Abbasəli Pənbeyi () — fədai, siyasətçi, ictimai xadim. Xiyabani və "21 Azər" hərəkatlarının iştirakçısı. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Milli Məclisinə nümayəndə seçilib, Təbrizdə polis rəisi, Urmiya və Salmasda isə fərmandar kimi fəaliyyət göstərib.

Milli Hökumət dağıldıqdan sonra həbs olunub. Bir neçə il həbsdə daha sonra isə sürgündə qaldıqdan sonra Miyanəya qayıdıb. Sonrakı illər xeyriyyəçiliklə məşğul olub.

Həyatı

İlk illəri Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1897-ci ildə Miyanə şəhərində anadan olub. Heç bir təhsili olmasa da siyasi ictimai mövzularda aktiv olub. Şəhərdəki konfliktlərin həllində eləcə də ictimai fəaliyyətində aktiv olduğuna görə şəhər əhalisi tərəfindən ona "xalaoğlu" ləqəbi verilib.

1906-cı ildə yaradılmış İctimaiyyun-Amiyyun partiyasının üzvü olub. Məhəmməd Xiyabani hərəkatında fədai kimi iştirak edib. 1925-ci ildə Rza şah hakimiyyətə gəldikdən sonra bir çox hərəkatlar və siyasi partiyalar dağıldı. Abbasəli Pənbeyi də bu dövrdə həbs olunaraq Təbrizə aparılıb. Məhkəmədən sonra isə Sənəndəcə sürgün edilib. Burada o, Şeyx Zənbil və Qazi Məhəmmədlə dostlaşıb. Cəza müddəti bitdikdən sonra Miyanəyə geri qayıdıb və çəkməçiliklə məşğul olub.

Azərbaycan Demokrat Hərəkatında 150px|thumb|left|Abbasəli Pənbeyi Təbrizdə çıxış edərkən, 12 dekabr 1945-ci il. 1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. Sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Abbasəli Pənbeyi də yeni yaradılmış Tudə Partiyasına üzv olub və partiyanın Miyanə komitəsində fəaliyyət göstərib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra Tudə Partiyasını tərk edərək Demokrat Firqəsinə üzv olub. ADF-nin birinci qurultayında nümayəndə kimi iştirak edib və mərkəzi komitənin üzvü seçilib.1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub. Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul olunub. Abbasəli Pənbeyi də Miyanə fədailərinə başçılıq edənlərdən biri olub. 1945-ci il noyabrın 17-də Qulam Yəhya ilə birlikdə Miyanə şəhərinin şah qoşunlarından təmizlənməsində iştirak edib. Bununla da Miyanə şəhəri Azərbaycan şəhərləri arasında şah qoşunlarından təmizlənən ilk şəhər olub.

1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı. Abbasəli Pənbeyi də Milli heyətə seçilən 39 nəfərdən biri olub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Miyanədə keçirilən seçkilər nəticəsində Abbasəli Pənbeyi səs toplayaraq Azərbaycan Milli Məclisinə Miyanədən nümayəndə seçilib.

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Təbriz şəhəri şah qoşunlarından təmizləndikdən sonra Abbasəli Pənbeyi şəhərin polis rəisi təyin olunub. Urmiya şəhəri şah qoşunlarından təmizləndikdən sonra isə şəhərin fərmandarı təyin olunub. 1946-cı ildə Salmas şəhəri Azərbaycan Milli Hökumətinin fədailəri tərəfindən Ömər Smitqonun kürd dəstələrindən təmizlənib. Daha sonra Abbasəli Pənbeyi Salmas şəhərinin fərmandarı təyin olunub.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Abbasəli Pənbeyi Salmas şəhərində həbs olunub. Təbriz məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Daha sonra hökmü dəyişib və bir il yarım həbsdə qaldıqdan sonra Bəndər Abbas şəhərinə sürgün olunub. Bir il də burada həbsdə qaldıqdan sonra əfv olunub və Miyanəyə geri qayıdıb. 1951-ci ildə Miyanə şəhərində xeyriyyə işləri ilə məşğul olmağa başlayıb. Şəhərdə tibb məntəqəsi, aptek və yeni məktəblərin yaradılmasında rolu olub.گذشته چراغ راه آینده‌است|گذشته چراغ راه آینده‌است: تاریخ ایران در فاصلهٔ دو کودتا ۱۳۳۲–۱۲۹۹، انتشارات ققنوس، صص ۴۲۳–۴۲۱، شابک ۹۷۸−۹۶۴−۳۱۱−۱۳۵−۹ Həmin illərdə Qoşaçaya su kanalının çəkilməsi üçün vəsait ayırıb. Kanal hazır olduqdan sonra insanlar tərəfindən "Qara çay" və ya "Pənbeyi kəhrizi" adlandırılıb.

Heç bir təhsili olmasa da ədəbiyyata maraq göstərib və şeir yazıb. Şəhriyarın dəvəti ilə dəfələrlə ədəbi məclislərdə iştirak edib.

Abbasəli Pənbeyi 1977-ci il martın 9-da Tehranda avtomobil qəzasına düşərək dünyasını dəyişib. Tehranda yerləşən Behişti Zəhra qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Söhrab Sepehri, Salamulla Cavid və bir çox ictimai xadimlər iştirak ediblər.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Miyanədə doğulanlar Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları Kateqoriya:Tudə partiyasının üzvləri