Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; ) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah.

Həyatı Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Məhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi".

Təhsil Məhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır. 19 yaşında ikən Ayətullah Bürucerdinin “İstidlali fiqh və üsul” dərslərinin xaricinə gedir. Yaşının az, ağıl və zəkasının kifayət olması ilə ustad və tələbələrin diqqətini cəlb edir. Onun səmimi dostu və elmi müzakirələrdəki yoldaşı, əvvəldə qeyd etdiyimiz kimi, İmam Xomeyninin oğlu şəhid Ayətullah Mustafa Xomeyni olmuşdur.

Cənab Məhəmməd Fazil Lənkərani özünün təhsil illərini bu cür xatırlayır: "Orta məktəbi qurtardıqdan sonra İslami elmləri öyrənməyə son dərəcə rəğbətlə başladım... Ərəb ədəbiyyatının orta və ali səviyyəsinin bütün dövrlərini (kurslarını) yüksək səviyyədə oxudum. “Yüksək səviyyədə” deməkdə məqsədim budur ki, mən hər kitabı dərslərin gedişatında iki dəfə oxuyurdum. Əvvəlcə müəllim dərsi sinifdə tədris edirdi, dərsdən sonra isə həmin kitablarla bağlı dostlarımla yenidən mübahisə edirdim. Elə buna görə də, dərslərimdə irəli getdim və ilk dövrənin dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, 19 yaşım olanda Ayətullah Bürucerdinin xaric dərslərində iştirak edirdim. İlk təhsil günlərimdə elmi mübahisə etdiyim bir dostum var idi. Dərslərimi onunla bəhs edirdim. Qışın soyuq günlərində “mütəhhər hərəmin” eyvanında açıq havada mübahisə etməyə məcbur olurduq. Ayətullah Bürucerdi bir məclisə dəvət olunmuşdu. Mən də atamla birlikdə bu məclisdə idim. Ayətullah Bürucerdi “Mütəvvəl” kitabından bir şer oxudu və bu şer haqqında məndən soruşmağa başladı. Mən dərhal cavab verdim. Bundan sonra o mənə əlli tümən pul hədiyyə etdi. Bu məbləğ o günlərdə çox dəyərə malik idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni daha da ruhlandırdı və bundan sonra öz dərslərimə və əməllərimə daha diqqətlə nəzarət etməyə başladım."

Məhəmməd Fazil Lənkərani 11 il Ayətullahül-üzma Bürucerdinin üsul və fiqhin xaric dərslərində, həmçinin 9 il Ayətullahül-üzma İmam Xomeyninin dərslərində iştirak etmiş, bu iki elm mənbəyindən son dərəcə bəhrələnmişdir.

O, 5 ilə qədər Əllamə Təbatəbainin fəlsəfə və təfsir dərslərində iştirak edərək Səbzəvarinin “Mənzumə” və Molla Sədranın “Əsfar” kitablarını öyrənmişdir. Bunlardan əlavə o müxtəlif ustadların əxlaq və ideoloji bəhslərə aid dərslərində də iştirak etmişdir. Lakin onun əsas ixtisası şiə fiqhi və üsul elmləridir.

19 yaşlı bu cavan oğlan mərhum Ayətullah Bürucerdinin ali fiqh dərslərində iştirak etməyə başlayır. Tələbələr təəccüblə bir-birinə baxır və onun bu sinfə təsadüfən gəldiyini düşünürlər. Lakin o, dərslərdə mütəmadi iştirak edir.

Fatimiyyə günləri (cəmadil-əvvəl ayının 13-dən cəmadis-sani ayının 3-ədək olan 20 gün) imiş. Onların evində əza məclisi qurulubmuş. Bir gün Ayətullah Bürucerdi onu göstərib atasından soruşur: “O da dərsdə iştirak edirmi?” Mərhum Fazil cavab verir: “Məhəmməd nəinki sizin dərsinizdə iştirak edir, hətta buyurduğunuz bütün mətləbləri ərəbcə yazır”. Ayətullah heyrətlənib, onun yazdıqlarını istəyir və yarım saat ərzində diqqətlə oxuyub deyir: “Güman etməzdim ki, o bu yaşında dərslərin bütün incəliklərindən xəbərdar olsun və onları gözəl ibarələrlə, özü də ərəbcə yazsın”.

Həmin yazıların 1957-ci ildə “Nəhayətüt-təqrir” adlı 1-ci cildi, bir neçə ildən sonra isə 2-ci cildi çapdan çıxdı. Bu kitabdan söhbət düşəndə mərhum Ayətullah Bürucerdi deyərmiş: “Cavan tələbə – cavan müctəhid! Mən dünyadan köçəcəyəm, məndən qalan isə bu kitab olacaq”.

Bir müddət sonra Ayətullah İmam Xomeyni üsul elminin ali dərslərinin tədrisinə başlayır və Məhəmməd Fazil Lənkərani 7 il bu dərslərdə də iştirak edir, uyğun elmin bütün sirlərinə yiyələnir. Özü bu barədə deyir: “Ayətullah Bürucerdi ömrünün son 7-8 ilində gündə yalnız bircə saat tədrislə kifayətlənirdi. Təbii ki, tələbə üçün bu çox azdır. Ona görə də mən əlavə dərs yeri axtarırdım. Bir dəfə eşitdim ki, İmam Xomeyni üsul dərslərinə başlayıb. Mən onun necə tədris etdiyini bilmirdim. Amma, çox keçmədi anladım ki, axtardığımı tapmışam.

İmam Xomeyni fəlsəfə, irfan və digər elmlərdə də ustad olduğundan mətləbləri elə bəyan edirdi ki, hər şey gün kimi aydın olurdu”.

İmam Xomeyninin tədris etdiyi dərsləri tələbəlik həyatının ən şirin xatirələri və özünün ən böyük iftixarı adlandıran alim daha sonra deyir: “İmam Xomeyninin dərslərində iştirak etdiyim vaxtlar bir tələbə kimi mənim ən şirinli günlərim sayılır. Onun dərsləri bəzən 90 dəqiqəyə qədər uzanırdı, amma nə özü yorulurdu, nə də tələbələr. O dərslərin şirin xatirəsi hələ də yadımdadır. Mən onlardan ləzzət alırdım. O günlər Allahın mənə bəxş etdiyi ən şərəfli anlar idi”.

Tədris Məhəmməd Fazil Lənkərani hövzəyə daxil olduqdan bir neçə il sonra, 16 yaşında ikən təhsillə yanaşı tədrisə də başlamışdır. Uzun illər ərəb dili, məntiq, üsul, fiqh və s. dərsləri tədris etdikdən və yüzlərlə şagird yetişdirdikdən sonra Məkasib, Rəsail və Kifayə kitablarını tədris etməyə başlayır. Onun Kifayə dərslərində 600-700 tələbə iştirak edirdi. Bu dərslər hövzə tələbələri tərəfindən böyük rəğbətlə qarşılanır və hövzənin ən məşhur ustadlarından hesab olunurdu. Həyatının uyğun dövrünü xatırlayan Ayətullah deyir: “Şərhi-lümə” kitabının İrs bölməsini tədris etdiyim vaxt dərsdə təxminən 100 nəfər iştirak edirdi. Bir gün diqqət yetirib gördüm ki, onların hamısı yaşca məndən böyükdür.”

60-cı illərin sonlarında Məhəmməd Fazil Lənkərani, Kifayə dərsində iştirak edən tələbələrinin xahişi ilə ali (xaric) üsul dərsinin tədrisinə başlayır və beləliklə böyük alim və müctəhidlər arasında seçilir.

Nitqinin şirinliyi, şiə dünyasının məşhur fiqh və üsul alimlərinin elmi əsasları barədə dərin məlumatı, əhli-sünnə alimlərinin nəzərləri ilə tanışlığı, güclü tədqiqat və araşdırmaları, habelə, şagirdlərini elmi bəhslərdə yaxından iştirak etməyə çağırıb möhkəm dəlillər və tutarlı cavablarla onların iradlarını aradan qaldırması, elmi hövzənin bu yorulmaz ustadının məziyyətlərindən sayılır. Elə buna görə də səthi dərsləri başa vuran tələbələr onun dərslərinə can atırdılar. Bir müddətdən sonra tələbələrinin xahişi ilə o, ali (xaric) fiqh dərslərinin də tədrisinə başlayır. Bu dərslər də hövzənin ən rövnəqli dərslərinə çevrilir. Bu cür tədrisdən bəhrələnmiş tələbələr indi elmi hövzənin adlı-sanlı ustadlarından və İslam dünyasının sayılıb-seçilən elmi, ictimai və siyasi simalarından hesab olunurlar.

Ayətullahül-üzma Məhəmməd Fazil Lənkərani Qum Elmiyyə Hövzəsində bir müddət səth dərslərini tədris etmişdir. 30 ildən çox üsul və fiqh fənlərini tədris etmişdir.

Arzularından biri Qurana təfsir yazmaq olan Ayətullah Lənkərani, fiqhi bəhslərə görə buna vaxt tapmasa da, cümə axşamı və cümə günləri hövzədə istirahət günləri olmasından istifadə edib Quran təfsiri mövzusunda çıxışlar etmiş və bu çıxışlar “Mədxəlüt-təfsir” adlı kitab şəklində çapdan çıxmışdır.

Elmi hövzədə xidməti İmam Xomeyni İslam inqilabının qələbəsindən sonra Qum elmi hövzəsinin idarəsini Ayətullah Məhəmməd Fazil Lənkəraniyə tapşırmışdı. O, hövzənin Müdərrislər Şurasına başçılıq edirdi. On il elmi hövzənin İdarə Heyətinin sədri və Feyziyyə mədrəsəsinin müdiri vəzifəsində çalışmış alim digər məsul şəxslərlə birgə tələbələrin həm elmi, mənəvi və həm də məişət məsələləri ilə ciddi maraqlanırdı.

Tələbələrin elmə yiyələnmələrini sürətləndirmək məqsədilə onları elmi dərəcələr üzrə qruplaşdırmaq, “Məhdiyyə” tələbə şəhərciyinin təsis edilməsi, Feyziyyə mədrəsəsinin böyük iclas zalının tikilməsi və bir çox başqa işlər onun təkliflərindəndir.

Onun tədris sistemində səmərələşdirici təkliflərindən biri də hövzənin ayrı-ayrı ixtisaslara bölünməsidir. Hövzəyə müdiriyyəti dövründə bununla bağlı çox zəhmət çəkmiş, mərceyi-təqlid olduğu zaman isə “Məsum imamlar“ fiqh mərkəzini yaratmışdı.

Əhli-beyt məhəbbəti onun Qum şəhərinin mühüm yerlərində camaat namazına imamlıq etməyə sövq edir. Ayətullah Mərəşi Nəcəfinin vəfatından sonra tələbələr və Qum camaatının təkidi ilə Həzrəti Məsumə ələyhassəlamın hərəmində camaat namazına imaməti öhdəsinə götürdü ki, minlərlə alim, tələbə və ziyarətə gələnlər onun arxasında namaz qılıblar.

İmam Xomeyninin vəfatından sonra hövzənin böyük ustadları Ayətullah Məhəmməd Fazil Lənkəraniyə müraciət etdilər ki, mərceyi-təqlid olsun. Lakin alim qətiyyətlə bildirdi ki, Ayətullah Gülpayqani və Ayətullah Əraki olan yerdə başqalarını, yəni onu önə çəkmək düzgün deyil. Onların hər ikisinin vəfatından sonra, (1994-cü ilin dekabr ayında) Ruhanilər cəmiyyəti və onun ardınca Qum elmi hövzəsinin Müdərrislər Şurası yeddi müctəhidi mərceyi-təqlid kimi elan etdi. Ayətullah Məhəmməd Fazil Lənkəraninin adı bu yeddi nəfərlik siyahının başında dururdu.

Əhli-beyt məhəbbəti Ayətullah Məhəmməd Fazil Lənkərani peyğəmbərə və Əhli-beytə qurulan əza və bayram məclislərindən əlavə, hər həftə cümə günləri səhər çağı öz dəftərxanasında qurulan rövzə məclislərində də iştirak edir. Həmçinin, Fatimeyi-Zəhranın şəhadəti münasibətilə hər ilin 20 günlük Fatimiyyə əyyamında evlərində əza məclisləri təşkil olunur. Mərhum atasının başladığı bu iş 60 ildən artıqdır ki, davam edir.

Ayətullah əzadarlıq və bayram məclislərinin xurafatdan qorunmasına xüsusi diqqət göstərib, özünün bəyanatlarında və şəri suallara verdiyi cavablarda zəif rəvayətlərdən istifadə etməməyə və dinimizə yad olan ahəng və üslublardan çəkinməyə çağırmışdır.

Həyat tərzi Ayətullah Fazil Lənkərani digər hövzə tələbələri kimi sadə yaşayış tərzi keçirmişdir. O, ailə həyatı qurduqdan xeyli sonra da, hətta, övladlarının sayı beşə çatdıqda belə ikiotaqlı ata evində yaşayırdı. Yalnız bundan sonra qayınatasının hədiyyə etdiyi yeni mənzilə köçmüşdü. Yarıməsrlik tikili olmasına baxmayaraq, ömrünün sonunadək orada yaşamışdır.

O heç zaman şəxsi rifahı üçün çalışmamışdır. Hətta ailədə kimsə zəruri olmayan məişət əşyası almaq istədikdə, onun etirazı ilə üzləşməli olur. Oğlu Şeyx Məhəmməd Cavad Lənkərani deyir: “Bir gün anam təzə pərdə alıb, asmışdı. Atam onu görən kimi dedi: “Bu saat onu burdan aç!” Lakin, sonra anam məndən xahiş etdi ki, atamı razı salım, axı evdə pərdə lazımdır...”

Şeyx Məhəmməd Cavad əlavə edərək deyir: “Atamın mərceyi-təqlid olduğu bu on iki ildən artıq dövrdə bir neçə günlük Məşhəd ziyarətini çıxmaq şərti ilə o, bütün yay tətillərini, havası olduqca isti və ağır olan Qum şəhərində keçirirdi. Halbuki, ətraf kəndlərdə ab-havası yaxşı olan yerlər çox idi. Lakin o, tələbələrin zirzəmilərdə, dar və qaranlıq otaqlarda yaşadığını görəndə, öz rahatlığı barədə düşünə bilmirdi. Buna görə də geyindiyi paltarlar da çox sadə idi. Son 20 ildə əksər vaxtını hətta yay tətillərini də hövzə işlərinə sərf edirdi. Bir dəfə yayda xəstəliyinə görə Tehranda qalmalı oldu. Amma hövzə işlərilə bağlı 52 dəfə Quma gəldi və bəzən gecənin yarısına qədər uzanan iclaslarda iştirak etdi”.

Şahidlərin söylədiyinə görə, Ayətullah Fazil Lənkərani elmi dərəcəsi, alim nüfuzuna baxmayaraq, atasının qulluğunda həmişə bir xidmətçi kimi dururdu.