Gəray Gəraybəyli () — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim.

Həyatı və fəaliyyəti Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla, 1992-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.

Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.

60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.

2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur.

Gəray Gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Mükafat və təltifləri 16 iyun 2014-cü il tarixində professor G.Ç.Gəraybəyli "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür

Ailəsi Ailəlidir, iki oğlu var.

Azərbaycan SSR Xalq Artisti, aktyor Ağasadıq Gəraybəylinin nəvəsidir.

Ədəbiyyat Ə. Əmiraslanov, "Azərbaycan Tibb Universiteti – 80", Bakı, "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC, 2010, s.327

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Azərbaycan Tibb Universitetinin professorları Kateqoriya:Azərbaycan Tibb Universitetinin rektorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar müəllimləri Kateqoriya:Tibb elmləri doktorları