Kamil Seyid oğlu Məmmədov () — Azərbaycanın hüquq-mühafizə orqanları xadimi, daxili xidmət general-mayoru, Azərbaycan SSR daxili işlər nazirinin müavini (1981–1988). Azərbaycanda daxili işlər orqanlarının rəqəmsallaşdırılması və vahid məlumat bazasının yaradılmasının təşəbbüskarı kimi tanınır.
Həyatı Kamil Məmmədov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakıda almış, daha sonra ailəsi ilə birlikdə Yevlaxa köçmüş və orta məktəbi orada bitirmişdir. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində almışdır. Əmək fəaliyyətinə komsomol xətti ilə başlamış, 1957-ci ildə Maştağa qəsəbə komsomol komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Daxili işlər orqanlarında fəaliyyəti
1959-cu ilin sonunda daxili işlər naziri Əli Kərimovun dəvəti ilə milis orqanlarına keçmişdir. 1960-cı ildən Maştağa rayon milis şöbəsinin rəisi, rayon ləğv edildikdən sonra isə Əzizbəyov rayonunun 9-cu milis bölməsinin rəisi olmuşdur. 1964–1967-ci illərdə Nəqliyyat Milis İdarəsinin su təchizatı şöbəsinin rəisi, 1967–1971-ci illərdə isə Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsində (OBXSS) bölmə rəisi vəzifələrini icra etmişdir. 1977-ci ildə nazir Arif Heydərovun təyinatı ilə respublika OBXSS idarəsinin rəisi vəzifəsinə yüksəlmişdir.
1981-ci ildə nazir Cəfər Vəliyevin qərarı ilə Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin edilmişdir. Nazir müavini kimi daxili işlər orqanlarında ilk dəfə elektron hesablama maşınlarının (EHM) tətbiqinə başlamışdır. Onun rəhbərliyi ilə cinayətkarlar və narkotik asılılığı olan şəxslərin vahid elektron bazası yaradılmışdır ki, bu da dövrü üçün "rəqəmsal inqilab" hesab olunurdu.
1983-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
General-mayor Kamil Məmmədov 14 iyul 2023-cü ildə dünyasını dəyişib.
Qarabağ hadisələri 1988-ci ildə Qarabağda erməni separatizmi başladıqda, ağır cərrahiyyə əməliyyatından yeni çıxmasına baxmayaraq Xankəndiyə yollanmışdır. Qarabağda 7 minə yaxın milis əməkdaşına rəhbərlik edən general, hadisələrin vahid mərkəzdən idarə olunduğuna dair rəhbərliyə mühüm hesabatlar təqdim etmişdir. Separatçılığa qarşı mübarizə qərargahı yaratsa da, Moskvadan gələn nümayəndə heyətinin müdaxiləsi və güc tətbiqinə qoyulan qadağalar fonunda vəzifəsindən istefa verməyə məcbur edilmişdir.
Mükafatları 30 illik qüsursuz xidmət dövründə onlarla dövlət mükafatına layiq görülmüşdür: "Qırmızı Əmək Bayrağı" ordeni (1977) — Heydər Əliyevin təqdimatı ilə. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı. 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni
İstinadlar
Xarici keçidlər
Kamil Məmmədov ilə müsahibə, ASAN Radio
Kateqoriya:SSRİ baş leytenantları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar