Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır.

Həyatı Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi.

1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun.

Evlilikləri Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir. Mirzə Salmanın qızına məxsus daşınmaz əmlak və malların bir hissəsi dövlət tərəfindən müsadirə edildi, digər hissəsi isə qorçular arasında bölüşdürüldü.

Bir digər məlumata isə yenə İsgəndər bəy Münşinin “Tarix-i aləmarayi-Abbasi” adlı əsərində rast gəlinir. İsgəndər bəyin yazdığına görə, Şah Məhəmməd Xudabəndənin (1578-1587) dövründə şah Osmanlı İmperiyası ilə Gürcüstanın yaxınlığını görüb öz oğlunu gürcü hökmdarı Səmayun xanın qızı ilə evləndirmək istəyir. Şah bu yolla gürcülərlə dostluq münasibətlərini inkişaf etdirməyi hədəfləyirdi. O, bu iş üçün Təkəlü tayfasından olan Müseyyib xanı Gürcüstana göndərir. Lakin Səmayun xan evliliyə razı olmuş kimi davransa da, inanc fərqinə görə bu hadisəyə müsbət baxmır və qızının cehiz hazırlığını gecikdirir. Səmayun xan qızını göndərməkdə gecikdiyi üçün şahın əmri ilə Mirzə Salman 20 minlik əsgərlə Gürcüstan sərhədinə gəlir. Nəticədə Səmayun xan qorxaraq şahın təklifini qəbul etməli olur.

Dövlət idarəsində rolu İsgəndər bəy Münşinin yazdığına görə 1578-ci ildə Osmanlı sultanı Muradın Qarabağ və Şirvan bölgələrinə səfər təşkil edərək iki dövlət arasında bağlanan müqaviləni pozması ilə Şah Məhəmməd Xudabəndə, böyük oğlu Həmzə Mirzə və əmirlər bu bölgəyə səfər təşkil edərək osmanlılara qarşı vuruşmaq qərarına gəlir. Dövlətin səlahiyyətli şəxsləri şahzadənin hüzuruna toplanır və dövlət mərkəzindən Azərbaycana doğru hərəkətə keçir. Bu yürüşdə Məhdi Ülya oğlundan ayrıldığına görə çox kədərlənir və oğlu ilə birlikdə səfərə qatılmaq qərarına gəlir. Bundan əlavə, şahzadə dövlətin nəzarəti altında olan hər yerə Osmanlıya qarşı döyüşmək məqsədilə ordu toplamaq üçün fərmanlar göndərir.

1578-ci ildə Mustafa Lələ paşanın rəhbərliyi ilə yüz minlik Osmanlı ordusu Qarsdan Gürcüstan istiqamətində yürüşə başladı.1578-ci il avqustun 9-da Qarsın şimal-şərqində yerləşən Çıldır gölü sahilində baş vermiş döyüşdə osmanlıların qələbəsi onların Gürcüstana daxil olmalarına şərait yaratdı. 1578-ci il sentyabrın əvvəllərində Osmanlı ordusu Qanıq (Alazan) çayına çatdı. Osmanlı ordusu Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı işğal etdi. 1578-ci il sentyabrın axırlarında Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən Qarabağa gəldi. Salyanda hazırlıq işləri ilə məşğul olan Araz xan Rumlu qızılbaşlar ordusunun gəlməsi xəbərini aldıqda Kür çayını keçərək Şamaxıya doğru hərəkət etdi. 1578-ci il noyabrın 28-də Ağsu çayı sahilində, Mollahəsən adlı yerdə Adil Gireyin qoşunu ilə qızılbaş ordusu qarşılaşır. Döyüş qızılbaşların qalibiyyəti ilə sona çatır. Adil Girey əsir düşür. Bu zaman Həmzə Mirzə anası Məhdi Ülya ilə Qarabağda gözləyirdi. İsgəndər bəy Münşi Adil Gireyin taleyi barədə məlumat verib bildirir ki, tatar şahzadəsinin əsir düşməsi xəbərini Həmzə Mirzəyə çatdırırlar. Şahzadənin ətrafındakı tədbirli şəxslər, ona tövsiyə etdilər ki, tatarlarla dostluq yaratsınlar və onları Osmanlı qoşununa dəstək olmaqdan çəkindirsinlər. Bu təklif Həmzə Mirzənin xoşuna gəlir. Lakin bu zaman Həmzə Mirzə ilə anası Məhdi Ülya arasında gərginlik varıydı. Çünki əmirlər Şirvan əyalətinin Həmzə xana verilməsini təklif etmişdi. Məhdi Ülya əsir alınmış Adil Gireylə Qarabağdan Qəzvinə qayıtdı. Həmzə Mirzə Adil Girey xanı divanxanaya bitişik evlərdən birinə yerləşdirməyi əmr etdi. Lakin Adil Gireyin bir müddət şah sarayında yaşaması əmirlərin narazılığına səbəb olur. Onlar Həmzə Mirzənin yanına gedərək tatar şahzadəsini qalada həbs etməyi təklif edirlər. Həmzə Mirzə bu təkliflə razılaşmır və bildirir ki, şahzadəni qalaya həbs etmək bədnamlıqdır. Dövlətxanada qalması daha münasibdir. Lakin qızılbaş əmirləri şahzadənin fikrinə qoşulmur və Adil Gireyi dövlətxanadan aparmaq üçün öz adamlarını göndərirlər. Baş verən münaqişələrdə Adil Girey xan öldürülür. Ertəsi gün isə əmirlər Məhdi Ülyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə öldürməyə qərar verirlər. Bu hadisələr baş verən zaman şahzadənin 12 yaşı var idi.

1579-cu ilin yayında Krım xanı Məhəmməd Girey türk sultanının tələbi və hərbi qənimət ələ keçirmək məqsədi ilə Bağçasaraydan hərəkət edərək Şimalı Qafqazdan keçib Şirvanın hüdudularına yaxınlaşdı. Bu zaman yenə şahın əmri ilə şahzadə Həmzə Mirzə qoşunu il birlikdə Qəzvindən qərbə doğru hərəkət edərək oktyabrın 19-da Təbriz şəhərinə daxil olur. Məhəmməd Girey Ərəş yaxınlığında Kürü keçərək Gəncəni, Qarabağı, Muğanı tutur, Qızılağaca qədər yeriyərək, Şimali Azərbaycan vilayətlərini viranəyə döndərib qarət edir.

Həmzə Mirzənin hakimiyyəti dövründə baş verən daxili çəkişmələr Hələ II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Herat hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə təsdiq edərək öz oğlu Abbas Mirzənin (gələcək I Şah Abbasın) lələsi etmişdi. 1580-ci ildə Əliqulu xan Şamlı Mürşüdqulu хan Ustaclı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu хan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda günahlandırdılar. Şamlı əmirlərinə nifrət bəsləyən vəzir Mirzə Salman da türkmanların tərəfini saхladı. Bu zaman Əliqulu xan Şamlının anası Xanixan xanım Həmzə Mirzənin mənəvi anası sayılırdı. Xanixan xanım Həmzə Mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra əslində ona anasını əvəz etmişdi. Əliqulu xan Şamlının qardaşı Hüseyn bəy isə Həmzə Mirzənin vəziri idi. Türkman tayfasından olan Əmir xan və Məhəmməd xan Şamlı tayfasından olan əyanların üzərinə hücuma keçdilər. Şaha, şahzadəyə xəyanət edənlər və düşmənlər kimi, onların saraydan qovulmalarını tələb etdilər. Onların hücumlarına məruz qalmış Pirə Məhəmməd xan Ustaclı və Hüseynqulu Sultan Şamlı cavablarında bildirdilər ki, Xorasandakı ədavətin yaranmasının bütün günahı Məşhəd hakimi Murtuzaqulu xan Türkmanın üzərinə düşür. Çünki o özünün müstəqillik barədə fitnə-fəsad və iddiaları ilə Xorasan əmirlərinin birliyini özbək xanlarının hücumu qarşısında heçə endirir. Onlar öz tayfalarının şaha və şahzadə Həmzəyə sədaqətini ifadə etdilər və Osmanlı istilası, Xorasana özbək basqını təhlükəsi ilə ağır mübarizə şəraitində qızılbaş tayfalarını birləşdirməyə çağırdılar.

Əmir xanın və onun güruhunun hücumunun nəticəsində Hüseynqulu Sultan vəzir, Hüseyn bəy, habelə Hüseyn xan Şamlı, Xanixan xanım öldürüldü. Əliqulu xanın qohumlarının qılıncdan keçirilməsi Xorasanda qızılbaş tayfalarının qiyamının nəinki qarşısını almadı, əksinə, Əliqulu xanla və şamlı əmirləri ilə müəyyən danışıqlar aparmaq imkanını da yox etdi.

Xorasanda baş verən hadisələr zamanı şah ordusu Xorasana daxil olan zaman Xorasandakı Əfşar tiyuldarı Sevindik bəy Avşarın oğlu Hüseyn bəy Əfşar Əliqulu bəy Şamlıya qarşı öz ədavətini gizlətmir. Hüseyn bəy Səbzivar hakimi təyin olunmuşdu. Şah Xorasandan Əliqulu bəy ilə sülh yaradıb geri döndükdə Hüseyn bəy öz narazılığını göstərmək üçün qalanın qapılarını şaha və ordusuna bağlayır. Hətta qaladan ordu üzərinə tüfənglə atəş açmağa cəsarət edir. Bu hadisədən sonra Həmzə Mirzə qızılbaş əmirlərinə müraciət edərək dedi ki, şah ordusuna qarşı bu hörmətsizliyə lazımi cavab verilməsə, Səfəvilər nəslinin şərəfi məhv olacaq. Orduda olan Qorçubaşı Qulu bəyin öz tayfasından olan Hüseyn bəyin bu hərəkətindən xəcalət çəkir və Həmzə Mirzə qarşısında kobudluğun cəzalandırılması qərarını baş əyərək qəbul etdiyini bildirir. Bu zaman orduda Qulu bəydən başqa Kirman hakimi Əfşar Vəli Xan da var idi. Bu qərardan sonra Həmzə Mirzə təkəlilərə Sebzivar qalasını almağı tapşırdı. Əfşarlar axşama qədər Səbzivar qalasını müdafiə etdilər, lakin qaranlıq çökən kimi divarların bürclərinə dırmaşmağa başlayan təkəlilər qalanı ələ keçirdilər. Hüseyn bəy Əfşar giriş qapısı önündə baş verən qarşıdurma zamanı Həmzə Mirzənin əsgərlərindən birinin başına endirdiyi zərbədən yaralanır və əsir düşür. Utanaraq Həmzə Mirzənin hüzuruna gətirilən Hüseyn bəy Əfşar Səbzivar qalasının qapısına asaraq xalqa örnək olaraq öldürdülür. Həmzə Mirzə şəhəri ələ keçirdikdən sonra əsgərlərinə hər hansı qarət və qətlin qarşısını almağı əmr etsə də, qızılbaşlar gecə düşən kimi şəhəri qarət edir. Şahzadə bu səbəbdən şəhərə dəyən zərəri ödənməsini tapşırır.

1582-1583- cü illərdə şahın Xorasan qiyamçılarına qarşı yürüşü zamanı Mirzə Salman şah qoşunları tərəfindən əsir alınmış bir sıra adlı-sanlı ustaclı və şamlı əmirlərini, saray əmirlərinin və “dövlətin ali şəxslərinin” arasındakı qohumlarının və həmyerlilərinin etirazlarına baxmayaraq edam etdirmişdi. İskəndər bəy Münşi göstərir ki, Mirzə Salman həmişə Həmzə Mirzəni qızılbaş əmirlərinə, xüsusilə də Qulu bəy Əfşara, Şahrux xan Zülqədərə və Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı.1583-cü ildə Heratda Mirzə Salman Qulu bəy Əfşarın oğlu Yusifxanın, Məhəmməd xan Türkmanın oğlu Vəlican xanın, Şahrux xanın qardaşı oğlu Xəlil Sultanın və başqalarının olduğu qızılbaş gənclər dəstəsi tərəfindən təqib olunduğun başa düşüb sığınacaq tapmaq ümidi ilə Həmzə Mirzənin yanına gəlir. Qızılbaş əmirləri Həmzə Mirzənin iqamətgahı olan Sultan Hüseyn Mirzə mədrəsəsinə gələrək ondan vəziri tələb edirlər. Əmirlər şahzadəyə bildirir ki, Mirzə Salman Xorasan əmirləri arasındakı itaətsizliyin və qiyamın günahkarıdır. Nəticə də, şah və Həmzə Mirzə vəziri əmirlərə təhvil verməli olurlar. Çünki əmirlər şahı əks təqdirdə Abbas Mirzə ilə birləşəcəkləri ilə hədələyirdilər. Bir neçə gündən sonra isə Mirzə Salmanı qətlə yetirdilər.

Əmir xan Türkmanin həbsi Hicri 991 (1583)-ci ilin yayında şərq yürüşünün yeni hərbi rəhbəri Fərhad paşa 70-80 min nəfərlik qoşunla Ərzurumdan çıxdı və Qarsı keçərək Çuxursəd vilayətinə daxil oldu. Qazi Əhmədin məlumatına görə, Fərhad paşanın yürüşü ona görə mümkün olmuşdu ki, şahın əsas qüvvələrlə uzun müddət Xorasanda olması, “iki padşah təyin etmiş qızılbaşlar arasındakı”212 didişmələr haqqında Rumda xəbər tutmuşdular. Bu zaman Çuxursəd bəylərbəyi osmanlılara qarşı təkbaşına mübarizənin mümkünsüz olduğunu görüb İmamqulu xan Qacara və Əmir xan Türkmana kömək üçün müraciət etdi. Lakin əmirlər şah Xorasanda olduğu üçün türk ordusuna qarşı durmağı öz qüvvələri baxımından imkan xaricində saydıqları üçün bu çağırışa cavab vermədilər. Bu hadisə Çuxursəd vilayətinin itirilməsinə gətirib çıxardı. Təbriz vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin yanında Əmir xanın nüfuzunu xeyli artırdı.