Rəna Azər qızı Məmmədova () — Sənətşünaslıq üzrə elmlər doktoru (1991-ci il), professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü

Həyatı və fəaliyyəti Rəna Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

1978-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə başlayır. 1990-cu ildə "İncəsənətin qarşılıqlı əlaqələri" şöbəsini təşkil edib və 25 il ərzində rəhbərlik edir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Alimin tədqiqatlarının dairəsi əsasən türk dünyasının mədəniyyəti ilə bağlı olmuşdur. Rəna Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsini musiqi türkoloqiyasının elmi əsaslarının yaradılması təşkil edir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü görmüşdür ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoymuşdur.

Rəna Məmmədova musiqişünaslıqda yeni istiqamət olan musiqi türkologiyasının əsasını qoymuşdur. 100-dən artıq elmi əsərləri - monoqrafiya, kitab və məqalələri çap olunmuşdur; o cümlədən, “Muğam-sonata qovşağı”(1989), “Azərbaycan muğamlarının estetik xüsusiyyətləri” (.1987), “Azərbaycan muğamlarının funksional problemləri” (1989), “Azərbaycan muğamı” (2002) əsərlərində muğam sənətinin estetik və nəzəri məsələləri öyrənilmişdir.

Rəna Məmmədova Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, "Simurq" mədəniyyət cəmiyyətinin Rəyasət heyətinin üzvü və Azərbaycan Zadəganlar məclisinin üzvüdür.

O, 230-dan artıq elmi məqalənin müəllifidir.

Rəna Məmmədova 23 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlamışdır.

Təltif və mükafatları "Azərbaycan Bayrağı" ordeni "Qızıl qələm" mükafatı "Xalqın nüfuzlu ziyalısı" fəxri diplomu "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının diplomu "Simurq" Beynəlxalq medalı AMEA-nın Fəxri Fərmanı – № 24/1, 12.12.2005-ci il AMEA-nın Fəxri Fərmanı – № 9/10, 02.04.2010-cu il

Elmi əsərləri Azərbaycan muğamında funksionallıq problemi. Elm, 1989. Bakının teatr həyatından. Elm, 2006. Из истории азербайджанского музыкального театра. Элм, 2006. Azərbaycan muğamı. Elm, 2002. Musiqili türkologiyası. Elm, 2002. Azərbaycan musiqili teatrı tarixindən səhifələr. Elm, 2006. Rusiya və Qafqaz. 2010.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Musiqişünaslar Kateqoriya:Azərbaycan Milli Konservatoriyasının məzunları Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Professorlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Sənətşünaslıq elmləri doktorları Kateqoriya:AMEA-nın qadın müxbir üzvləri Kateqoriya:"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları