Alina Zahitova ( ; ) — rusiyalı fiqurçu. Alina Zahitova, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb.
Alina Zahitova 2019-cu ildə Saitamada Dünya Çempionatlarının qızıl medalına sahib olub. 2018-ci ildə Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Avropa Çempionatlarında 2018-ci ildə qızıl, 2019-cu ildə isə gümüş medal qazanıb. ISU Qran-Pri Finalının 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medalçısı olan Zahitova, ISU Qran-Pri seriyalı yarışların Çin (2017), Fransa (2017), Finlandiya (2018) və Rusiya (2018) mərhələlərinin qalibi olub.
Gənclər arasında isə 2017-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Zahitova, həmin mövsümndə həm də gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının və Avropa Yeniyetmələtinin Avropa Festivalının (EYOF) qalibi olub.
Karyerası ərzində 26 yarışa qatılan Alina Zahitova, onların 17-də qızıl medal, 5-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib.
Alina Zahitova Cənubi Koreya idmançısı Yuna Kimdən sonra Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran idmançıdır. O, həm də Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatının qalibi olmağı bacaran birinci Rusiya fiqurçusudur. Alina Zahitova həm də debüt mövsümündəcə Olimpiya Oyunlarının çempionu olmağı bacaran birinci fiqurçudur.
2019-cu il may ayının 6-na olan məlumatlara əsasən o, ISU reytinq cədvəlində birinci pillənin sahibidir.
Həyatı alt=|thumb|220x220px|Alina Zahitovanın uğurlarında xidmətləri olan Eteri Tutberidze|left Alina Zahitova 2002-ci il mayın 18-də İjevsh şəhərində anadan olub. Atası — buzüstü xoккey üzrə məşqçi İlnaz Zahitovdur. Alina Zahitova milliyyətcə tatardır. Ona, dəfələrlə Dünya və Avropa Çempionatlarının qalibi olan, 2004-cü il Afina Olimpiadasının çempionu bədii gimnast Alina Kabayevanın şərəfinə Alina adı verilib.
Alina Zahitova 2007-ci ildən idmanla məşğul olur. O, 2008–2014-cü illərdə doğma şəhərində UGİM-də Natalya Antipinanın rəhbərliyi altında məşq edib, 2015-ci ildən isə "Sambo-70" İTM-də Eteri Tutberidzenin rəhbərliyi altında məşq edir.
Karyerası
2015–2016-cı illər: 2015–2016-cı illər mövsümündə gənclər arasında ISU Qran-Pri seriyalı yarışlara qatılmaq hüququ olmayan Alina Zahitova (həmin yarışlara qatılmaq üçün idmançının 14 yaşı tamam olmalıdır), həmin mövsümdə yalnızca bir yarışda, gənclər arasında Rusiya Çempionatında çıxış etdi. Çempionatın qısa proqramını 52.86 balla 12-ci pillədə başa vuran Alina Zahitova, sərbəst proqramda 108.08 bal topladı və 8-ci yeri tutdu. Ümumi nəticədə isə Alina Zahitova gənclər arasında Rusiya Çempionatını 160.94 balla 8-ci pillədə başa vurdu.
2016–2017-ci illər: Gənclər arasında Qran-Pri və Dünya çempionluğu alt=|thumb|240x240px|Alina Zahitova gənclər arasında Dünya Çempionatında (2017-ci il)|right Alina Zahitova 2016–2017-ci illər mövsümündən etibarən gənclər arasında beynəlxalq yarışlarda çıxış etməyə başladı. O, həmin mövsüm birinci yarışına avqust ayında Fransanın Sen-Jerve-le-Ben şəhərində qatıldı. Alina Zahitova qısa proqramda 68.08 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə 126.30 bal toplayan Alina Zahitova, ümumi nəticədə 194.38 balla gənclər arasında Fransa Qran-Prisinin qızıl medalına sahib oldu. Bu qızıl medal, onun beynəlxalq yarışlarda qazandığı birinci medal oldu.
Sentyabr ayında Alina Zahitova, Sloveniyanın Lyublyana şəhərində analoji yarışa qatıldı. Gənclər arasında Qran-Pri yarışının Sloveniya mərhələsində o, qısa proqramda 68.10 bal topladı və birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə uğursuz çıxış edib 110.30 bal toplayan Alina Zahitova, ümumi nəticədə 178.40 balla gənclər arasında Sloveniya Qran-Prisinin bürünc medalına sahib oldu.
2016-cı ilin son ayında Alina Zahitova, gənclər arasında ISU Qran-Pri Finalında mübarizə apardı. Fransanın Marsel şəhərində baş tutan yarışda o, altı idmançı arasında favorit göstərilirdi. Qısa proqramda Alina Zahitova çıxışını səhvsiz təqdim etdi və 70.92 balla birinci yeri tutdu. Sərbəst proqramdada o, çıxışını səhvsiz təqdim etdi və 136.52 balla birinci pillənin sahibi oldu. Bununla da Alina Zahitova, ümumi nəticədə 207.44 balla 2016–2017-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.
14 yaşlı Alina Zahitova həmin il sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Çempionatı qısa proqramında o, 75.26 bal topladı və üçüncü yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, 146.96 bal topladı və ümumi nəticədə 222.22 balla qızıl medal qazanan Yevgeniya Medvedyevadan sonra Rusiya Çempionatını 18 idmançı sırasında 2-ci yerdə başa vurdu və yarışın gümüş medalına sahib oldu. Həmin gümüş medal onun Rusiya Çempionatında qazandığı birinci medal oldu.
2017-ci ildə Alina Zahitova birinci yarışına gənclər arasında Rusiya Çempionatında qatıldı. Bir müddət əvvəl Rusiya Çempionatının gümüş medalına sahib olan Alina Zahitova, bu səfər gənclər arasında analoji yarışın favoriti göstərilirdi. Qısa proqramı ciddi səhv olmadan başa vuran Alina Zahitova, 74.46 bal topladı və birinci yeri tutdu. Sərbəst proqramda isə o, 146.95 bal topladı və ümumi nəticədə 216.82 balla 18 idmançı sırasında ən yaxın izləyicisi olan Stanislava Konstantinovanı 11.76 bal fərqi ilə geridə qoydu və birinci dəfə gənclər arasında Rusiya Çempionatının qalibi oldu.
2017-ci ilin əvvəlində gənclər arasında Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Ərzurum şəhərinin ev sahibliyində baş tutan XIII Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalına (AYOF—2017) qatıldı. Qısa proqramda 58.30 bal, sərbəst proqramda isə 128.76 bal toplayan Alina Zahitova, ümumi nəticədə 187.06 balla XIII Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının çempionu oldu.
Alina Zahitova 2016–2017-ci illər mövsümünün həm sonuncu, həm də əsas yarışına mart ayında Tayvanın Taybey şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı çərçivəsində qatıldı. Qısa proqramda çıxışını ciddi səhv olmadan başa vuran Alina Zahitova, 70.58 bal topladı və həmin proqramı birinci pillədə bitirdi. Sərbəst proqramda isə o, daha uğurlu çıxış etdi. Sərbəst proqramda çıxışını ciddi səhv olmadan başa vuran Alina Zahitova, 138.02 bal topladı və həmin proqramıda birinci yerdə başa vuraraq ümumi nəticədə birinci pilləni tutdu və gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.
14 yaşlı Alina Zahitova 2016–2017-ci illər mövsümündə 7 yarışa qatıldı. Həmin yarışları o, beş qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu.
2017–2018-ci illər: Avropa və Olimpiada çempionluğu Gənclər arasında baş tutan beynəlxalq yarışlarda mübarizə aparmağı dayandıran Alina Zahitova, 2017–2018-ci illər mövsümündə birinci yarışına İtaliyanın Berqamo şəhərinin ev sahibliyində baş tutan "Lombardia Trophy" beynəlxalq yarışı çərçivəsində qatıldı. Yarışın qısa proqramında 72.30 bal, sərbəst proqramında isə 148.18 bal toplayan Alina Zahitova, ümumi nəticədə 220.48 balla birinci yeri tutdu. "Lombardia Trophy" beynəlxalq yarışının qalibi olan Alina Zahitova, seniorlar arasında beynəlxalq yarışlarda birinci qızıl medalına sahib oldu.
alt=|thumb|240x240px|Alina Zahitova ISU Qran-Pri Finalında (2017-ci il)|left Daha sonra Alina Zahitova Yaponiyanın Saytama şəhərinin ev sahibliyində baş tutan "Japan Open" beynəlxalq yarışında mübarizə apardı. Komandalararası yarış hesab olunan "Japan Open" beynəlxalq yarışında o, sərbəst proqramda çıxış etdi və 145.28 balla Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva və Yaponiya nümayəndəsi Mai Miharadan sonra üçüncü pillənin sahibi oldu. Alina Zahitova fərdi çıxışda üçüncü pillənin sahibi olsa belə, onun çıxış etdiyi "Europe" yığması ümumi nəticədə "Japan Open" beynəlxalq yarışının qalibi oldu.
Həmin çempionluğdan sonra o, Çində baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsinə qatıldı. Qısa proqramda o, uğursuz çıxış etdi və 70.44 balla dördüncü yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova 144.44 bal topladı və birinci yeri tutdu. Bu minvalla da ümumi nəticədə 214.88 bal toplayan Alina Zahitova, Çin Qran-Prisinin qalibi oldu.
Həmin ilin noyabr ayında Alina Zahitova Fransanın Qrenobl şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsinə qatıldı. O, qısa proqramda olan çıxışı zamanı bir sıra səhvlər etdi və nəticədə 62.46 balla beşinci yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, çıxışını səhvsiz təqdim etdi və 152.34 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə 214.80 bal toplayan Alina Zahitova, ISU Qran-Pri yarışının Fransa mərhələsi hesab olunan "Internationaux de France" beynəlxalq yarışının qızıl medalına sahib oldu. Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 qızıl medal qazanan Alina Zahitova, Yaponiyanın Naqoya şəhərində baş tutan Qran-Pri Finalında mübarizə aparmaq hüququ qazandı.
Naqoya şəhərinin ev sahibliyində baş tutan yarışın qısa proqramında Alina Zahitova 76.28 bal topladı və yalnızca Kanada nümayəndəsi Ketlin Osmonddan geri qaldı. Alina Zahitova uğurlu çıxışını sərbəst proqramdada davam etdirdi. Həmin proqramda 148.04 bal toplayan Alina Zahitova, ümumi nəticədə 224.32 balla bütün rəqiblərini geridə qoydu və debüt mövsümündəcə ISU Qran-Pri yarışının Finalının qalibi oldu.
15 yaşlı Alina Zahitova 2017-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Ötən çempionatda gümüş medal qazanan Alina Zahitova, bu səfər çempionatın qızıl medalına sahib oldu. Qısa proqramda 78.15 bal Alina Zahitova, sərbəst proqramda 155.45 bal topladı və ümumi nəticədə 233.60 balla birinci dəfə Rusiya Çempionatının qalibi oldu. O, mövsüm ərzində qatıldığı bütün yarışlarda qızıl medal qazandı. Məhz bütün bu uğurlara görə Alina Zahitova, Avropa Çempionatında mübarizə aparaq Rusiya yığmasının heyəti daxil edildi. Həmin Avropa Çempionatı həm də fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarından əvvəl sonuncu ciddi yarış idi.
2018-ci ilin yanvar ayında Rusiyanın ev sahibliyində baş tutan çempionatda Alina Zahitova, Avropa Çempionatlarında debüt etdi. Qısa proqramda o, 80.28 bal topladı. Həmin nəticəyə əsasən o, qısa proqramı 40 idmançı sırasında birinci yerdə başa vurdu. Sərbəst proramdada Alina Zahitova uğurla çıxış etdi. Həmin proqramda 157.98 bal toplayan Alina Zahitova, ümumi nəticədə 238.96 balla birinci pillənin sahibi oldu və Avropa Çempionatının qalibi oldu. Gümüş medalı digər Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medalı isə İtaliya nümayəndəsi Karolina Kostner qazandı.
XXIII Qış Olimpiya Oyunları
Mövsüm ərzində Qran-Pri Finalında və Avropa Çempionatında qalib gələn Alina Zahitova, 2017–2018-ci illər mövsümünün əsas yarışında çıxış etdi. Fevralın 8-dən 25-nə qədər Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarına Rusiya idmançıları Rusiya yığmasının heyətində yox, Rusiyanın Olimpiya idmançıları yığmasının heyətində qatıldı. Buna səbəb 2017-ci ilin son ayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmançılarının sistemli formada dopinqdən istfadə etməsi hadisəsinə verilən cəzadır. Həmin idmançılar yarışlarda Olimpiya bayrağı altında çıxış etdilər və təltifetmə mərasimləri zamanı Rusiya bayrağı əvəzinə Olimpiya bayrağı qaldırıldı, Rusiya himni əvəzinə isə Olimpiya himni səsləndirildi. 168 idmançının həmin yığmanın heyətində çıxış etdiyi Pxençxan Olimpiadasında Alina Zahitova, medala iddialı idmançılardan idi.