Sadıq bəy Ağabəyzadə və ya Məhəmməd Sadıq Ağabəyzadə () — general-mayor, şərqşünas alim, Azərbaycan polisinin qurucusu və islahatçısı, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər nazirinin müavini.

Həyatı Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində doğulmuşdur. 1883-cü ildə Bakı Real Məktəbini bitirmişdir. 1886-cı ildə Peterburq Hərbi Piyada və Artilleriya Məktəbini (II Konstantinov hərbi məktəbi) bitirmişdir. O eyni zamanda Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri kursunda qiyabi oxumuşdur. left|thumb|Soldan oturanlar: Mehdi Əliyev, Məmmədtağı Əliyev, Əli bəy Hüseynzadə. Ayaq üstə: Sadıq bəy Ağabəyzadə (Sankt-Peterburq, 1886) 1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir.

Xidməti 1913-cü ildə xəstəliyinə görə general-mayor rütbəsində təqaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci Dünya müharibəsi başladıqdan sonra yenidən orduya səfərbər edilmişdir. O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən Ləhcəsi" dərsliyini nəşr etdirmişdir. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır. Təqaüdə çıxdıqdan sonra Sadıq bəy əmin idi ki, onun hərbi karyerası başa çatdı və ömrünün qalan hissəsini doğma Göyçayda keçirmək ona qismət olacaq. Lakin Birinci Dünya müharibəsi onun həyatını dəyişmişdir. Sadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanmışdır. Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1917-ci ildə çar mütləqiyyətinin süqutundan və bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra Sovet Rusiyasının müharibədən çıxdığını və ordunu buraxdığını elan etməsi ilə əlaqədar olaraq ordudan tərxis olunmuş Sadıq bəy Ağabəyzadə general-mayor rütbəsində Göyçaya qayıtmışdır..

AXC dövründə fəaliyyəti 1918-ci ilin 23 oktyabrında, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Sadıq bəy Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir.

Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanmışdır. 1919-cu ildə Azərbaycanda polis işçilərinin ümumi sayı 9661 nəfərə çatmışdır, onların 498-i 1-ci rütbəli şəhər polisi, 5089-u 2-ci rütbəli şəhər polisi, 242-i 1-ci rütbəli post polisi, 243-ü isə 2-ci rütbəli post polisi idi.

1919-cu il oktyabrın əvvəlində, hökumətin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılamışdır. Sadıq bəy oktyabrın 4–10-na kimi prezident nümayəndəsini müşayiət etmiş və onu mühafizəçi ilə təmin etmişdir. Bakıya gələrkən general Xarbort Hacı Zeynalabdin Tağıyevin evində qonaq olmuşdur. Deyirlər ki, general Harbord gəlişinə həsr olunmuş ziyafətlərin birində, o, şəxsən müəyyən səbəblərdən ziyafətdə iştirak etməyən Sadıq bəyin sağlığına tost demişdir. O, öz tostunda qeyd etmişdir ki, Sadıq bəy yüksək intelektual imkanlara malik olan bir insandır və o, hərbçilər arasında belə yüksək təhsilli və maraqlı insana rast gəlməmişdir.

Sovet işğalından sonrakı həyatı Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə 1920-ci ildə Türkiyəyə mühacirət etmiş və İstanbulda qohumları ilə yaşamışdır. Burada əmisi oğlu Əli bəy Hüseynzadə ilə görüşmüşdür. 1921-ci ilin əvvəllərində Parisə köçmüş və iki il Sorbon şəhərində fars və türk dillərini tədris etmişdir.

Parisdə alim-şərqşünas taleyin bir zərbəsinə məruz qalmışdır — istəkli həyat yoldaşı Gülnarəni itirmişdir. O, Parisin müsəlman qəbirstanlığında dəfn olunmuşdur.

Bu hadisədən sonra alimi Parislə heç bir şey bağlamamış və o, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçmüşdür. O, Lvov universitetinin fəlsəfə fakültəsində işləmiş, lakin az sonra Lvov Ali Ticarət məktəbində türk, fars və ərəb dillərini tədris etmiş, eyni zamanda polyak və ukrayna dillərini öyrənmişdir.

Ziqmunt Smoqojevski, V. Kotviç və Sadıq bəy Ağabəyzadə şərqşünaslıq məktəbinin özəyini təşkil etmişlər. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılmışdır.

Lvov universitetində Sadıq bəy bir sıra fənnləri, o cümlədən türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris etmişdir.

1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika və morfologiya), (Ovqusta Peryenin "Yeni ədəb dili qrammatikası" ikinci nəşr əsasında yazılmış) nəşr etdirmişdir. Lvov şəhərində Sadıq bəyin bir sıra tələbələri olmuşdur. Onlardan Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarını misal göstərmək olar.

Ölümü Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarmışlar. O, pis qızdırılan yerdə yaşamalı olmuşdur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnmiş və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat etmişdir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkmişlər.

Sadıq bəy Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilmişdir.

İrsi Azərbaycanda

Bakı və Göyçay şəhərlərində Sadıq bəy Ağabəyzadənin adını daşıyan parklar salınmışdır. Göyçay şəhərində yerləşən bir kitabxana Sadıq bəy Ağabəyzadənin adını daşıyır.

Xaricdə

Ukraynanın Lvov şəhərində Sadıq bəy Ağabəyzadənin adını daşıyan küçə və büst vardır. Mənbə

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin generalları Kateqoriya:Ağabəyovlar Kateqoriya:Bakı real məktəbinin məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Lvov Universitetinin müəllimləri Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Polşa azərbaycanlıları