Hammurapi qanunları, həmçinin Hammurapi kodu, Hammurapi kodeksi, Hammurapi məcəlləsi və ya Hammurapi qanunlar məcəlləsi — e.ə. təxminən 1755–1750-ci illərdə Babilin birinci sülaləsinin altıncı hökmdarı Hammurapinin (hakimiyyəti: e.ə. 1792–1750-ci illər) dövründə tərtib olunmuş və Babil üçün nəzərdə tutulmuş hüquqi mətn. Qədim Mesopotamiyanın məlum qanun toplusları arasında ən mükəmməl, ən yaxşı qorunmuş və ən geniş mənbə kimi qəbul edilən bu məcəllə Akkad dilinin qədim Babil dialektində yazılmışdır. Onun Hammurapi tərəfindən şəxsən formalaşdırıldığı güman olunur.

Məcəllənin əsas nüsxəsi 2,25 metr hündürlüyündə bazalt stela üzərində həkk edilmişdir. Bu abidə 1901–1902-ci illərdə indiki İran ərazisində, Suza şəhərində Fransa arxeoloqu Jak de Morqan tərəfindən kəşf edilmişdir. Stela yaradılmasından təxminən altı əsr sonra qənimət kimi Suzaya aparılmışdır. Təxminən 4130 sətirdən ibarət mətnin böyük hissəsi mixi yazı ilə abidə üzərinə həkk olunmuşdur. Hazırda stela Parisdə yerləşən Luvr muzeyində (227-ci zal) saxlanılır, onun replikaları isə bir sıra qurumlarda, o cümlədən BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında, Berlində yerləşən Perqamon Muzeyində və Çikaqo Universitetinin Qədim Mədəniyyətlər Tədqiqat İnstitutunda nümayiş etdirilir.

Stelanın yuxarı hissəsində Hammurapinin günəş və ədalət tanrısı Şamaşın qarşısında dayandığı relyef təsvir olunmuşdur. Onun altında yerləşən mətnin təxminən beşdə biri poetik üslubda yazılmış proloq və epiloqdan ibarətdir. Burada Hammurapinin hakimiyyətinin ilahi qaynaq aldığı vurğulanır və padşahın əsas vəzifəsinin "güclülərin zəifləri əzməsinin qarşısını almaq" olduğu bəyan edilir. Qalan hissə kazuistik üslubda — "əgər […] onda" şərti cümlələr formuluna əsaslanan qanunlardan ibarətdir. Bu müddəalar cinayət, ailə, mülkiyyət və ticarət hüququ, məhkəmə quruluşu, sosial təbəqələşmə və təsərrüfat münasibətləri daxil olmaqla geniş sahələri əhatə edir.

Məcəllənin mahiyyəti barədə alimlər arasında fikir ayrılığı mövcuddur. Bəziləri onu hüquqi praktika üçün işlənmiş qanunlar toplusu kimi qəbul edirlər, lakin bir çox assuriyaşünas bu abidəni siyasi xarakterli, padşahın ədalətpərvər obrazını əbədiləşdirən monumental mətn hesab edirlər. Bununla yanaşı, məcəllə e.ə. XVIII əsr Babil cəmiyyəti haqqında mühüm məlumat mənbəyi kimi dəyərləndirilir və onun müddəaları dövrün digər mixi yazı materialları ilə tutuşdurularaq öyrənilir.

Məcəllə min ildən artıq müddətdə Mesopotamiya yazıçıları tərəfindən surət edilərək öyrənilmiş, bu isə onun uzunmüddətli təsirini nümayiş etdirir. Müasir tədqiqatlarda məcəllənin ədalət prinsipinə diqqəti, sosial münasibətlərin mürəkkəbliyini əks etdirməsi və hüquq tarixindəki əhəmiyyəti xüsusi vurğulanır. Alimlər onun Musa qanunları ilə, xüsusilə də "gözə göz" () prinsipinin oxşarlığı ilə əlaqəsi barədə də geniş müzakirələr aparmışlar.

Assuriyaşünaslıq çərçivəsindən kənarda da Hammurapi hüquq tarixində səminal fiqur hesab edilir, məcəllə isə mühüm hüquqi abidə kimi tanınır. Onun əhəmiyyəti müxtəlif mədəni və siyasi kontekstlərdə xatırlanır. Məsələn, ABŞ Konqresinin Kapitol binasında Hammurapinin relyef portreti digər məşhur qanunvericilərlə yanaşı yerləşdirilmişdir.

Zəmin

Hammurapi thumb|Hammurapinin hakimiyyətindən əvvəl (qırmızı) və sonra (narıncı) Babil əraziləri.

Hammurapi qanunlar məcəlləsi qədim Babil və ya paleobabil dövründə, Babilin amoreymənşəli birinci sülaləsinin altıncı padşahı Hammurapinin hakimiyyət dövrünün sonlarına yaxın tərtib edilmişdir. Mənbələrə görə, məcəlləni sifariş edən Hammurapi olmuş və onun böyük hissəsinin məhz padşahın özü tərəfindən formalaşdırıldığı güman edilir. Orta xronologiyaya əsasən, Hammurapi e.ə. 1792–1750-ci illərdə, aşağı xronologiyaya görə isə e.ə. 1728–1686-cı illərdə hakimiyyətdə olmuşdur. Tarixi dəqiqləşdirmək çətindir, lakin bütün yanaşmalarda Hammurapinin Babil dövlətini regionun aparıcı gücünə çevirdiyi qəbul edilmişdir.

Taxtı atası Sin-muballitdən miras alan Hammurapinin hakimiyyəti dövründə Babil kiçik bir padşahlıq idi və Kiş ilə Sippar kimi mühüm şəhərləri əhatə edirdi, lakin bölgənin əsas hegemonu Larsa padşahı Rim-Sin idi. Hammurapi əvvəlcə hərbi əməliyyatlardan çəkinmiş, Rim-Sinin qocalmasını gözləmiş, sonra isə sürətli bir yürüşlə onun ərazilərini fəth etmişdir. O həmçinin, Eşnunna, Ekallatum, Mari və Larsa kimi qonşu gücləri özünə tabe etmiş, bəzən isə əvvəlki müttəfiqlərinə – Eşnunna, Elam və Mariyə qarşı çıxaraq onların torpaqlarını ələ keçirmişdir. Bu yolla o, hərbi güc, diplomatiya və siyasi xəyanəti birləşdirmiş, Mesopotamiyanın böyük hissəsini öz hakimiyyətinə qatmışdır. Alimlər Hammurapini məhz bu səbəbdən qədim Yaxın Şərqdə Babil dövlətini aparıcı siyasi qüvvə kimi formalaşdıran qurucu hökmdar hesab edirlər.

Hammurapinin xarici siyasəti aqressiv olmuşdur, lakin yazdığı məktublar onun daxili idarəçiliyində qanuna, ədalətə və təbəələrinin rifahına önəm verdiyini göstərir. O, özünü xalqın "çobanı" kimi təqdim etmiş, bu ideya isə qanunlar məcəlləsinin proloqunda mərkəzi yer tutmuşdur. Burada Akkad dilində "" () termini proloqda və epiloqda dəfələrlə işlədilmişdir. Hammurapi həmçinin, hakimiyyətini möhkəmləndirmək məqsədilə geniş tikinti layihələri həyata keçirmişdir.

Hüquqi ənənələr Babil hüquq sistemi qədim Mesopotamiya ənənəsinin davamı idi. Padşah ali hakim kimi çıxış edirdi, lakin qubernatorlar, yerli idarə orqanları (ağsaqqallar və rayon şuraları) və peşəkar hakimlər ("") da məhkəmə səlahiyyətinə malik idilər. Ədalət çox vaxt sübutların toplanmasına əsaslanan istintaq prosedurları vasitəsilə həyata keçirilirdi. Burada şahid ifadələri və yazılı müqavilələr mühüm rol oynayırdı. Bu mexanizm qədim dövrdən çoxsaylı hüquqi sənədlərin indiki dövrə qədər gəlib çatmasını izah edir.

Hammurapinin qanunlar məcəlləsi qədim Mesopotamiyada tərtib edilmiş ilk toplusu deyil, lakin müasir dövrdə aşkar edilən ilk nümunədir. Bu ənənə ən azı Üçüncü Ur sülaləsi və Ur-Nammunun (hakimiyyəti: e.ə. 2112–2094-cü illər) dövrünə qədər uzanır. Ur-Nammu qanunları günümüzə qədər gəlib çatmış ən qədim hüquqi toplulardan hesab edilir. Daha sonrakı dövrlərdə İsin hökmdarı Lipit-İştar qanunları, Bilalama və ya Daduşa tərəfindən tərtib edilmiş Eşnunna qanunları, eləcə də bəzi mənbələrdə "X qanunları" adlandırılan və Ur-Nammu qanunlar toplusunun yekun hissəsini təşkil edən qanunlar meydana gəlmişdir.

Alimlər belə hesab edirlər ki, bu cür qanun toplusu daha çox olmuşdur, çünki müxtəlif hökmdarların yazılı mənbələrində bu ənənəyə dair açıq istinadlar var. Toplular arasındakı oxşarlıqlar qədim Mesopotamiyada ardıcıl bir hüquqi sistemin mövcud olduğunu göstərir, lakin bu sistemin dəqiq şəkildə bərpa edilməsinin mümkünlüyü tədqiqatçılar arasında müzakirə mövzusudur.

Rəsmi məcəllələrdən əlavə, paleobabil dövrünədək və həmin dövrdə minlərlə hüquqi sənəd – müqavilələr, məhkəmə qərarları, hüquqi mübahisələrlə bağlı məktublar və islahat aktları indiki dövrə qədər gəlib çatmışdır. Əlamətdar nümunələrdən biri e.ə. III minilliyin ortalarında Laqaş hökmdarı Urukaginanın islahatlarıdır. Bu tədbirlər korrupsiyaya qarşı mübarizəyə yönəlmişdi. Ümumilikdə, Mesopotamiyanın hüquqi korpusu I Yustinianın "Digesta"sından əvvəlki dövr üçün ən geniş və zəngin hüquqi irs hesab olunur, hətta qədim Yunanıstan və Roma hüquq sistemlərini belə üstələyir.

Urukagina islahatları thumb|left|upright|Urukagina islahatlarını təsvir edən konus.

Qədim Mesopotamiya sivilizasiyasında qanunverici xarakterli ən erkən mətnlər Erkən sülalə dövrünə aid edilir. Bu mənbələrdən biri də Urukaginanın "İslahatlar" adlanan sənədləridir. Urukaginanın islahatlarının təsviri üç gil konik üzərində qorunmuş və şumer dilinin arxaik dialektində yazılmışdır. Bu sənəd hökmdarın qəbul etdiyi qanunları bəyan edir. Dövrün dini inanclarına uyğun olaraq, Urukagina öz qanunvericilik fəaliyyətini Laqaşın ali tanrısı Ningirsu ilə bağladığı müqavilə kimi təqdim edir və özünü həmin müqəddəs iradənin icraçısı kimi göstərirdi. İslahatların proloqunda Urukaginanın əmri ilə məbədlərin və şəhər divarlarının tikilməsi, eləcə də su kanallarının çəkilməsi təsvir olunur. Ardınca onun sələfi Luqalandanın icmalara və kahinlərə zərər vuran sui-istifadə halları sadalanır.

Mətnin əsas hissəsi konkret islahat tədbirlərini əks etdirir. Bu tədbirlər mövcud sui-istifadə hallarını və nizamsızlıqların aradan qaldırılmasına yönəlmişdi. Bir sıra vergi və rüsumlar ləğv edilmiş və ya azaldılmışdır. Kahinlərdən yığılan icarə haqları, məbəd personalının mühüm üzvlərindən sarayın xeyrinə toplanan cərimələr, saraya edilən əlavə ödənişlər bunlara daxildir. Nikah və boşanma üçün nəzərdə tutulan yüksək rüsumlar da xüsusi fərmanla azaldılmışdır. Bunun nəticəsində, ər məhkəmə qərarı ilə boşanma ala bilmir, yalnız qadının evi tərk edərək başqa kişi ilə yaşaması qəbul edilirdi. Urukagina bu dəyişiklikləri qadının eyni vaxtda bir neçə kişi ilə evlənməsini qadağan edən müddəa ilə əlaqələndirmiş və beləliklə, poliandriyanı aradan qaldırmışdır.

Eyni zamanda, məmurların sürülərdən, balıqçılıqdan və balıqçı gəmilərindən gəlirləri özbaşına yığmaq hüququ ləğv edilmişdir. Xidməti torpaq sahiblərinə daşınar əmlaklarını və evlərini qorumaq imkanı verilmiş, yəni idarə nümayəndələrinin onları zorla mənimsəməsi və ya satmağa məcbur etməsi qadağan edilmişdir. Həmçinin, xidməti torpaqlarda yerləşən quyulardan və suvarma arxlarından istifadə hüququ rəsmən tanınmışdır, məbəd işçilərinin isə həmin sulara şəxsi və ya məbəd ehtiyacları üçün müdaxilə etməsi qadağan olunmuşdur. Əvvəllər hökmdar tərəfindən mənimsənilmiş iri məbəd mülkləri kahinlərə qaytarılmışdır. İslahatların siyahısı borc əsarəti, vergi yığımında saxtakarlıq, oğurluq, qətl və soyğunçuluqdan təbəələri qorumağa yönəlmiş müddəalarla tamamlanmışdır. Mətnin sonunda su kanalının tikintisi bir daha vurğulanmışdır.

Urukaginanın yazısı ənənəvi olaraq "İslahatlar" adlandırılır, lakin mətn yeni qanunların tətbiqini yox, daha çox əvvəlki nizama qayıdışı təsvir edir. Laqaş hökmdarı dövlətin formalaşma mərhələsində yaranmış sosial və iqtisadi pozuntuları qanunvericilik vasitəsilə aradan qaldırmağa çalışırdı. Urukagina öz tədbirlərinin əsas məqsədini cəmiyyətin zəif təbəqələrinin müdafiəsi kimi izah etmişdir. Mətnə görə, o, "güclülər yetimə və dul qadına heç nə etməsin deyə bu müqaviləni Ningirsu ilə bağlamışdır". Təbəələrin müdafiə edilməsi rəsmi hökmdar ideologiyasının mühüm elementi idi və bu formul sonrakı qanunvericilərin, o cümlədən Hammurapinin qanunlarında da təkrar olunmuşdur. Urukaginanın tədbirləri bir tərəfdən nüfuzlu kahin sinfinin dəstəyini təmin etməyə, digər tərəfdən isə ordunun əsasını təşkil edən torpaq sahiblərinin maraqlarını qorumağa yönəlmişdi, lakin bu siyasət gözlənilən nəticəni verməmişdi. Təxminən e.ə. 2312-ci ildə Umma və Uruk şəhərlərinin Luqalzagesi rəhbərliyi altında formalaşmış ittifaqı Laqaşı məğlub edərək dövlətin mövcudluğuna son qoymuşdur. Beləliklə, islahatlar tam şəkildə həyata keçirilməmiş qaldı.

Ur-Nammu qanunları thumb|250px|right|Ur-Nammu qanunlarını özündə əks etdirən kitabə.