Acoy Kumar Qhoş(; ) — Hindistan kommunisti, HKP-nın baş katibi.
Həyatı Qhoş 1909-cu il fevralın 20-də Mihidcam qəsəbəsində həkim Saçindranat Qhoşun ailəsində anadan olmuşdur. Oğlana verilən Açoy adı–sahilində Mihidcam qəsəbəsi yerləşən Acoy ("məğlubedilməz") çayının adından götürülmüşdür.
Qhoşun uşaqlığı və gəncliyi Kanpurda keçmişdir. Onun həyatının bu dövrü haqqında məlumat azdır. Acoy on beş yaşında ikən inqilab haqqında düşünmüş, Britaniya hökmranlığına qarşı silahlı çıxış təşkil etməyə cəhd göstərən 1915–1916-cı illərin qəhrəmanlarına valeh qalmışdı. 1923-cü ildə Qhoş Bhaqat Sinqhlə tanış oldu. Müstəmləkəçilərə bəslədikləri nifrət onları bir-birinə yaxınlaşdırdı. Onların hər ikisi başa düşürdü ki, vətəni azad etmək üçün xalqı oyatmaq lazımdır.
Qhoş və onun yoldaşları idman salonu açdılar. Burada əsasən həmfikirlər görüşürdülər. 1926-cı ilin yanvarında Qhoş Allahabad Universitetinin kimya fakültəsinə daxil oldu və bir neçə ildən sonra bakalavr dərəcəsi aldı.
Yeni görüşlər 1928-ci ildə Bhatat Sinqhlə yeni görüş Qhoşun həyatında həlledici əhəmiyyət kəsb etdi. O, Sinqhin başçılıq etdiyi gizli təşkilatın üzvü oldu. Hindistanın Sosialist respublika cəmiyyəti adlanan bu təşkilat sosialist Hindistanı yaratmaq məqsədini qarşısına qoymuşdu. Məqsədə çatmaq üçün bir vasitə kimi fərdi və qrupla terror metodu seçilmişdi. Qhoş xatırladır: "O zaman biz belə əqidəyə gəlmişdik ki, terror–xalq düşmənlərinə qarşı silahlı əməliyyat–ölkəni oyatmaq üçün zəruri bir şərtdir".
O zaman siyasi cəhətdən nisbətən yetkin sinif olan milli burjuaziya svarac (özünüidarə) uğrunda mübarizədə ardıcıl və cəsarətli deyildi, mülayim müqavimət taktikasını müdafiə edirdi. Radikal əhvali-ruhiyyəli gənclər qəti mübarizəyə can atırdılar.
Qhoş yazmışdı: "Biz ölkədə milli-azadlıq hərəkatının tanınmış rəhbərlərinə, onların konstitusiyaçılığına inamı itirdik, svaracı daxildən ələ keçirmək barəsində onların irəli sürdüyü şüar isə, bizdə nifrət əmələ gətirdi. Xalqı "qorxunun cəngindən" dartıb çıxarmaq lazım idi… Ən mənfur dövlət qulluqçularına lazımi yerində və lazım olan vaxt bir sıra zərbələr vurulması ilə, kütləvi hərəkat başlanması ilə məzar sükutu pozulan zaman biz bu hərəkatla əlaqə saxdayacaq, onun silahlı dəstəsinə çevriləcək və bu hərəkatı sosializm yoluna yönəldəcəyik". Cəmiyyətin fəaliyyət proqramı belə idi.
Aparılan həbslər Cəmiyyət rəhbərlərini sındırmadı. Onlar mühakimə zamanı özlərini bir igid kimi apararaq, çıxışlarında müstəmləkə hökumətinə, onun məhkəməsinə və polisinə nifrətlərini ifadə etdilər. Onlar mühakimədən bir siyasi məqsəd kimi istifadə etməyə çalışdılar və aclıq e'lan edərək, siyasi məhbusları əlahiddələşdirməyi və onlar üçün yaxşı şərait yaratmağı tələb etdilər. Aclıq ölkədə böyük tə'sir buraxdı. Qhoş belə nağıl edirdi: "On gün ərzində heç bir hadisə baş vermədi. Aclıq gücləndi, onun dalınca zəiflik başladı. Bəziləri bir həftədən sonra yorğan-döşəyə düşdü, məhkəmə iclası davam etdiyi üçün mühakimə salonunda onların oturması çox çətin oldu… On gündən sonra bizi zorla yedirməyə başladılar. O zaman bizim hamımız tək-tək kameralarda qalırdıq…".Polonskaia, L. R., and P. M. Shastitko. "Adzhoi Gkhosh." Voprosy istorii, no. 6. Moscow, 1969.
Zindanla tanışlıq Mühakimə davam edən müddətdə müqəssirlər iki dəfə aclıq e'lan etdilər. Alçaldıcı əmrə tabe olmamaq polis ilə toqquşmağa səbəb oldu. Hindistanın kral müavini işlərə vəkilsiz, müdafiə şahidləri olmadan, hətta mühakimə olunanların özləri iştirak etmədən baxılması barəsində xüsusi dekret verdi.
1930-cu ilin oktyabrında hökm çıxarıldı. Bhaqat Sinqhi və onun iki yoldaşını ölüm cəzasına, qalanlarını isə ömürlük katorqa və uzunmüddətli həbs cəzasına məhkum etdilər. İttiham sübuta yetmədiyinə görə Acoy Qhoş azad olundu. Qhoş öz dostlarının dərdinə qalır, Bhaqat Sinqhi və Lahor mühakiməsinin digər iştirakçılarını həmişə səmimi qəlbdən xatırlayırdı.
Qhoş həbsxanadan çıxaraq, Kanpura qayıtdı. O, həmkarlar ittifaqlarında çox işlədi, bu barədə çox şey oxudu. Əsil kommunist Sardesai ilə şəxsən tanış olması da bu dövrə aiddir. Seçilən mübarizə metodlarının doğru olması barəsində əvvəllər Qhoşda əmələ gələn şübhələr tədriclə belə bir inamla əvəz olunurdu ki, yalnız kütləvi hərəkat inqilabi üsyana gətirib çıxara bilər. Qhoşun bu fikirləri, o, 1931-ci ildə yenidən həbsxanaya düşərək, bir neçə həftə Sardesai ilə birlikdə bir kamerada qalan zaman qəti şəkildə formalaşdı. Sardesai ilə söhbətləri, marksist ədəbiyyatını öyrənməsi Qhoşu əqidəli kommunist etdi. İnqilabçı-terrorçu öz həyatını həmişə Marksın–Leninin ideyaları ilə bağlayan inqilabçı marksistə çevrildi."The Sino-Indian Border Dispute," B. 644 (R) November, 1962, 4, India, CPR 12-61-12-62 folder 3 of 4, Papers of President Kennedy, National Security File, Robert Komer, Box 420, John F. Kennedy Library.
Hindistan Kommunist Partiyası 1933-cü ildə, Qhoşun həbsxanadan azad olunması ilində onu Hindistan Kommunist Partiyası Mərkəzi Komitəsinin tərkibinə, 1936-cı ildə isə Siyasi Büroya üzv seçdilər. 1934-cü ilin iyulunda kommunist partiyası qanundan kənar e'lan edilən zaman partiyanın mübarizə qabiliyyətini saxlamaq üçün onun rəhbərləri çox qüvvə sərf etməli oldular. İş aparmaq üçün şərait çox mürəkkəb və həyəcanlı idi. Bir dəfə Qhoş az qala polisin əlinə keçmişdi. Partiya Mərkəzi Bicapur şəhərində həbsdə olan bir kommunistin qaçmasını təşkil etməyi ona tapşırmışdı. Tapşırıq müvəffəqiyyətlə yerinə yetirildi, onların hər ikisi nəzərə çarpmadan qatara oturmağa nail oldu. Acoy hökumət qulluqçusu rolu oynayır, azad olmuş isə ona xidmət edirdi. Heydərabadın yaxınlığında bir polis nəfəri onlarla çox maraqlanmağa başladı. Lakin Qhoş özünü itirmədi. Qhoş özünü səhmdar idarəsinin tə'limatçısı kimi təqdim etdi, elə müstəqil və inamlı apardı ki, polis nəfərindəki şübhə itib getdi.
30-cu illərin ortalarında kommunist partiyası zəhmətkeşlərin kütləvi təşkilatlarında aparılan işi gücləndirdi; Hindistan proletarları öz hüquqları uğrunda mübarizəyə getdikcə daha fəal qoşulurdular. 1937-ci ildə baş verən tə'tillərdə artıq 650 min nəfər iştirak etdi. Kanpurun 40 minlik toxucusunun tə'tilinə kommunistlər başçılıq etdilər.
1938-ci ildə çıxmağa başlayan həftəlik "Neşnl front" Hindistan cəmiyyətinin qabaqcıl hissəsi arasında sosializm ideyalarını təbliğ etməli idi. Həftəlik nəşrin redaksiya hey'əti üzvü olan Acoy Qhoş bir sıra məqalələrlə çıxış etdi. Bu məqalələr göstərdi ki, partiyada iste'dadlı publisist və marksizm-leninizmin görkəmli təbliğatçısı meydana gəlmişdir. İkinci dünya müharibəsi illərində partiya yenidən gizli işə keçməyə məcbur edildi. Yenə də qeyri-leqal şəraitdə yaşamaq ayları bir-birinin dalına düzüldü.
Lakin Qhoş həmişəki kimi yenə də yorulmaq bilmir: "Kommunist" qəzeti və digər partiya nəşrləri üçün məqalələr yazır, partiya təşkilatlarının fəaliyyətinə rəhbərlik edir və çox-çox mütaliə edirdi. Onun iş qabiliyyəti və məqsəd aydınlığı yoldaşlarını valeh edirdi. Məişətdə son dərəcə tələbkar olmayan və rahatlığa e'tinasızlıq göstərən Qhoş öz mülahizəsinə görə ikinci dərəcəli saydığı şeylərə əhəmiyyət vermirdi.
Məcburiyyət üzündən gizlində olmaq Qhoşu çox narahat edirdi, odur ki, bir aydan sonra partiya tapşırığını yerinə yetirmək üçün Uttar Pradeş əyalətinə getdi. 1940-cı ildə ingilis müstəmləkə hakimiyyət orqanları Qhoşun izinə düşərək onu həbsə aldılar, Deoli həbs düşərgəsinə saldılar. Siyasi məhbusların hüquqlarının tapdalanmasına qarşı e'tiraz əlaməti olaraq o, burada uzunmüddətli aclıq təşkil etdi.
1942-ci ildə ictimai fikrin təzyiqi altında ingilislər Qhoşu azad etməyə məcbur oldular. Uzunmüddətli məhbusluq onun sağlamlığını pozdu: o, vərəm xəstəliyinə tutuldu. Dostları klinikada yatmağa onu məcbur etdilər, lakin həkimlərin qəti e'tirazlarına baxmayaraq, bir neçə aydan sonra oradan çıxıb işə qayıtdı. Müstəmləkəçilər 1946-cı ildə ölkəni parçalamaq məqsədilə hind-müsəlman toqquşması törətdilər, Pəncabda qanlı qırğın başlandı. Partiya Acoy Qhoşu Pəncaba göndərdi. O, şəhərləri və kəndləri gəzərək, izah edirdi ki, bu qırğın müstəmləkəçilərin işidir, hindularla müsəlmanlar qardaşdırlar, bir-birlərinə nifrət bəsləməyə onlarda heç bir əsas və səbəb yoxdur. Eyni zamanda Qhoş ayrı-ayrı partiya qruplarını Pəncab Kommunist Partiyasının vahid bir təşkilatında birləşdirmək sahəsində iş aparırdı. Pəncabda Qhoşun şəxsi həyatında mühüm bir hadisə baş verdi. O, oradakı Lahor şəhərində evləndi. Onun arvadı Litto Rai kommunist, həm də qadın hərəkatının fəal iştirakçısı olduğundan bilirdi ki, o, sakit, rahat ailə həyatı keçirməyi nəzərdə tuta bilməz. Doğrudan da belə idi, evləndikdən bir neçə ay sonra Qhoş Vervad həbsxanasına salındı. Həbsxana həkimi gördü ki, hündür boylu, arıq, alnı Sokratın alnına bənzəyən məhbus təhlükəli xəstədir. Lakin o, ağır vəziyyətini nəzərə almayaraq hər səhər çarpayıdan durub bütün gün işləyirdi. Kənardan gələn cüzi məlumatdan həbsxanadakı kommunistlər bilirdilər ki, ölkədə gərgin vəziyyət əmələ gəlib, Hindistan siyasi müstəqillik aldıqdan sonra partiyanın qarşısında duran yeni taktiki vəzifələri kommunistlərin heç də hamısı lazımınca başa düşməyib. Şərait doğrudan da mürəkkəb idi. İstiqlaliyyət qazanmaq uğrunda hərəkata Hindistan milli burjuaziyası başçılıq edirdi. Kommunist partiyasıbu mübarizədə xalqın mənafeyinin sadiq müdafiəçisi kimi hərəkət edir, onun üzvləri azadlıq uğrunda özlərini cəsur və fədakar mübariz kimi göstərirdilər, lakin partiyanın rəhbərlik etdiyi fəhlə sinfi, Qhoşun yazdığı kimi, "hərəkatın rəhbəri deyil, bu hərəkatın yalnız iştirakçısı, ən qəhrəman iştirakçısı idi". Xarakterinə görə Hindistanda antiimperialist və antifeodal inqilabın həmin mərhələsində milli intibahın mürəkkəb vəzifələrini yerinə yetirmək üçün bütün milli-vətənpərvər qüvvələrin birliyinə nail olmaq kommunistlərin başlıca vəzifəsi idi. Lakin kommunist partiyasının bəzi rəhbər xadimləri bu doğru taktika xəttindən kənara çəkilirdilər. Onlar bunu əsas götürürdülər ki, müstəqil Hindistanda milli burjuaziya və onun partiyası olan Hindistan Milli konqresi bütünlüklə imperializm tərəfinə keçərək, ona münasibətdə daha öz müxalifətçilik rolunu oynamaqdan qalmışdır. 1947-ci ildə əldə edilmiş istiqlaliyyət "saxta" e'lan olunmuşdu, inqilabın həmin mərhələsi xalq demokratik inqilabı kimi xarakterizə edilir və bunlarla əlaqədar olaraq milli burjuaziya hökumətini devirmək vəzifəsi başlıca məqsəd kimi irəli sürülürdü.
Qhoş o zaman yazırdı ki: "Əgər partiya irəli getmək istəyirsə, onda təriqətçiliyin və avantürizmin kökünü kəsməlidir. Buna isə, o vaxt nail olmaq mümkündür ki, onun tə'sirinin şişirdilməsi meyli bir kənara tullansın, real faktların uydurulmuş arzularla, antimarksistcəsinə və antilenincəsinə əvəz edilməsinə həmişəlik son qoyulmuş olsun". Qhoş 1950-ci ilin iyulunda taqətdən düşmüş halda həbsxanadan çıxdı. O, məktublarının birində bildirirdi: "Mən özümü çox pis hiss edirəm, hər gün isitmə-qızdırma gəlir, həmişə başım ağrıyır. Nə otura, nə yaza, nə də ki, oxuya bilirəm… Həkimlərin yanına getdim, müalicə olunmağı və daha çox istirahət etməyi mənə məsləhət gördülər…" Lakin Qhoşun istirahəti uzun çəkmədi. O, partiyanın taktikasındakı səhvləri düzəltmək uğrunda, onun sıralarının möhkəmləndirilməsi və birləşdirilməsi uğrunda mübarizəyə yenidən qoşuldu. M. V. Qhat və Ş. A. Danqe ilə birlikdə Qhoş siyasi tezisləri işləyib hazırladı; bu tezislərdə Hindistanda sinfi qüvvələrin yerləşməsinin marksist təhlilini verdi. Qhoş əsla səhhətinin qayğısına qalmayaraq, ölkəni gəzir, mitinq və yığıncaqlarda çıxış edir, fəhlələr, kəndlilər və tələbələrlə görüşürdü. Siyasi həssaslığa malik olan Qhoş Hindistan Kommunist Partiyasının təşkilatca möhkəmlənməsində və onun üçün düzgün siyasi xəttin işlənib hazırlanmasında görkəmli rol oynamışdır. O zaman fəhlə hərəkatında başlıca təhlükə olan sol təriqətçilik təmayülünə qarşı mübarizədə Qhoş özünü marksizm tə'limini Hindistan gerçəkliyinə yaradıcılıqla tətbiq etməyi bacaran böyük bir nəzəriyyəçi kimi göstərdi.The India-China Border Dispute and the Communist Party of India: Resolutions, Statements and Speeches, 1959–1963 (Communist Party of India, 1963), 61–96.