Hüseynov Elxan Hüseyn oğlu () — polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi. ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri (2001).

Həyatı Elxan Hüseynov 1963-cü il avqust ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdaş rayonunun Qolqəti kəndindəndir. O, 1976-cı ildə Bakı şəhəri Nizami rayonundakı N saylı məktəbi bitirdikdən sonar general Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə təhsil almışdır. O, 1980-ci ildə həmin məktəbi bitirmiş və ali hərbi təhsilini Azərbaycan SSR Rəyasət Heyəti adına Ali Ümumqoşun Zabitlər məktəbində davam etdirmiş və 1984-cü ildə oranı fərqlənmə diploma ilə tamamlamışdır. 1998-ci ildə isə NATO Hərbi Akademiyasını Fərqlənmə ilə bitirmişdir.

Fəaliyyəti Elxan Hüseynov 1984-1986-cı illərdə Əfqanıstanda baş leytenant kimi kəşfiyyat tağımının komandiri vəzifəsində çalışmışdır. O burada döyüşlərin birində qəlpə yarası almışdır. 1986-cı ildə kapitan rütbəsinə layiq görülən Elxan Hüseynov 1988-ci ilə kimi Türküstan Hərbi Dairəsində bölük komandiri, 1988-1990-cı illərdə Macarıstanda Qərb Hərbi Dairəsində bölük komandiri, 1990-1991-ci illərdə isə Ukrayna Hərbi Dairəsində tabor komandirinin müavini vəzifəsində işləmişdir. 1991-1992-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində əməliyyat-kəşfiyyat rəisi olmuşdur. 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunları, xüsusi təyinatlı əlahiddə tabor komandiri kimi erməni işğalçılarına qarşı döyüşlərdə mübarizlik göstərmişdir. 1992-ci ildə Şuşada orta dərəcəli mina-qəlpə yaraları almış və kontuziya olmuşdur. 1994-1995-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunları, xüsusi təyinatlı briqada komandiri vəzifəsində çalışmışdır. 1994-cü ildə Horadiz əməliyyatında fəal iştirak etmiş, Füzuli rayonunun 20-dən artıq yaşayış məntəqəsinin və strateji əhəmiyyətli Horadiz qəsəbəsinin erməni işğalçı- larından təmizlənməsində fəallıq göstərmiş, ağır döyüşlərin birində yaralanmışdır. Sonrakı illərdə də Elxan Hüseynov yalnız cəbhə bölgəsində fəaliyyət göstərmiş, N saylı Ordu Korpusunun əməliyyat şöbə rəisinin müavini, N saylı briqadanın qərargah rəisi, N saylı briqadada briqada komandirinin 1-ci müavini, N saylı briqadanın komandiri, N saylı Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi olmuşdur. 2010-cu ildə Türk Cəmiyyətləri Birliyi ilə birgə Danimarkada “Gerçək soyqırım - Xocalı” layihəsini təqdim edib. Həmin tədbirdə xəritə üzərində “Ermənilərin Xocalı soyqırımı planı” layihəsini də təqdim edib. Həmçinin hər il keçirilən Dünya Türk Mahnıları Olimpiadasının təşkilatçılarından biri olub.

O, Əfqanıstanda iki il döyüşmüş və bu müddətdə bir neçə dəfə ordenlə təltif olunmuşdur. Elxan Hüseynov ümumilikdə aşağıdakı orden və medallarla təltif edilmişdir: Qırmızı Ulduz ordeni, şücaətə görə 3 ədəd medal, xidmətə görə 2 ədəd medal.

Azərbaycan Diasporunun "Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri idi və ehtiyatda olan polkovnik olaraq lobbiçilik strategiyasını hərbi taktikalarla həyata keçirirdi.

Elxan Hüseynov bütün həyatını Azərbaycana həsr etmiş və diaspor işində önəmli xidmətləri olan diaspor rəhbərlərindən olmuşdur. Azərbaycanın Danimarkada tanıdılması yolunda təqdirəlayiq xidmətləri olmuşdur. Danimarka Azərbaycan həqiqətlərinin təbliği istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.

2011-ci il oktyabr ayının 2-də Danimarkada ömrünün 48-ci ilində uzun sürən xərçəng xəstəliyindən vəfat etmişdir.

Sitatlar

Danimarka parlamentinin türk əsilli millət vəkili Hüseyin Arac Elxan Hüseynov haqqında demişdir:

Xarici keçidlər Danimarkadakı Azərbaycan diasporunun liderlərindən biri vəfat edib

Mənbə Ağdaş Tarixin Yaddaşında/Bakı-2013/səh-273-274.

İstinadlar

Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Polkovniklər