Məhəmməd Şərif Mehdi əfəndi oğlu Əfəndizadə (mühacirətdə: Mehmet Şerif Bilgehan; ) — Azərbaycan və Türkiyə müəllimi, pedaqoq və publisist.

Həyatı Məhəmməd Şərif (Məhəmmədşərif) Mehdi əfəndi oğlu Əfəndizadə (Türkiyədə Mehmet Şerif Bilgehan) 1887-ci ildə Şamaxıda doğulub və ata-baba evi Sabirin dükanının qonşuluğunda olub. Buradakı üsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul Darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib. Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib. O, İsveçrədə Cenevrə Universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.

1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir Müəllim Məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb. Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə "Müsavat" partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsveçrədəki səfiri təyin edilib. Lakin ölkə işğal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdıb. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vəfat edib.

1921-ci ildə İstanbulda "Azərbaycan və inqilabı" əsərini yazan Əfəndizadə bu kitabında və bir çox məqalələrində Azərbaycan hökumət üzvləri əleyhində fikirlər də ifadə edib. Onun Azərbaycandakı əsas fəaliyyəti Türkiyədən gələn müəllimlərin cəlbi olub.

Sabir haqqında Mirzə Ələkbər Sabirlə dostluq edən Məhəmməd Şərif sonralar Əli bəy Hüseynzadə və Məhəmməd Hadi ilə tanış olur, onlar haqqında xatirələrini yazır:

İkinci xatirə Sabirin arvadı ilə aralarında olan münasibəti, daha doğrusu, arvadının Sabirə və onun yazı-pozusuna münasibəti haqqındadır:

Əsərləri

Məhəmməd Şərif. Rəhbəri-tədris. İstanbul: [s.n.], 1911. Məhəmməd Şərif. Azərbaycan və inqilabı. İstanbul: Şirkəti-Mürəttibiyyə Mətbəəsi, 1921. Məhəmməd Şərif Əfəndizadə. Azərbaycan və inqilabı. Transliterasiya, şərhlər və lüğət: Taleh Hacıyev, Eldar Əmirov, Elmin Əliyev. Bakı: "İRƏLİ" İB, 2013. İstinadlar

Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Türkiyə azərbaycanlıları