Ceyhun Əziz oğlu Bayramov () — Azərbaycan diplomatı və dövlət xadimi, Azərbaycan Respublikasının xarici işlər naziri (2020-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2018–2020).
Həyatı Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000–2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002–2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub.
2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.
Evlidir, 2 övladı var.
Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.
2025-ci ilin fevralında Ceyhun Bayramov Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının xarici işlər nazirləri Kateqoriya:Azərbaycanın elm və təhsil nazirlərinin müavinləri Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri