri Assosiasiyasının üzvü olaraq, 1998-ci ildən Assosiasiyanın illik konfranslarına qatılmış, Azərbaycan Yapon dili məktəbini təmsil etmişdir.

Elmi yaradıcılığı İnşaat konstruksiyalar üzrə 18, Yapon dilçiliyi üzrə 30-dan artıq məqalə Azərbaycan, ABŞ, Yaponiya, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdə, o cümlədən üç məqalə Tomson Reuters Agentliyinin indeksli jurnallarlnda çap edilmişdir.

Mükafatları Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi münasibətilə ilə “BDU-nun 100 illik yubiley medalı (2019) Azərbaycanda “Yapon dili” məktəbinin yaradılması missiyasını uğurla həyata keçirməsinə görə Yaponiya Hökumətinin Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni və Diplomu (28 yanvar 2022)

Kitabları Monoqrafiyaları Altay dilləri nəzəriyyəsi və yapon dili. Bakı, “Nurlan” nəşriyyatı, 2004, 112 s. Yapon dilində feillərin leksik-qrammatik kateqoriyalarının bəzi xüsusiyyətləri. Bakı, “Nurlan” nəşriyyatı, 2007, 146 s.

Dərslikləri Yapon dili (Minna no Nihongo) Mətn sözlüyü. Dərslik, Bakı, “Mütərcim” nəşriyyatı, 2016, 111 s. Qədim dövr və orta əsrlər yapon ədəbiyyatı. Bakı: “Mütərcim” nəşriyyatı, 2018, 289 s. Yapon dili (Minna no Nihongo) Dərslik, Tokio: 3A-Network, 2018, 51 s. Yapon dili (Minna no Nihongo) Qrammatika. Dərslik, Bakı, “Mütərcim” nəşriyyatı 2019, 144 s.

İstinadlar

Kateqoriya:Filologiya elmləri doktorları