Firuz-2 düşərgəsi — Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən, Mezolit dövrünün sonu, Neolit dövrünün əvvəlinə aid edilən qədim yaşayış məskənlərindən biri. Düşərgə Qobustanın Kiçikdaş dağınınn ərazisində, "Firuz-1" düşərgəsindən 385 metr cənub-qərbdə yerləşir. Abidə 19 və 97 nömrəli daşlar arasında, yaşayış üçün əlverişli olan qapalı bir sahədə, 19 nömrəli daşın qədim təsvirlərlə örtülmüş qərb tərəfində aşkar olunub.
Düşərgə 2001-ci ildə Azərbaycanda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına, 2007-ci ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Haqqında
Tədqiqi Firuz-2 düşərgəsində 1972 və 1973-cü illərdə arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı 70 kvadratmetr sahə öyrənilib. Qazıntılar nəticəsində 19 nömrəli daşın qərb və şimal-qərb dibində, yer səviyyəsindən 80–105 santimetr dərinlikdə, təxminən 15–20 kvadratmetr sahəni əhatə edən və qalınlığı 5–25 santimetr arasında dəyişən Mezolit dövrünə aid mədəni təbəqə qeydə alınıb.
Mədəni təbəqə üst təbəqədən 5–15 santimetr qalınlığında steril (lal) təbəqə ilə ayrılıb. Təbəqənin torpağı şabalıdı rəngli, bərk və qum qarışıqlı olub. Burada dörd yerdə ocaq qalıqları aşkar olunub.
Firuz-2 düşərgəsinin sakinlərinin istifadə etdikləri daş məmulatları qonşu "Firuz-1" və "Ana zağa" düşərgələrinin orta təbəqələrindən əldə edilmiş materiallarla oxşarlıq göstərir. Bu xüsusiyyətlərə əsasən, Firuz-2 düşərgəsi Mezolit dövrünün sonu və Neolit dövrünün əvvəlinə aid edilir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə düşərgə 26–1036 nömrəsi ilə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Arxeoloji abidənin yerləşdiyi Qobustan Milli Tarixi-Bədii Qoruğu 2007-ci il iyunun 29-da Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında "Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı" adı ilə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Arxeoloji materiallar Firuz-2 düşərgəsindən əldə edilmiş daş məmulatları əsasən çaxmaqdaşı və çaydaşından hazırlanıb. Tapıntılar arasında 33 ədəd prizma və konus formalı nukleus, 12 ədəd mikro iti ucluq, 19 ədəd trapesşəkilli alət, 13 ədəd biz və burğu, 7 ədəd kəsərcik, 7 ədəd iskənə tipli alət, həmçinin çoxsaylı kütləşdirilmiş və gəzli mikro lövhələr müəyyən edilib. Bundan başqa, qaya üzərində təsvirlərin döyülməsi üçün istifadə edilən alətlər, sürtgəclər, bıçaq və qaşov tipli daş məmulatları da aşkar edilib.
Qayaüstü təsvirlər 19 nömrəli daş "Firuz-2" düşərgəsinin şərq divarını təşkil edən, şimal-cənub istiqamətində 6 m uzunluğa, şərq-qərb istiqamətində 2,5 m enə və 5 m hündürlüyə malik iri qaya parçasıdır. Qayaüstü təsvirlərin böyük hissəsi daşın qərb üzündə, az hissəsi isə şərq üzündə qeydə alınmışdır.
Daşın qərb üzündə ümumilikdə 88 təsvir aşkar edilmişdir. Bunlara 30 insan, 30 qayıq, 13 heyvan, 2 tələ, 3 günəş simvolu və 10 naməlum təsvir daxildir. Təsvirlərin 40-ı "Firuz-2" düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı torpaq altından aşkar edilmişdir.
İnsan təsvirləri arasında qadın fiqurları üstünlük təşkil edir. Onlar əsasən siluet şəklində, iri döşlü və iri ombalı təsvir edilmiş, bəzi nümunələrdə çiyinlərində çəpinə yerləşdirilmiş alətlər göstərilmişdir. Kişi fiqurları isə nisbətən kiçik ölçülü, nazik xətlərlə işlənmişdir.
Daş üzərində 30 qayıq təsviri qeydə alınmışdır ki, onların bir hissəsi qazıntılar zamanı, digər hissəsi isə yer səviyyəsindən yuxarı aşkar edilmişdir. Qayıqlar müxtəlif ölçülüdür və içərisində bir nəfərdən iyirmi nəfərə qədər insan fiquru təsvir edilmişdir. Qayıqlardan birinin burnunda günəş simvolu və ondan sallanan xəttin ucunda lövbəri xatırladan təsvir verilmişdir. Qayıq təsvirləri əsasən neolit, eneolit və ilk tunc dövrlərinə aid edilir.
Heyvan təsvirləri arasında öküz, at, ceyran, keçi və qaban təsvirləri müəyyən edilmişdir. Bu təsvirlərdə qabanların qılıncvari dişləri aydın şəkildə əks etdirilib. Bir sıra təsvirlər eroziya nəticəsində zədələndiyindən onların hansı heyvana aid olduğunu müəyyən etmək mümkün olmamışdır.
Daşın qərb üzündə üç günəş simvolu qeydə alınmışdır. Onlar iç-içə çəkilmiş dairələr və qövslər şəklində təsvir edilmişdir. Burada həmçinin iki tələ təsviri müəyyən olunmuşdur. Bir sıra təsvirlər isə abstrakt xarakter daşıdığından onların məzmununu müəyyənləşdirmək mümkün olmamışdır.
Daşın şərq üzündə günəş simvolu, keçi, naməlum heyvan, insan və atlı təsvirləri qeydə alınmışdır. Şərq üzündəki günəş simvolu ilk tunc dövrünə, digər təsvirlər isə tunc və orta əsrlər dövrünə aid edilir.
19 nömrəli daşın qərb üzündəki təsvirlərin əsas hissəsi mezolitin sonu, neolit və ilk tunc dövründə yaradılmışdır. Ən qədim təsvirlər siluet qadın, kişi və qaban rəsmləri hesab edilir. Qayıqların böyük hissəsi ilk tunc dövrünə aid edilsə də, mədəni təbəqə altında aşkar edilmiş bəzi qayıq təsvirlərinin daha qədim olduğu qeyd olunur.
Şəkilləri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qobustan dövlət tarixi-bədii qoruğunun ərazisindəki düşərgələr