Rahib Gülmalı oğlu Məmmədov () — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı.
Həyatı Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O 1984-cü ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olur. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xelvaçauri qəsəbəsində yerləşən Hərbi hissədə keçir.
İgidliyi Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir"Sovet Ordusu və Hərbi Dəniz Donanması hərbi qulluqçularının bir qrupunun SSRİ orden və medalları ilə təltif edilməsi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı.
R. Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R. Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.
Xatirəsi Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var.
Rahibin oxuduğu orta məktəbdə adına muzey yaradılmışdır. Muzeyə Sahib Məmmədov rəhbərlik edir.
Gürcüstanın Çaladidi kəndində abidəsi qoyulmuşdur. 2012-ci ildə abidə təmir edilmişdir. Abidə üzərində ingilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir: "1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə". 1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Qardabani rayonunda beynəlxalq boks turniri keçirilmişdir"Qəhrəmanların xatirəsinə"//Azərbaycan. −1997.-6 fevral..
Filmoqrafiya Sabaha hava haqqında məlumat (film, 1987) Əbədiyyət yolu (film, 1987)
İstinadlar
Xarici keçidlər "Qırmızı Ulduz" ordenli 20 yaşlı QƏHRƏMAN ƏSGƏR — RAHİB MƏMMƏDOV (1967–1987) zirve.info "Əbədiyyət yolu" sənədli filmi yenilənmiş versiyada nümayiş olunub
28 gürcünü ölümün cəngindən alan azərbaycanlı qəhrəman